Milli Məclisdə “ABŞ yolu” təklifi – Hansı ki, biz o yolu gedib-qayıtmışıq

Cəmiyyət

05.06.2020 - 20:10

Ələsgər Əhmədoğlu: “Azərbaycan hökuməti ABŞ-ın atmaq istədiyi ilə müqayisədə daha sərt addımlar atıb”

 

Milli Məclisin bugünlərdə keçirilən iclaslarının birində deputatlar sosial şəbəkələr haqqında qanunun hazırlanmasını təklif etdilər. İclas zamanı bu məsələnin müzakirəsi millət vəkili Cavid Osmanovun təşəbbüsü ilə başladı. Bu günlərdə ABŞ-da da sosial şəbəkələrlə əlaqədar qərar verildiyini xatırladan Osmanov, Azərbaycanda da buna bənzər bir qanunun qəbul edilməsinin vaxtının gəlib çatdığına inandığını bildirdi.

 

Sözügedən qanun qəbul edilərsə, deputatın fikrincə, sosial şəbəkələrdə saxta profillərin arxasında gizlənərək, Azərbaycana böhtan atmaq cəhdlərinin qarşısını almaq mümkün olacaq. Deputatın sözlərinə görə, elə sosial şəbəkələrdən istifadə edərək, neçə müddətdir ki, müxalif Milli Şura ölkədəki ictimai-siyasi sabitliyi pozmağa çalışır.

 

"Milli Məclisdən gələcəkdə belə bir qanun layihəsinin qəbul olunmasına töhfə verməsini xahiş edirəm", - deyən Osmanovun fikirlərini millət vəkili Siyavuş Novruzov da dəstəklədi. Sosial şəbəkələrdə qanunu pozmaq və separatizmə çağırışlara işarə edən Novruzov, vaxtında bu məsələnin onun tərəfindən qaldırıldığını xatırlatdı: “Üç il əvvəl parlamentdə təklif etdim ki, sosial şəbəkələrdə qeydiyyat şəxsiyyət vəsiqəsi ilə aparılsın. Amma təklifim rədd edildi”.

Sözügedən təşəbbüsləri AYNA-ya şərh edən media hüququ mütəxəssisi Ələsgər Əhmədoğlunun sözlərinə görə, bu cür təkliflər əvvəllər də tez-tez səsləndirilib lakin yerinə yetirilməyib: “Buna baxmayaraq, 2017-ci ildə deputatlarımız sosial şəbəkələrin fəaliyyətini və onlara girişi məhdudlaşdıran müxtəlif təşəbbüsləri qanuniləşdirə bildilər. Məsələn, 2017-ci ilin mart ayında "İnformasiya, məlumatlandırma və məlumatın qorunması haqqında" qanuna bir fəsil əlavə edildi ki, bu da çox sayda məhdudiyyətlərin tətbiqinə gətirib çıxardı. Bu məhdudiyyətlərdən ən çox müzakirə ediləni, yadda qalanı xəbər saytlarının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən, məhkəmə qərarı olmadan bloklanması hüququ idi. Bu addımların nəticəsi kimi hazırda 60-dan çox resurs bloklanıb”.

 

Ekspertin fikrincə, bu sahədə başqa bir uğursuz cəhd Cinayət Məcəlləsinə yeni əlavələrdir. 2017-ci ildə Cinayət Məcəlləsinə əlavə edilmiş 148-1-ci maddə, sosial şəbəkələrdə anonim hesablar vasitəsi ilə yayılan böhtan və təhqirləri cinayət sayır və azadlıqdan məhrumetmə cəzasına qədər cəza mexanizmi nəzərdə tutur. Bundan əlavə, "Kütləvi informasiya vasitələri haqqında" qanunun 3-cü maddəsində internet resurslarının kütləvi informasiya vasitələri hesab edildiyi bir norma var və bütün medianın daşıdığı məsuliyyət internet resurslarına, o cümlədən sosial şəbəkələrə də aid edilir. Başqa sözlə, Əhmədoğlu əmindir ki, Azərbaycan hökuməti ABŞ-ın illərdir etmək istədiyi ilə müqayisədə daha sərt addımlar atıb və bu sahə ciddi şəkildə tənzimlənir.

 

Qeyd edək ki, mayın 28-də ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb. “Mən söz azadlığını, ABŞ vətəndaşlarının hüquqlarını qorumaq üçün bu sərəncamı imzaladım. “Twitter” kimi sosial şəbəkələr neytral bir platforma olduqlarını əsas gətirərək, qanun qarşısında misli görünməmiş bir məsuliyyət immunitetinə malik idi. Bu qərar qanunun 230-cu hissəsinə əsaslanan yeni bir qaydanın yaradılması məqsədi daşıyır. Bundan sonra senzura və ya siyasi fəaliyyətlə məşğul olan sosial şəbəkələr artıq məsuliyyətdən qorunmayacaq”, - deyə Tramp bildirib.

 

Müsahibimiz qeyd edib ki, Trampın son qərarı ifadə azadlığına müdaxilənin qarşısını almaq məqsədi ilə atılıb: “Son günlərdə “Twitter” Amerika Prezidentinin tvitlərini yuxarısına "düzgünlüyünü yoxlamayın" etiketlərini vuraraq paylaşır. Tramp bunun söz azadlığına müdaxilə olduğunu iddia edərək, “Twitter”in qarşıdan gələn seçkilərə müdaxilə etmək üçün siyasətə qarışdığını iddia etdi. Bundan əlavə, ABŞ-dakı sosial şəbəkələr standart KİV-lər kimi qanuni məsuliyyət daşımır”.

 

“Trampın iddiasına görə, bir halda ki, “Twitter” onun tvitlərini redaktə edir, deməli bu sosial şəbəkə adi KİV redaksiyası kimi fəaliyyət göstərir və artıq bunun üçün bütün KİV-lər kimi qanun qarşısında məsuliyyət daşımalıdır. Ancaq Prezidentin bu addımı birmənalı deyil və gələcəkdə qeyd olunan qərarı həyata keçirmək mümkün olmayacaq, çünki internet platforması milyardlarla istifadəçi üçün cavabdeh ola bilməz. İnanıram ki, ABŞ-da prezident seçkilərindən sonra Trampın yuxarıda sözügedən addımı rədd ediləcək və sosial media azad qalacaq”, - deyə Ə.Əhmədoğlu əlavə edib.

Müəllif: Tanya Samsonova