Torbyorn Yaqlanda qarşı hələlik heç bir konkret ittiham irəli sürülməyib
Norveç İqtisadi Cinayətkarlıq İdarəsi (Oekokrim) keçmiş Baş nazir Torbyorn Yaqland haqqında korrupsiya şübhəsi ilə istintaqa başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qərar Epşteyn işi ilə bağlı bu yaxınlarda dərc olunmuş materiallar təhlil etdikdən sonra verilib.
“Oekokrim”in açıqlamasına görə, məxfilikdən çıxarılmış sənədlərdə Yaqlandın beynəlxalq vəzifələri zamanı hədiyyələr, səyahət kompensasiyası və kreditlər aldığını göstərə biləcək məlumatlar var.
Bildirilib ki, sözügedən dövrdə Yaqland Nobel Komitəsinin sədri və Avropa Şurasının Baş katibi vəzifələrində çalışıb. Müstəntiqlərin fikrincə, bu, vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı istintaq tələb edir.
Polis Norveç Xarici İşlər Nazirliyinə (XİN) Yaqlandın beynəlxalq təşkilatın keçmiş rəhbəri kimi istifadə etdiyi diplomatik toxunulmazlığından məhrum edilməsi üçün sorğu təqdim edib. “Oekokrim”dən qeyd edilib ki, bu, tam araşdırma aparmaq üçün lazımdır.
Yaqlanda qarşı hələlik heç bir konkret ittiham irəli sürülməyib. Xarici medianın məlumatına görə, onun vəkili istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Yaqland Norveçin Baş naziri (1996–1997) və xarici işlər naziri (2000–2001) olub. 2009-cu ildən 2019-cu ilə qədər Avropa Şurasının Baş katibi vəzifəsində çalışıb. 2009-cu ildən 2015-ci ilə qədər Nobel Komitəsinə sədrlik edib.