Moldovanın sabiq lideri yeni Prezidentə xəbərdarlıq edib

Dünya

27.11.2020 - 13:57

İqor Dodon: “Lazım gələrsə, sülhü qorumaq üçün insanları küçələrə çağıracağam”

 

Moldovanın sabiq Prezidenti İqor Dodon ölkədəki sülhü və əmin-amanlığı qorumaq, Dnestryanı məsələsi, eləcə də, Rusiya ilə münasibətlərdə vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün insanları küçələrə çıxarmaqla hədələyib. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir.

 

“Yeni Prezident Maya Sandu Rusiya Federasiyasına, Dnestryanıya qarşı bəzi anlaşılmaz ifadələr işlədib. 1990-cı illərin təkrarlanmasına icazə verməyəcəyik. Ölkədə sülhü və əmin-amanlığı bütün qanuni vasitələrlə qorumaq üçün əlimizdən gələni edəcəyik. Lazım gələrsə, sülhü qorumaq üçün insanları küçələrə çağıracağam”, - deyə Dodon bildirib.

 

Moldovanın sabiq lideri deyib ki, Prezidentin hər cür açıqlama verə bilər: “Amma unutmaq olmaz ki, Moldovanın parlameni var və Prezident parlament və hökumətin icazəsi olmadan heç bir qərar qəbul edə bilməz”.

 

Qeyd edək ki, Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandu Dnestryanıdakı münaqişəni həll etmək üçün Rusiya sülhməramlılarının oradan tamamilə geri çəkilməli olduğunu söyləyib.

Müəllif: Ayna.az