Moskva terrorunun Dağıstanda davamı və ya Şimali Qafqazdakı “saatlı bomba” işə salındı

Dünya

25.06.2024 - 10:23

Həkimlər Klinikalar SEO Xidməti

Ərəstun Oruclu: “Terrorçu qruplar faktiki olaraq, Rusiya dövlətinə qarşı müharibə elan ediblər və bu hadisələrin davamının gələcəyi gözləniləndir”

İyunun 23-ü axşam saatlarında Dərbənddə və Mahaçqalada eyni vaxtda terror aktları törədilib. Terrorçular Dərbənddə pravoslav kilsəsinə hücum ediblər. Kilsənin başçısı 66 yaşlı Nikolay Kotelnikov və mühafizəçi ölüb. Cinayətkarlar sinaqoqa da hücum ediblər və nəticədə sinaqoq yanıb. Dərbənddə baş verən hücumla eyni vaxtda bir qrup terrorçu yol polisi postuna hücum edib. İnternetdə yayılan görüntülərdə polis avtomobilini ələ keçirən bir neçə cinayətkarın avtomat silahdan atəş açdığı görünür. Həmçinin Mahaçqaladan 65 kilometr cənubda yerləşən Serqokala kəndinin mərkəzində polis maşını atəşə tutulub.

Milli Antiterror Komitəsi (MAK) Dağıstanda antiterror əməliyyatı rejiminin tətbiqi barədə məlumat yayıb. İdarədən bildirilib ki, bu qərar vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, terror aktlarının qarşısının alınması və silahlı hücumda iştirak edən şəxslərin saxlanılması məqsədilə qəbul edilib. MAK-ın dünən yaydığı məlumatına görə, əməliyyat başa çatıb.

Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi “terror aktı” maddəsi ilə cinayət işi açıb. Hüquq-mühafizə orqanları oğulanları və qardaşı oğlu terror qruplaşmasının tərkibində olan Dağıstanın Serqokala rayonunun rəhbəri Maqomed Ömərovu saxlayıb.

Dağıstanda baş verən terror aktlarından sonra Şimali Osetiyanın təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçirilib. Onların üzərinə ictimai yerlərin, ticarət mərkəzlərinin və sosial müəssisələrin təhlükəsizliyini gücləndirmək tapşırılıb.

 “Bir dəstə təxribatçı məhz buna nail olmağa çalışır – sabitliyi pozmaq, Qafqazda müxtəlif xalqların və dini konfessiyaların nümayəndələri arasında düşmənçilik toxumu səpməkdir. Biz artıq bundan keçmişik, lakin bu, alınmayacaq”, - deyə respublikanın Sergey Melikov bəyan edib.

Tertror aktları nəticəsində ümumilikdə 20-dən çox şəxsin öldüyü deyilir. Ölənlərin əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Baş verənlərlə bağlı danışanm ekspertlər bildirirlər ki, bu, mart ayında Moskvada “Crocus City Hall”dakı terror aktının davamı sayıla bilər. Analitiklərin qənaətincə, Şimali Qafqaz adlı “saatlı bomba”nın işə salınması ehtimalı da yüksəkdir.

“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya müsahibəsində bildirib ki, baş verənlər terror aktıdır və görünür, terror dalğası Rusiyanı bürüyür:

- Bu, Rusiyada gedən həm daxili, həm də xarici siyasətin fəsadlarıdır. Bilirik ki, Yaxın Şərqdə gedən müharibədə Rusiya əks tərəfi, daha çox İran və İrana bağlı proksi qüvvələri dəstəkləyir. İstər Suriyada, istərsə də HƏMAS məsələsində Rusiya İranı dəstəkləyir. Təbii ki, bu da həmin qüvvələrlə əbədi düşmən olan İŞİD və İŞİD-ə bənzər terrorçu qrupları qıcıqlandırır, son nəticədə terrora əl atmağa sövq edir.

- Amma Rusiya Ukraynanı, onun arxasında dayandığını iddia etdiyi Qərb qüvvələrini ittiham edir...

