Ali Komissarlıq Moskvanı həbsdəki müxalifətçinin yeri və səhhəti barədə məlumat verməyə çağırıb
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiya Federasiyasını dekabrın 6-dan bəri barəsində heç nə məlum olmayan həbsdəki müxalifətçi Aleksey Navalnının yeri və səhhəti barədə məlumat verməyə çağırıb. AYNA “DW”-ə istinadən bildirir ki, bu barədə BMT-nin Rusiyadakı insan hüquqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Mariana Katsarova deyib.
“Mən çox narahatam ki, Rusiya hakimiyyəti Aleksey Navalnının harada olması və sağlamlıq vəziyyəti barədə bu qədər uzun müddət məlumat verəyib. Bu da faktiki olaraq onun yoxa çıxması deməkdir”, - deyə BMT nümayəndəsi vurğulayıb.
Katsarova Navalnının həbsxanada uzunmüddətli pis rəftara və 2021-ci il yanvarın 17-dən etibarən adekvat tibbi xidmətə çıxışının olmamasına, bunun da onun səhhətinin pisləşməsinə və həyatı üçün böyük risklərə səbəb olduğunu qeyd edib.
Qeyd edək ki, Navalnının silahdaşları, vəkilləri və qohumları dekabrın 6-dan onunla əlaqə saxlaya bilmirlər. Vladimir vilayətindəki 6 saylı islah koloniyasının əməkdaşları Navalnının artıq məhkumlar siyahısında olmadığını bildiriblər. Onun hazırda harada ola biləcəyi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur.
Müxalif siyasətçinin tərəfdarları sosial şəbəkələrdə “#WhereNavalny is” həştəqini işə salıblar.
“O, dərhal azad edilməlidir. Üstəlik, o, heç vaxt həbsxanaya getməməli idi”, - deyə Ağ Evin Milli Təhlükəsizlik və Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
Dekabrın 15-də Federal Penitensiar Xidmət Navalnının başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyünü elan edib və dekabrın 18-də məlum olub ki, Navalnının həbsxanada saxlanma şəraiti ilə bağlı iddialarına baxan məhkəmələr onun yeri müəyyən edilənə qədər bu prosesləri dayandırıblar.