Moskva dünya sivilizasiyasına qarşı - Təhdid və təhlükə

Dünya

27.04.2023 - 13:48

Döyüş meydanında gələcək dünya nizamının konturları formalaşır: Rusiya revanş alacaqsa...

Əsl sülh Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpası və Krım tatarları üçün Krım yarımadasında təhlükəsiz vətəndir. “Die Welt”ə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. O, tamamilə haqlıdır. Ukrayna yalnız haqqı olanı tələb edir. O başqa bir şeydir ki, Rusiyada bu barədə fərqli düşünürlər.

Aydındır ki, Rusiya hibrid çağırışlara “stavka” edir, Avropanı daxildən sarsıtmağa çalışır. O da göz qabağındadır ki, Rusiya uzun və yorucu müharibəyə hazırlaşır, bunun nəticəsi, onun rəhbərliyinin fikrincə, rus qoşunlarının Avropaya yeridilməsi, keçmiş SSRİ-nin və SSRİ-nin təsir dairəsinin bərpası olmalıdır. Nəticə - azadlıq və demokratiyaya yer olmamalı olan mövcud dünya nizamının dəyişməsi olmalıdır.

Rusiya Federasiyasında bunu gizlətmirlər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev açıq şəkildə bildirdi ki, hər bir alman Rusiyanı işğal etməyə hazırlaşır, bunun qabağını almaq üçün ruslar Berlində parad keçirəcəklər. NATO bu cür bəyanatlara öz üzvlərindən birinin suverenliyinə birbaşa təhlükə kimi baxmalıdır. Belə ifadələri “boş söz” kimi qəbul etmək olmaz. Rusiya Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb, artıq 14 aydır ki, müharibə aparır və qalib gəlsə, Qərbə doğru genişlənməyə davam edəcək.

Bəli, Ukraynaya genişmiqyaslı işğala başlayandan sonra dünya əmin oldu ki, heç kim Rusiyanın təcavüzündən sığortalana bilməz, bunu Azərbaycanda da başa düşmək lazımdır. Üstəlik, Rusiya Federasiyasından mütəmadi olaraq yalanları və tsinikliyi ilə şokedici bəyanatlar eşidilir. Budur, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və kommunikasiyalar komitəsinin sədri Oleq Matveyçev RUSARMİNFO-ya müsahibəsində deyib ki, “Türkiyə və Azərbaycan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2020-ci ildə əldə etdikləri razılaşmaları bəyənmir”.

Deputatın sözlərinə görə, “Bakı və Ankara Qarabağ münaqişəsinin qaynar mərhələsini bərpa etməyə, erməni tərəfini cavab addımlarına təhrik etməyə çalışır”.

Burada heç nə doğru deyil. Azərbaycan heç vaxt işğalçı müharibə aparmayıb, yalnız ərazi bütövlüyünü bərpa edib. 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişində isə Azərbaycan Prezidentinin imzası var. Ona görə də həmin bəyanatı Azərbaycan üçün qeyri-qənaətbəxş adlandırmaq absurddur.

Başqa bir şey də odur ki, Rusiyanın özü mütəmadi olaraq həm informasiya, həm siyasi xarakterli təxribatlar, həm də müvəqqəti olaraq ərazimizdə yerləşən sülhməramlı kontingent (RSK) vasitəsilə həyata keçirilir. Rusiya sülhməramlılarının ölkəmizdə qəzəb doğuran addımlar atması hallarını sadalamaqla bitirmək olmaz. Qarabağ yaraqlılarının hərbçilərimizin partladıldığı 2021-ci il istehsallı  minalarını qoyması isə Rusiya Federasiyasının hərəkətlərinin kiçik bir hissəsidir.

Mənə aydındır ki, Rusiya nəinki Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllində maraqlı deyil, əksinə, bunun baş verməməsi üçün hər şeyi edəcək. O da göz qabağındadır ki, Rusiya Avropa İttifaqındakı (Aİ) təsir agentlərindən ardıcıl surətdə istifadə edir. İttifaq ölkələri ilə bağlı mövcud siyasi, iqtisadi, mədəni məsələlərə toxunmaqla, onların, necə deyərlər, aralarını vurmağa çalışır.

Ukraynanın Qərb silahları ilə təmin edilməsi Rusiya üçün əsas problemdir, ona görə də qoşunları cəbhədə məğlubiyyətə uğrayır. Rusiya təbliğatı və diplomatiyası yeni tədarüklərin qarşısını almaq üçün böyük səylər göstərir. Bunun üçün Kreml geniş təsir rıçaqlarından istifadə edir: psevdopasifist təşkilatlar (“Polşanın müharibə əleyhinə hərəkatı”), millətçi partiyalar (“Fransa Milli Cəbhəsi”), Rusiyaya iqtisadi və tarixi bağlılıq (Macarıstan Rus neftini münasib qiymətə alır, Serbiya, tarixən pravoslav Rusiyaya tərəf çəkilir).

Yuxarıdakı təşkilatlar, partiyalar, ölkələr - hamısı bu və ya digər dərəcədə Ukraynaya yardımın, silah-sursatın verilməsinin əleyhinədir. Rusiyanın aralıq məqsədi Avropanın monolitliyini sarsıtmaq, şübhələr və ziddiyyətlər səpməkdir. Bu, istər-istəməz Aİ-nin ən güclü müttəfiqi olan ABŞ-ın təsirinin azalmasına gətirib çıxaracaq.

Tətbiq olunan sanksiyalara və məhdudiyyətlərə baxmayaraq, Rusiya sadiq siyasətçilər və iş adamları vasitəsilə Avropada mövcudluğunu qoruyur - bu, təşkilatı daxildən sarsıdan gizli təhlükələrin miqyasını genişləndirmək üçün başlanğıc nöqtəsidir. Əsl mənzərə belədir. Ukraynadakı döyüş meydanında gələcək dünya nizamının konturları formalaşır - Rusiya revanş alacaqsa, bu, indiki formada Qərb sivilizasiyasının sonunun başlanğıcı demək olacaq.

Müəllif: Əkbər Həsənov