İtaliyada vətəndaşların seçkidə iştirakı, səsvermə hüquqları ilə bağlı yeni təkliflər irəli sürülüb
Belə ki, ölkədəki koalisiya partiyaları səsvermə hüququnun 18 yaşdan 16 yaşa endirilməsini tələb edirlər. Əgər bu təklif qanunda əksini tapsa, İtaliyada növbəti seçkilərdə 1 milyon əlavə səs veriləcək. AYNA xəbər verir ki, bu barədə İtaliyanın eks baş naziri Enriko Letta bəyan edib.
Demokratik Partiyanın üzvü E. Letta bildirib ki, son zamanlar gənclərin aktivliyi nəzərə çarpır: “ Bunu iqlim dəyişikliyi ilə mübrizədə hakimiyyətdən siyasi tərpəniş tələb edən gənclərdən ibarət Fridays for Future (Gələcək üçün Cümələr) hərəkatını izləyərkən gördüm. Gənclər siyasətin mərkəzində olmalıdırlar".
Eks baş nazirin bu çağırışına başqa siyasilərdən də dəstək gəlib, hətta hakimiyyətdən də məsələyə isti yanaşma nəzərə çarpır.
Məlumat üçün deyək ki, İtalıyada səsvermədə bu yaş həddi qanuni həllini taparsa, bu Avropa İttifaqı ölkələrində ən aşağı yaş həddi olacaq. Hazırda Almaniya və Şotlandiya kimi bir sıra Avropa İttifaqı ölkələrində yalnız özünü idarəetmə orqanlarına seçkilər zamanı səsvermədə 16 yaşlı vətəndaş iştirak edə bilər.
Macarıstanda isə vəziyyət daha maraqlıdır. Belə ki, yalnız 16 yaşında evli olan insanlar səs vermək hüququna malikdirlər, evli olmayanlar isə səs vermək üçün 18 yaşlarına qədər gözləmək məcburiyyətindədirlər.