NATO Rusiyanın “qırmızı xəttinin” üzərində: ya qorxulan olacaq, ya da...

Dünya

23.05.2023 - 18:10

Elxan Şahinoğlu: “NATO-nun güclənməsi Rusiya və Çini narahat edir, Qərb isə sona qədər israr edəcək”

Zərdüşt Əlizadə: “Rusiya onsuz da çökəcək, amma çökənə qədər Ukraynanın NATO-ya üzvlüyü qəliz məsələdir”

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron birgə bəyannaməyə qəbul ediblər. Sənəddə Paris Ukraynanın NATO-ya üzvlüyünə qəbul olunmasına öz imzasını atıb. “Fransa Buxarest Bəyannaməsinə uyğun olaraq Ukraynanın Avroatlantik ailəyə doğru irəliləməsinə kömək etmək üçün hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün Ukrayna-NATO platformasını tam dəstəkləyir”, - deyə sənəddə qeyd olunub.

Bəyannamədə ayrıca paraqraf kimi əksini tapır ki, Ukrayna və Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyir.

Siyasi müşahidəçilər hesab edirlər ki, Ukraynanın NATO-ya üzv olması Üçüncü Dünya müharibəsinin və dünya miqyasında nüvə qarşıdurmasının başlanğıcı olar. Onların qənaətinə görə, yaxın gələcəkdə Ukraynanın NATO-ya üzv olması inandırıcı deyil və bu kimi sənədlər sadəcə təzyiq məqsədi daşıyır.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı AYNA-ya şərhində xatırladıb ki, hələ sovetlər dövründən dünyada iki blok mövcud idi: “Bunlardan biri SSRİ-nin ətrafında yer alan ölkələrdi - bu sıraya Şərqi Avropa dövlətləri də aid idi, digəri isə Qərb dövlətləri idi. Türkiyə də onlarla bir arada yer alırdı. Sovetlər İttifaqı dağıldıqdan sonra Moskva qəti şəkildə ortaya mövqe qoydu ki, Şimali Atlantika Alyansının fəaliyyətinə ehtiyac yoxdur. Onlar bunu belə əsaslandırırdılar ki, Sovetlər Birliyi süquta uğrayıbsa, dünyada tərəflər “soyuq müharibə” olmadan anlaşa bilirsə, buna gərək yoxdur. Qərb blokunda təmsil olunanlar isə fərqli mövqe nümayiş etdirirdilər. Əslində Qərb və Rusiya arasında gərginliyin əsası da məhz həmin dövrdə qoyuldu”.

“Rusiyanın Ukrayna və Gürcüstana hücumları isə Qərbin əlinə fürsət verdi. Onlar açıq şəkildə bəyan etdilər ki, NATO fəaliyyətini davam etdirməlidir, çünki buna ehtiyac var. Ardınca Finlandiya və İsveç də Şimali Atlantika Blokuna üzvlüyə qərar verdi. Məqsəd NATO-nu Rusiyanın sərhədləri yaxınlığına daha çox daşımaq idi”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, ABŞ və müttəfiqlərinin növbəti hədəfi Ukraynanı NATO-ya, bununla da rəsmi olaraq Qərb blokuna qatmaqdır: “Rusiya Ukraynaya qarşı cəbhə açıb. Şiddətli müharibə gedir. Tərəflər arasında həlledici üstünlük yoxdur. Bu müharibə bitməyənə qədər Ukraynanın NATO-ya üzv olması inandırıcı deyil. Yəni, çətin və mürəkkəb məsələdir. Bu tip bəyannamələr gələcək prosesə fokuslanmaq və buna zəmin hazırlamaqdır”.

“Postmüharibə dövründə Qərb Ukrayna məsələsində qətiyyət göstərəcək. Bu, şübhəsizdir. Bu gün isə Şimali Atlantika Alyansına üzvlük müzakirələri Rusiyaya qarşı təzyiq elementidir. NATO fəaliyyətini genişləndirir. Avropa ilə məhdudlaşmaq istəmir. Bu da öz növbəsində Rusiya və Çini, həmçinin onların müttəfiqlərini narahat edir”, - deyə Şahinoğlu vurğulayıb.

Politoloq Zərdüşt Əlizadə də AYNA-ya şərhində söyləyib ki, NATO ilə Rusiya arasında münasibətlər onsuz da kritik həddədir: “Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra münasibətlər daha təhlükəli xarakter alıb. Qərb Rusiyanın mənfur siyasətini zərərsizləşdirmək, onu neytrallaşdırmaq, gücdən salmaq üçün çaba göstərir. Qabaqlar Rusiyaya daha çox göz yumurdularsa, bu dəfə daha israrlıdırlar. Kreml təklənib və aciz durumdadır. Bundan o tərəfəsi nüvə müharibəsinin başlanması deməkdir”.

“Bunun törədəcəyi fəsadları müəyyən etmək üçünsə alim-filan olmağa gərək yoxdur. Tərəflər dialoq masasına oturmurlar və görünən odur ki, belə bir niyyətləri də yoxdur. Ancaq daha dəhşətli ssenari baş verməyəcək. Çünki hər iki tərəf yaşamaq istəyir”, - deyə müsahibimiz qeyd edib.

Analitik hesab edir ki, Rusiya çökməyənə qədər Moldova, Ukrayna və Gürcüstanın NATO-ya tam hüquqlu üzv olmaq imkanları yoxdur: “Çünki hər üç ölkə münaqişə bölgəsidir. Söhbət etnik münaqişələrdən gedir. NATO-nun hələlik dəyişməyən nizamnaməsinə əsasən, beynəlxalq müdafiə təşkilatına üzv olan dövlətlərin ərazində həll edilməyən münaqişələr olmamalıdır”.

“NATO ölkələri Gürcüstan, Ukrayna və Moldova ilə həmrəylik nümayiş etdirəcək. Deyəcəklər ki, “möhkəm durun, biz sizin tərəfinizdəyik, sizi dəstəkləyirik, ordunuzu NATO standartları əsasında təkmilləşdirin, NATO seminar və təlimlərində iştirak edin və gələcəkdə hər şey yaxşı olacaq”. Necə ki, hazırda bunu edirlər”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev