Məhkəmə Şoyqunun müavini barəsində qərar verib

Dünya

24.04.2024 - 11:49

Timur İvanov barəsində rüşvətxorluq işi üzrə iki aylıq həbs qətimkan tədbiri seçilib

Moskvanın Basmannı Məhkəməsi xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən müdafiə nazirinin müavini Timur İvanovu iyunun 23-dək həbs edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

“İlkin istintaq orqanlarının vəsatəti təmin edilib və Rusiya Federasiyasının müdafiə nazirinin müavini İvanov barəsində 2 ay müddətinə, 2024-cü il iyunun 23-dək həbs qətimkan tədbiri seçilib”, - məlumatda qeyd olunub.

İvanov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsi (xüsusilə külli miqdarda rüşvət alma) ittiham olunur. Müstəntiqlərin fikrincə, nazir müavini Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işləri zamanı əmlak xarakterli xidmətlərin göstərilməsi şəklində xüsusilə böyük miqyasda cinayət törətmək üçün üçüncü şəxslərlə cinayət əlaqəsinə girib.

Onunla birlikdə işdə iştirak edən başqa bir şəxs Sergey Borodin də həbs edilib. Ona oxşar maddə ilə ittiham irəli sürülüb.

“Müdafiə Nazirliyinin obyektlərinin tikintisinə və əsaslı təmirinə nəzarət edən Rusiya Federasiyasının müdafiə nazirinin müavini İvanovla dostluq münasibətlərində olan Borodin üçüncü şəxslərlə cinayət əlaqəsinə girib”, - məhkəmənin Mətbuat Xidməti əlavə edib.

İvanov 2016-cı ilin mayından müdafiə naziri Sergey Şoyqunun müavini təyin edilib. İvanov nazirlikdə əmlakın idarə edilməsi və qoşunların yerləşdirilməsi, ordunun mənzil və tibbi təminatı ilə bağlı məsələlərə nəzarət edirdi. O həmçinin tikinti işlərinə, Rusiya Müdafiə Nazirliyinin obyektlərinin əsaslı təmirinə və hərbi ipotekaya cavabdeh olub.

İvanov “Forbes”in siyahısına görə, 2019-cu ilin ən zəngin təhlükəsizlik məmurudur. 2018-ci ilin sonunda nəşr onun ailəsinin gəlirini 136,7 milyon rubl qiymətləndirib.

Rusiya Korrupsiyaya Qarşı Mübarizə Fondunun məlumatına görə, İvanov Rublyovka və Tverdə özünə daça tikmək üçün puldan istifadə edib. Tikinti hərbi podratçılar tərəfindən həyata keçirilib.

Müəllif: Ayna.az