“Müttəfiqliyə imza atmışıq, bəs Rusiya Ukraynanı bombalayanda yanındayıqmı? - Xeyr!”

Siyasət

01.03.2022 - 15:16

Zərdüşt Əlizadə: “Şuşa Bəyannaməsi ilə Moskva Bəyannaməsi qətiyyən bir-biri ilə zidiyyət təşkil etmir”

Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalandı. 43 bənddən ibarət sənəd ətrafında ölkə ictimaiyyətində fikirlər haçalanır. Bir tərəf iddia edir ki, Rusiya ilə müttəfiqlik milli maraqlarımıza ziddir. Digər tərəf isə Bəyannamənin Azərbaycan maraqlarına uyğun olduğunu, sənədin ziyanımıza yox, əksinə xeyrimizə xeyli maddələrlə zəngin olduğunu bildirir.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə də sözügedən Bəyannaməni müsbət hesab edir və düşünür ki, bu, ölkə rəhbərliyinin ağıllı addımıdır:

- Biz bununla Rusiyaya bir qədər yaxınlaşmaqla Kremli neytrallaşdırırıq. Bu, düzgün siyasətdir. Biz özümüzə düşmən yaratmırıq, heç kəslə düşmənçilik etmədiyimizi, etmək niyyətimizin olmadığını göstəririk. Əksinə, Azərbaycan Ermənistanla da münasibətləri yaxşılaşdırmaq istəyir, Gürcüstanla dostuq, Türkiyə ilə qardaşıq. Rusiya ilə müttəfiqlik münasibətlərini bir az da inkişaf etdiririk. Bunun nəyi pisdir ki?! Yaxşı olardı ki, İranla da belə müttəfiqlik münasibətləri olsun, elə Ermənistanla da. Yəni ki, Azərbaycan rəhbərliyinin bu xarici siyasət xətti ölkəmizin təhlükəsizliyini təmin edir. Bununla yanaşı, biz beynəlxalq hüquqa hörmət edirik, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq, Ukrayna xalqı ilə həmrəyik. Lazım olanda Ukraynaya yardımımızı da əsirgəmirik. Azərbaycan Ukraynanın haqq işini dəstəklədiyini göstərir.

- Bu, Rusiyanı qıcıqlandıran faktor deyilmi?

- Yox, hesab etmirəm ki, Rusiyada bu, qıcıq yaradır. Putin o qədər də sadəlövh deyil. Məsələn, Rusiya ilə Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahədə əlaqələr var. Amma bu, Türkiyənin Ukraynaya dəstəyinə mane olmur. Türkiyə Ukraynaya "Bayraktar" verir, hərbi cəhətdən, siyasi cəhətdən dəstək verir, Krımın ilhaqını tanımır. Rəsmi Ankara "DXR" və "LXR"-in tanınmasını qətiyyətlə pislədi, indi müharibə vəziyyətində Ərdoğan Kiyevin haqlı olduğunu bəyan edir. Artıq dünya dəyişib, hadisələr göstərir ki, dəyişim davam edəcək. Azərbaycanın və Türkiyənin Rusiya ilə əlaqələri, normal münasibətləri bu ölkələri Rusiyanın vassalına çevirmir ki... Biz hansısa məsələlərdə müttəfiqik, maraqlar toqquşan yerdə hərənin öz mövqeyi var. Bəyannamədə nə deyilir: "bizdən sizə, sizdən bizə xətər gəlməyəcək". Amma bu, o demək deyil ki, Azərbaycan Rusiyanın bütün addımlarını müdafiə edəcək. 

- Rusiya ilə bağlanan müttəfiqlik Bəyannaməsinin əleyhinə çıxanlar çox oldu. İddia edilir ki, bu sənəd Azərbaycanın müstəqilliyinə təhdiddir...

- Bunu kimlər deyirlər? Bunu deyən insanlara baxın, onların siyasi savadlarına nəzər yetirin. Ümumiyyətlə, Azərbaycan əhalisinin böyük əksəriyyətinin siyasi savadı acınacaqlıdır. Xalqımızın yüksək musiqi mədəniyyəti var, mətbəxt mədəniyyəti var, ədəbi mədəniyyəti var, amma siyasəti bilmir. Ona görə də başımıza faciə gəlir. 20 yanvar qırğınları ərəfəsində məni fitə basanların ideyasına qulluq edənlərdir bunlar. Sosial şəbəkələrdə Rusiya ilə bağlı imzalanan Bəyannamənin əleyhinə yazanlar əsl xalq deyil. Əsl xalq öz xeyrini bilənlərdir. Xeyirimiz də onu tələb edir ki, biz Rusiya ilə də, İranla da, Ermənistanla da, Türkmənistanla da - bir sözlə, hər bir dövlətlə yaxşı münasibətdə olaq. Azərbaycanın milli maraqları onu tələb edir ki, sülhpərvər siyasət yeridilsin. Eyni zamanda, ordumuz da güclü olmalıdır, müttəfiqlərimiz də çox olmalıdır.

