Natiq Səfərovun qızı ölümlə çarpışır - Onu xilas edək!

Cəmiyyət

04.03.2024 - 13:31

Onun üçün çırpındığımıza tutunsun, sevgimizin istiliyinə sığınıb yensin bu imtahanı da...

Özündən əvvəl atasını tanımışam. Orta məktəb illərində xarici ədəbiyyatı çox oxuyardım. Həmişə də kitabın girişində redaktor və tərcüməçilərə baxrdım. Ən sevdiyim əsərlər onun atasının etdiyi tərcümələr olurdu. Onun Azərbaycan oxucusuna qazandırdığı mütaliə zövqü danılmazdı...

İllər sonra Azərbaycan Dövlət Radiosunun “Ədəbi Dram” redaksiyasında işə başladım və sevdiyim tərcüməçinin qızı ilə də məhz burda tanış oldum. 20 yaşlarında həyat dolu, arzularla dolu bir dəstə gənc qızlar idik və hamımız bir böyüdük desəm, daha doğru olar. O, “Xalq yaradıcılığı” redaksiyasında çalışırdı.

Uzun illər keçsə də, yenə bir yerdə, eyni məkanda həmkar kimi çalışırıq. Söhbət Günel Natiqdən gedir. Mənim sevimli, daim öz dünyasında gəzişən Günelimdən. Tərcümələrini sevə-sevə oxuduğum Natiq Səfərovun qızı Günel!

Əslində, çox adam onun Natiq müəllimin qızı olduğunu bilmir. Göstərişsiz, bir az da özünə qapalıdı Günel. Həm də həyat doludu. Dərdini, qüssəsini heç kimə bildirməz. Hərdən mənə elə gəlir ki, bir az da Tolstoysayağı yaşayır. Vurulan zərbələri səssizcə qarşılayır. İncidildiyi, küsdüyü yerdən sakitcə çəkib gedir...

Əslində darmadağınam...

Hisslərimi, düşüncələrimi necə ifadə edəcəyimi də bilmirəm Qəribə bir boşluqdayam, adını da tapa bilmirəm bu boşluğun. İfrat insansevərəm, bəzən bu hiss məni çox incidir. Sevdiyim insanların itkisinə, əzablarına sakitcə qəbullana bilmirəm. Əslində bu yazını Günel necə qarşılayacaq, onu da bilmirəm. Amma onun, ölümlə savaşına səssiz qala bilmirəm. Hər gün ağrıları, ümidsizliyi sonu görmək öldürür insanı. Sonu bilə-bilə yaşamaq elə ölümün özünü yaşamaqdır...

Hərdən yanına gedirəm, əhvallaşırıq...

Hər adamla da ağrılarını bölüşmür. Qürurludur, özünü aciz, təslim olmuşluğunu heç büruzə vermir. 17 ildir bu ağır xəstəliklə səssizcə vuruşur. Əslində xəstəliyə təslim olmayıb, ətrafındakıların sevgisizliyi, laqeydliyi, vurdum-duymazlığı mənən yorub onu. Xəstəlik və müalicə üçün götürülən bank kreditləri tükəndirib onu. Həmişə dik duran, özünəməxsus şirin, məxməri səsi şaqraq gülüşü ilə gizləyir bu ağrıları.

Amma nə qədər gizləsə də, növbəti müayinə, növbəti kimyaterapiyalar onun səssiz hayqırtısıdır...

Bu səssiz hayqırışı eşidək əzizlərim! 30 ildən bəridir Azərbaycan ədəbiyyatına, tarixinə, etnoqrafiyasına, maddi-mənəvi dəyərlərinə saysız-hesabsız verilişlər həsr edən, hər dəfə maraqlı müsahibə və yazıları ilə oxucusunun görüşünə gələn Günelimizi xilas edək ölümün cəngindən. “Ədəbi talelər”, “Kağız gəmilər” və s. kitabların müəllifi hələ neçə-neçə əsərləri ilə Azərbaycan ədəbiyyatına, jurnalist fəaliyyəti ilə mətbuatımıza töhfələr verə bilər.

İnsan onun üçün çırpınan adamları görəndə həyata tutunur. Onun həyata tutunmasına dəstək olaq. Günel güclüdür, yenəcək bu mərhələni də. Buna inanıram. Onun yenə bilməyəcəyi ətrafındakıların laqeydliyidir...

“Seva, xəstəliyimin ağırlaşdığı son 5-6 ili necə yaşadım bilmirəm. Bilmədim müalicə üçün götürdüyüm bank kreditinin fikrini çəkim, ya xəstəliyimin. Maddi qayğılar, problemlər və xəstəlik arasında çırpınmalar yordu, bezdirdi məni...”

Bu illər ərzində ilk dəfə idi ki, Günelin tükəndiyini gördüm. Elə bu söz məni darmadağın edib. Bu yazı ilə müraciət etməyə bilmirəm. Səssiz qalmaq məni boğur...

Bütün media əhlinə, Mədəniyyət Nazirliyinə və son ümidim Heydər Əliyev Fonduna - Mehriban xanım Əliyevaya üz tuturam. Xahiş edirəm, ağır xəstəliklə çətin şərtlər altında savaşan söz, qələm adamına dəstək olaq. Ölümünü diriykən yaşamasına icazə verməyək. Onun üçün çırpındığımıza tutunsun, sevgimizin istiliyinə sığınıb yensin bu imtahanı da...

Şəfqətinizə sığınıram...

Müəllif: Sevda Hüseyn

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual