Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, məsuliyyət qanunsuz kütləvi aksiyaya çağırış edənlərin üzərinə düşəcək
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Milli Şuranın mitinq təşkilatçılarına xəbərdarlıq edib. Rəsmi qurumlardan AYNA-ya daxil olan birgə məlumatda deyilir:
“Son günlər sosial şəbəkələr üzərindən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər, habelə əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış sosial şəbəkə istifadəçiləri tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə çağırışlar edilib.
Milli Şuranın oktyabrın 19-da saat 15-dən 17-dək mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsi qadağan edildiyindən Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşıblar.
Xatırladaq ki, Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti ilə Dövlət İqtisad Universitetinin inzibati binalarının arasında yerləşən ərazidə 50 nəfərin iştirakı ilə piket keçirilməsi Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmasına baxmayaraq, onların faktiki olaraq küçə yürüşü keçirməyə cəhd etməsi nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına nəticə etibarı ilə ictimai asayişin pozulmasına səbəb olub. Lakin buna baxmayaraq, həmin hüquqazidd əməllərin qarşısı alınmış və qanunun tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görülüb.
Bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişin pozmaq olduğunu göstərir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bəyan edir ki, qanunsuz kütləvi aksiyaya çağırış edən AXCP rəhbərliyi, həmin aksiyanın təşkilatçıları və iştirakçıları tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənar ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət onların üzərinə düşəcək.
Bu səbəbdən də həmin şəxslərə bir daha xəbərdarlıq edilir ki, hüquq mühafizə orqanları tərəfindən qanunsuz əməllərin qarşısı qətiyyətlə alınacaq və qanunun tələblərini pozan şəxslər barəsində cinayət məsuliyyəti də daxil olmaqla qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək”.