- Təbii ki, bu, absurddur. Biz bunun absurd düşüncə olduğunu “Crocus Sity Hall”dakı terror aktında gördük. Amerikalılar sübut etdilər ki, vaxtında Rusiyanı terror aktı hazırlandığı barədə xəbərdar etmişdilər. Amma Rusiya bu xəbərdarlığa əhəmiyyət verməmişdi. Belə görünür ki, Dağıstandakı terror aktları ilə bağlı əməkdaşlıq edilməyib, xəbərdarlıq olmayıb. Amma ABŞ tərəfindən əvvəldən bildirilmişdi ki, Rusiya terror qruplarının hədəfindədir. Rusiyada bu hadisələrin Ukrayna ilə, Ukraynaya müttəfiq olan qüvvələrlə bağlanmasına cəhd artıq auditoriyaya hesablanmış təbliğatdan başqa bir şey deyil. Özləri də bilirlər ki, bu yalandır. Hətta buna Rusiyanın özündə etiraz edənlər də var. Məsələn, Dmitri Roqozin bildirdi ki, yalan danışmaqla bu hadisələrin qarşısını almırlar, əksinə, bir qədər də diqqəti yanlış istiqamətə yönəldirlər.

- Bu hadisə “Crocus City Hall” terrorunun davamıdır, yoxsa Şimali Qafqazda başqa hadisələr cərəyan edir?

- Bəli, bunu ikinci “Crocus City Hall” terroru adlandırmaq olar. Bu da həmin seriyadan olan terror aktlarıdır, amma bu dəfə onu İŞİD-in “Vilayət Xorasan” qruplaşması ilə bağlamırlar. Belə görünür ki, müxtəlif terrorçu qruplar var və bunlar bir-birindən asılı olmayaraq fəaliyyət göstərirlər. Çünki bu dəfə İŞİD-in “Vilayət Xorasan” terror qruplaşması öz “Telegram” kanallarında hadisələri alqışlasa da, özünün bu işlə əlaqəli olduğunu bəyan etm ədi. Demək ki, başqa terrorçu qruplar da fəaliyyətdədirlər. Sadəcə burada müəmmalı məqam odur ki, bu dəfə terror törədənlər Rusiyanın özünün daxili resurslarıdır. Yəni  “Crocus City Hall”da terror törədənlər kimi, taciklər, yaxud da başqa yerlərdən gələn miqrantlar deyil. Məhz Rusiyanın öz vətəndaşları bu hadisəni törətdi. Hətta terroru törədənlər Rusiya hakimiyyət ierarxiyasında mövqe tutmuş, kifayət qədər imkanı, şəraiti, təsiri olan məmurlara bağlı ailələrdən çıxmış insanlar idilər. Bu məqamın özü çox maraqlıdır.

- Rusiyada, xüsusilə Şimali Qafqazda bu cür hadisələrin davamı ola bilərmi?

- Əlbəttə, ola bilər və bunu heç kəs istisna etmir. Hətta “Crocus City Hall”da terror olanda da rus ekspertlər bildirirdilər ki, bunun davamı olacaq. Çünki bu, artıq terror aktivliyinin artmasıdır. Məsələ burasındadır ki, bu hadisələrin baş verməsi üçün çox müxtəlif səbəblər var. İstər Rusiya daxilində repressiyaların güclənməsi, istər bu repressiyalara səbəb olan Rusiyanın Ukrayna ilə apardığı mənasız, uğursuz müharibə, istərsə də Rusiya daxilindəki sosial-iqtisadi vəziyyətin ağırlığı, millətçiliyin artması terrorçuları ruhlandıra bilər. Terrorçu qruplar faktiki olaraq, Rusiya dövlətinə qarşı müharibə elan ediblər və bu hadisələrin davamının gələcəyi gözləniləndir. Bu iddianı irəli sürən ekspertlər haqlıdırlar. Terror aktlarının davamı mümkündür. Xüsusilə, Şimali Qafqaz mənşəli terrorçuların aktivləşməsi, yaxud Şimali Qafqazın özündə terror aktlarının törədilməsi tamamilə mümkündür. Çünki terroru doğuran səbəblər qalmaqdadır və nəinki qalmaqdadır, daha da artmaqdadır.