Məni bilirsiniz, İlham Əliyevin daxili siyasətindən heç xoşum gəlmir. Amma xarici siyasəti bilir axı. İlham Əliyev bizim müxalifət kimi savadsız deyil, diplomatiyanı oxuyub, bilir. Ona uyğun da xarici siyasətini həyata keçirir və bu, Azərbaycanın milli maraqlarına uyğundur. Bu baxımdan, cahillərin dediklərinə fikir vermək lazım deyil. Kimdir bunu deyən? Mən təxmin edirəm, sadəcə sizdən dəqiqləşdirmək istəyirəm.

- Əsasən müxalif düşərgə, ictimai fəallar...

- Mən yüz faiz əminəm ki, bunu REAL Partiyası, İlqar Məmmədov deməz. Yəqin ki, əsasən AXCP üzvləridir. Onlar kimdirlər axı? - Peşəkar məğlublar. Təsəvvür edin, onlar 17 seçki uduzublar, xalqın ümidlərini puça çıxarıblar, demokratiyanı məhv ediblər. Bu adamlardan ağıllı siyasi analiz gözləmək yanlışdır. O boyda möhtəşəm hərəkatı dağıtdılar, məhv elədilər. İndi özləri üçün avtoritar bir sekta qurublar, ağıllarına gələni danışırlar. Onlar savadsızdırlar, ağılları yoxdur. Baxın, indiyədək onlardan ağıllı bir fikir səslənməyib. Mənə indiyədək ağıllı bir söz demiş cəbhəçi göstərin, gedim, ətəyində namaz qılım. Yoxdur belə biri. Onların sosial dayağı da yoxdur, tərəfdarları da çox azdır. Sabah demokratik seçki keçirilsə, onların heç biri lazım olan səs baryerini keçə bilməz. Bunu tam əminliklə deyirəm. Bəxtlərindən demokratik seçki keçirilmir, onlar da özlərini siyasətçi sayırlar.

- Şuşa Bəyannaməsi ilə Moskva Bəyannaməsi bir-biri ilə zidiyyət təşkil etmir ki?

- Xeyir, heç bir zidiyyət yoxdur! Şuşa Bəyannaməsi böyük sənəddir və orada göstərilib ki, digər dövlətlər Türkiyə və Azərbaycanın qanuni hüquqlarına və mənafelərinə toxunsa, Bakı və Ankara məsləhətləşmələr aparacaq və birgə fəaliyyət göstərəcək. Moskva Bəyannaməsində də buna oxşar bənd var. Biz Kreml qarşısında öhdəlik götürmürük ki, Rusiyanın arxasınca qaçacağıq, o nə edəcəksə, yanında olacağıq. Xeyr, belə bir şey yoxdur. Rusiyanın qanuni mənafeyinə toxunsalar, Azərbaycan Rusiyanın yanında olacaq. Amma Rusiya qanunsuzluq edirsə, Azərbaycan onun yanında necə dayana bilər? Bunun əyani sübutunu biz indi görürük. Rusiya Ukraynaya hücum edib, şəhərləri dağıdır, bombalayır, biz varıq? Əlbəttə ki, xeyr! Rusiya qanunsuzluq etdi, separatçıları "dövlət" kimi tanıdı, biz varıq? Xeyr, yoxuq! Əksinə, müharibədən əziyyət çəkənlərə Azərbaycan humanitar yardım göndərir. Bu, bizim mənəvi borcumuzdur, dostluq jestimizdir. Demək ki, məsələ heç də deyilən kimi deyil. 

