Şüşədən Şuşaya baxmaq zülmü

Cəmiyyət

08.10.2019 - 10:10

Bizə uzaq olan Şuşa və ona telefonun, televizorun, kompüterin ekranından yana-yana baxan bizlər

 

İndi oralarda payız gəlsə də, turist əlindən tərpənmək olmur. Erməni saytlarında vurhavur xaricilər üçün bizim cənnət yerlərimizdən hazırlanmış dronlu çəkilişlərə baxan “bir də gedim, yerində görüm” deyir. Bizdə də dronu qohumbazlıq, tanışlıqla ölkəyə gətirib, onun-bunun bahalı toyunu çəkib bir-birinə acıq verirlər.  Oralara buynuzunu göstərmək üçün əcaib turistlər getmir, ağlı başında olanlar, bir az da pulundan erməni lobbisinin ianə qutusuna pul atanlar gedir. Burda da Kərəmi ağlamaq tutur. Qoy ağlasın, ağlı başına gələnə qədər ağlasın, burnunun, ağzının suyu bir-birinə qarışana qədər ağlasın...

 

Birinci oğlum Qarabağ Xanlığı dərsini keçəndə pafosumdan uşaq birtəhər olmuşdu. Ardınca  Zəngəzur mahalının qəhrəmanı Sultan bəy Sultanovun (1871-1955) qəhrəmanlığından, erməni Andranikin qulağını kəsməsindən danışa-danışa  “bizim torpaq, bizim Vətən”, “amandır vermərik”, “ qaytaracağıq”, “mütləq oralara qayıdacağıq” deyirdim. Dediyim qədər də çox inanırdım. Üç il keçib, indi o biri oğlum həmin dərsi vərəqləyir, bu dəfə vədlərimin, ümidlərimin halı da yoxdur ki, canfəşanlıq etsin. Biz indi daha çox deputata mandatının, xalqımıza neftimizin qaytarılması məsələsini müzakirə edirik. O qədər safıq ki, açıb erməni saytlarını da oxumaqdan çəkinirik. Güya düşmən mediasını izləmək kişilikdən deyilmiş... Bu arada Türkiyə türkcəsində “kişilik” şəxsiyyət, xarakter mənasında işlənir.

***

Bezmişəm. Hər qohum arasına çıxanda soruşurlar, “sən bilərsən, jurnalist adamsan, görəsən, Qarabağı verərlər bundan sonra”. Əcəb sual sonluğu var: “Bundan sonra”. Hərənin bir “bundan sonra”sı var. Biri gözünü Rusiyaya dikib, biri Türkiyə “qardaş” deməkdən canı zara gəlib. Hamı bir möcüzə olacağını gözləyir. Amma bu möcüzəsiz möcüzələr “ikitərəfli danışıq olub” qəlibindən kənara çıxa bilmir. Fikir verirsiz, artıq özbaşına siyasətçi olan sıravi vətəndaşlarımız da azalıb. Hamısı özünü pensiyaya göndərib, çünki hec birinin Qarabağla bağlı proqnozu düz çıxmayıb.

 

İstəməzdim. Belə deyingən cümlələrlə kiminsə vaxtını almağı, heç istəməzdim. Amma neyləyim, Şuşada erməninin özü dağıtdığı məscidimizi təmir etməsindən sonra havalandım. Erməni bu basabasda neçə illik restavrasiya işinə niyə bu qədər pul ayırsın ki?  Güya dünyada bunlar kimi dini tolerantlığı, tarixi abidə sevgisi aşıb-daşan “xalq” yoxdur. Bizim tarixi məscidimizi də iranlı ustalara təmir etdiriblər. Məscidə də adıbatmış bir xeyriyyəçinın adını veriblər. Sabah da deyəcəklər, məsciddə birgə namaz da qılıblar.

 

Bizə uzaq olan Şuşa və ona telefonun, televizorun, kompüterin ekranından yana-yana baxan biz. Əldən nə gəlir? Heç nə. Yenə də hər Şuşanın işğalı günündə köhnə albomları eşələyib, kənarında “Şuşa” yazılmış fotoları paylaşmaqdan başqa heç nə... vəssəlam...

 

Üç il əvvəl dedilər ki, məzarı itib batmış Sultan bəy Sultanovun Qarsda qəbir yeri tapılıb. Domino həvəskarı olan tarixçilərdən bir qrupu ağız büzdü, inanmadı. Tarixçi olduğunu unutmuşlar heç şərh vermək üçün dodaq da tərpətmədi. İndiyə qədər Zəngəzur və Qarabağın xilaskarı kimi tanınmış bu tarixi şəxsiyyətin harada öldüyü  heç kəsin marağında da olmayıb. Axı belələri bu xəbərə niyə sevinməlidir ki?

 

Sultan bəy qəhrəmanlıqlarını qardaşları, Xosrov bəy Sultanovla ( 1918-ci il Xalq Cumhuriyyətimizin 1-ci kabinetinin hərbi naziri, Qarabağın general-qubernatoru) birgə nümayiş etdirmişdi. Xosrov bəyin qəbri İstanbulda tapılsa da, Sultan bəy haqqında fərziyyələr davam edirdi. Nəhayətində, Xosrov bəyin nəvəsi Elbrus Paşayev və digər Sultanov qardaşlarından İsgəndər bəyin nəvəsi Laçın Paşayev Soltan bəyin məzarının tapılması xəbərini vermişdi. Heç bu xəbərin dalınca düşüb, onu böyüdüb kiçildən də olmadı. Həmin məqamlarda bizimkilər Avropada hansısa kilsənin restavrasiya xərclərini öz üzərimizə götürmək üçün sənəd işlərini həll edirdi. Biz belə geniş ürəyə sahibik, amma ürəyimiz Şuşa deyə-deyə qübar bağlayıb.

 

Hərdən düşünürəm, tutaq ki, Soltan Soltanovun məzarını tapdıq, dəqiqləşdirdik, üstünə də gül düzdük. Bəs sonra? Hansı üzümüzlə, hansı rahatlıqla bunu edəcəyik ki? Şuşa məscidində ruhuna “Fatihə” oxuya bilməyəndən sonra hələlik kişini rahat buraxaq. Keçək yenə şüşə arxasından Şuşamıza baxmağa. Ya da təzədən dəbə düşən, “Qarabağ bizimdir”, - deyibən qışqırmağa. Xasiyyətimiz kəsilsin!

Müəllif: Raminə Eyvazqızı