Dünyanın 20-dən çox ölkəsi İngiltərə ilə nəqliyyat əlaqələrini dayandırıb
Koronavirusun mutasiyaya uğramış yeni formasının yayılması səbəbindən dünyanın 20-dən çox ölkəsi İngiltərə ilə nəqliyyat əlaqələrini dayandırıb. AYNA-nın xəbərinə görə, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib ki, İngiltərədən giriş məhdudiyyətləri əsasən Avropa ölkələri tərəfindən tətbiq edilib. Avstriya, Belçika, Bolqarıstan, Almaniya, Danimarka, İrlandiya, İtaliya, Hollandiya, Finlandiya, Fransa və Çex Respublikası səlahiyyətliləri İngiltərə ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.
Portuqaliya yalnız vətəndaşlarının İngiltərəyə girişinə icazə verir. İsveç bu gün İngiltərədən gələnlərin girişini qadağan edən ölkələrin siyahısına rəsmi olaraq əlavə olunacaq. İspaniya da oxşar addım ataraq, bütün Avropa Birliyi səviyyəsində uçuşları dayandırmağı planlaşdırır.
Bənzər tədbirlər dünyanın digər bölgələrində də görülür. Belə ki, Kanada İngiltərəyə uçuşları 72 saat dayandırıb. İsrail İngiltərədən öz vətəndaşları xaricində hər kəsə girişi qadağan edib. Türkiyə isə koronavirusun mutasiyaya uğramış yeni formasının müşahidə edildiyi İngiltərə, Danimarka, Hollandiya və Cənubi Afrikaya uçuşları dayandırıb.
Kolumbiya, El Salvador, Çili, Argentina və Fasdakı səlahiyyətlilər də İngiltərəyə uçuşları dayandırıblar. Səudiyyə Ərəbistanı sərhədlərini tamamilə bağlayıb və uçuşları bir həftə dayandırıb.
Bu gün Avropa Birliyinin fövqəladə iclasının keçirilməsi gözlənilir ki, bu iclasda İngiltərə ilə nəqliyyat əlaqələrində olan 27 üzv dövlət səviyyəsində məhdudiyyətlərin tətbiqi müzakirə ediləcək.
Mutasiya olunmuş virus Hollandiya, Danimarka, Avstraliya və İtaliyadakı xəstələrdə də aşkar edilib. Mütəxəssislərin fikrincə, virusun bu növünün daha böyük təhlükəsi var və peyvəndlərə qarşı həssaslığı barədə danışmaq mümkün deyil.
Qeyd edək ki, 14 dekabrda İngiltərənin səhiyyə naziri ölkədə orijinal formadan daha sürətli yayılan yeni bir SARS-CoV-2 növünün aşkarlandığını açıqlayıb. Virusun insandan insana keçməsinin daha asan olduğunu və bu səbəbdən daha yoluxucu olduğunu söyləyib. Dünən isə o, bildirib ki, artıq koronavirusun mutasiyaya uğramış formasını nəzarətdə saxlamaq mümkün deyil.