“WikiLeaks”in qurucusu ABŞ-a ekstradisiya edilərsə, onu bu ölkədə 175 il həbs cəzası gözləyir
Çərşənbə günü London Ali Məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assancın işi üzrə dinləmələri yekunlaşdırıb. Assancın ABŞ-a ekstradisiya edilməməsi üçün bütün hüquqi yolları tükəndirib-tükəndirmədiyinə dair yekun qərarın daha sonra açıqlanması gözlənilir.
AYNA “Associated Press”ə istinadən bildirir ki, hökmün mart ayından əvvəl məlum olacağı ehtimalı azdır.
“WikiLeaks”in qurucusu ABŞ-a ekstradisiya edilərsə, onu bu ölkədə 175 il həbs cəzası gözləyir.
Təqsirləndirilən şəxs özü artıq ikinci gündür ki, məhkəməyə gəlməyib. Bir gün əvvəl onun vəkili Edvard Fitserald bildirib ki, müvəkkilinin səhhətində problem var və bu səbəbdən videobağlantı vasitəsilə belə məhkəmə iclasında iştirak edə bilməyəcək.
Ekspertlər qeyd edirlər ki, əgər hakimlər sonradan “WikiLeaks”in təsisçisinin məhkəmə qərarına etiraz etmək tələbini rədd edərlərsə, bu, Assancın ekstradisiyası haqqında qərarın icrasına gətirib çıxara bilər. Amma bu halda hüquq qrupunun qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək imkanı olacaq.