“Biz qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək”
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı hərbi əməliyyat anklavda quru əməliyyatlarının genişləndirilməsini əhatə edən üçüncü mərhələyə daxil olub. Bu barədə AYNA TASS-a istinadən bildirir.
“Biz müharibənin ortasındayıq. Biz qarşımıza aydın məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik”, - deyə Baş nazir vurğulayıb.
Netanyahu qeyd edib ki, Qəzza zolağının bağlanmasını nəzərdə tutan birinci mərhələ başa çatıb: “İkinci mərhələdə hava hücumları davamlı oldu. Üçüncü mərhələdə anklav ərazisinə nüfuz genişlənir”.
Netanyahu əlavə edib ki, İsrail Müdafiə Qüvvələri sistematik olaraq addım-addım irəliləyir: “Hərbçilərimizin hərəkətlərinə HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi səyləri daxildir”.
Baş nazir qeyd edib ki, quru əməliyyatı əsirlərin buraxılması üçün imkanlar açır ki, bu imkanlar qaçırılmayacaq.
Siyasətçi bildirib ki, kampaniya vaxt aparacaq, gözlənilməz maneələr, çətinliklər və itkilər olacaq, lakin son nəticədə radikal Fələstin hərəkatı məğlub olacaq.
“İsrail əsgərləri Livandan atışmaların davam etdiyi şimal sərhədlərində də yüksək hazırlıq vəziyyətindədir. “Hizbullah” hərəkatına münaqişəyə qarışmamaq barədə xəbərdarlıq edilib”, - deyə Baş nazir əlavə edib.
Bundan əvvəl İsrail ordusunun sözçüsü Daniel Haqari Qəzza zolağına əlavə qüvvələrin daxil olduğunu açıqlayıb. Onun sözlərinə görə, quru əməliyyatının miqyası artmaqda davam edir.