- Məlumdur ki, Rusiyada hakimiyyətdaxili savaş da güclənib. Dağıstanda baş verən terraktların Kreml daxilindəki qruplaşmaların qarşıdurması ilə hansısa əlaqəsi ola bilərmi?

- Ukraynaya qarşı işğalçı müharibə səbəbindən oyun qaydaları dəyişib. Hakimiyyətdaxili narazılıqlar artıb, qruplar arasında mübarizə kəskinləşib. Ona görə də mümkündür ki, Rusiyanın müxtəlif hakimiyyət qanadları arasında, hətta hansısa qanad daxilində gedən mübarizə bu hadisələrlə bağlıdır. Xüsusilə,  burada Federal Təhlükəsizlik Xidmətini (FTX) qeyd etmək olar. Rusiyada hakimiyyətin əsas dayağı, hakimiyyətə nəzarət edən bu qurumdur. Orada gərginliyin artması, loyallığını itirən məmurlara qarşı Rusiya hökumətinin davranışı, o məmurların sıradan çıxarılması, həbsi şübhəsiz ki, terror meyillərinin güclənməsinə, müxtəlif terror qrupları ilə əməkdaşlığa səbəb ola bilər. Bu, istisna deyil. Terrorçularla, yaraqlı dəstələrlə, ekstremistlərlə ünsiyyətdə olan, onlara hansısa formada təsir imkanı olan FTX, Rusiyanın digər xüsusi xidmət orqanları gedən daxili mübarizədə terroru təşkil edə bilərlər. Həıtta məncə, bu ehtimal yetərincə yüksəkdir.

- Məlumdur ki, Şimali Qafqaz Azərbaycan sərhədləri yaxınlığındadır. Belə terror aktlarının baş verməsi Azərbaycanı nə qədər təhdid edir və Azərbaycan hansı addımları atmalıdır?

- Terror hadisələrinin baş verdiyi Dağıstanla Azərbaycanın coğrafi yaxınlığı, ümumiyyətlə, Rusiya ilə Azərbaycanın bugünkü münasibətləri əlbəttə, ölkəmizin də hədəfə gəlməsinə səbəb ola bilər. Bu, nəzəri cəhətdən mümkündür, praktikada bunun olacağını demək olmaz. Amma heç nə istisna deyil. Bəli, Azərbaycan xarici siyasətində Rusiya kimi birtərəfli mövqe tutmur. Məsələn, yaxın Şərqdə baş verənlərə, İrana münasibətdə, digər məsələlərdə Bakının mövqeyi birtərəfli deyil. Amma hər bir halda Azərbaycan Rusiyanın müttəfiqi kimi görünür. Bu isə Azərbaycanı müxtəlif terror qruplaşmalarının hədəfinə gətirə bilər. Amma dediyim kimi, bu, nəzəri məsələdir.

Düşünürəm ki, Azərbaycan ilk növbədə antiterror profilaktik fəaliyyətini gücləndirməlidir, sərhədyanı bölgələrə antiterror qüvvələri, yaxud xüsusi təyinatlı qüvvələri yerləşdirməlidir ki, hansısa terrorçular ölkəmiz daxilinə nüfuz edərsə, dərhal qarşısı alınsın. Yeri gəlmişkən, təqib olunan terror quruplaşmalarının Dağıstandan Azərbaycan ərazisinə keçməsi ehtimalı çoxdur. Bunun üçün Azərbaycan sərhədyanı bölgələrdə antiterror nəzarətini gücləndirməlidir. Yəni ki, diqqətli olmaqda, ayıq-sayıq olmaqda fayda var. Amma bnu, əsla quru sərhədlərin bağlı saxlanılması anlamına gəlməməlidir. Çünki bu, yanlış addımdır. Heç bir terrorçu gəlib sərhəd-keçid məntəqəsindən keçmir. Terrorçular adətən sərhədin boşluqları olan yerlərindən keçirlər. Ona görə də təhlükəsizlik tədbiri adı altında quru sərhədlərinin bağlı saxlanması səmərəsizdir, yalnız vətəndaşlara ziyan vurur. Terrorçular üçün quru sərhədlərinin bağlı olmasının əhəmiyyəti yoxdur.

Müəllif: Anar Bayramoğlu