Yenə deyirəm, biz Rusiyaya düşmən deyilik. Əvvəla, qonşumuzdur, Dağıstanda 100 min azərbaycanlı yaşayır, Rusiya ərazisinə təxminən bir milyon azərbaycanlı səpələnib, işləyir, yaşayır. Minlərlə azərbaycanlı Rusiyanın vətəndaşıdır və s. Rusiya bizim üçün böyük bazardır, iqtisadi səmərədir. Eyni zamanda, biz niyə hesab edirik ki, Rusiya Putindir? Elə bir şey yoxdur, rus xalqı pis xalq deyil, Rusiyada yaxşı insanlar da yaşayırlar.

- Moskva Bəyannaməsi bizim Qarabağla bağlı qalan problemin həllinə nə dərəcədə kömək ola bilər?

- Rusiyaya bir köynək yaxın oluruqsa, deməli, anlaşmaq imkanlarımız da genişlənir. Biz Qarabağın işğalda qalan ərazilərini müharibə yolu ilə almaq istəmirik, əksinə, anlaşma yolu ilə ərazilərimizi qaytarmaq niyyətindəyik. Hesab edirəm ki, anlaşma üçün daha münasib şərait yaranacaq. Biz həm də Ermənistanla münasibətləri normallaşdırmalı, hərtərəfli əməkdaşlığa başlamalıyıq. Gediş-gəliş olmalıdır, diplomatik əlaqələr qurulmalıdır. Ermənilər bizdən təhlükə görməməlidirlər.

- Onlar bizdən hansı təhlükəni görürlər ki? Əksinə, onlar bizə təhlükə yaradırlar, təxribatlarına davam edirlər. Rəsmi Bakı sülh yönündə açıqlama verir, İrəvandan isə zidiyyətli bəyanatlar səsləndirilir. Separatçılar digər yandan varlıqlarını sürdürəcəklərini bildirirlər. Belə olan halda, təhlükə yaradan ermənilər deyilmi?

- Siz məni siyasətdə xam saymayın. Mən nə dediyimi bilirəm. Bizim mətbuata, internet televiziyalarına, sosial şəbəkələrə baxın. Qəzəb, nifrət püskürənlər var. Bunları siz görmürsünüz?

- Cəmiyyətin qəzəbi anlaşılandır. Övladlarımızı, oğullarımızı itirmişik, onların qanı hələ qurumayıb. Söhbət rəsmi münasibətdən gedir ki, Bakı sülh çağırışı edir və kifayət qədər də bu çağırışda səmimi görünür...

- Bəzən rəsmilər də sərt ritorikadan istifadə edirlər. Diplomatiyada belə olmamalıdır. Lazım deyil, bizim ziyanımızadır. Belə bir məsəl var: “keçənə güzəşt deyərlər”. Qan-qada oldu, müharibə baş verdi. Müharibədə qan tökülür, baş sığallanmır. Qalib gəldik, torpaqların böyük hissəsini qaytardıq. İndi qalan məsələlər masada həll edilməlidir - həm də mehribanlıqla, dostluq şəraitində. Şirin sözlə qalan əraziləri götürməliyik. Özü də elə yox ki, "Xankəndidəki ermənilər getməlidirlər, vəssalam". Yox, olmaz! Erməni qalmaq istəyirsə, qalsın, yaşasın. Onlar da Azərbaycan vətəndaşlarıdır. Qalanlara təminat verilməlidir, yaşayışları təmin olunmalıdır. Əgər bizə qarşı cinayət törətmirsə, yaşamaq istəyirsə, yaşasın. 

- Siz mehribanlıq deyirsiniz, amma bir faktı deyim. Bu günlərdə Azərbaycanın iki deputatı İrəvana səfər etmişdi. Bu səfərə etiraz olaraq ermənilər yolı bağladılar, deputatları başlarını kəsməklə hədələdilər. Onlar mehribanlıq istəmirlər axı...

- Bizdə nə qədər gic varsa, Ermənistanda bizdən ikiqat çoxdur. Deputatları da təhdid edənlər, yolu bağlayanlar həmin giclərdir. Bizim psixikamızı 30 ildir pozublar, onların psixikasını 150 ildir pozmaqdadırlar. Ona görə də, onlarda dəlilərin, zırlamaların sayı daha çoxdur. Amma Ermənistanda da mütərəqqi, sülhdən yana olanlar var ki, onlar daha çoxdurlar. Xüsusən də, sülhü istəyənlər hazırda Ermənistan hakimiyyətində olan qüvvələri dəstəkləyənlərdir. Bu baxımdan, düşünürəm ki, danışdığımız problem bir neçə ilə aradan qalxacaq. 

Müəllif: Anar Bayramoğlu