“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”
“Təcavüzkar və ilhaqçı siyasəti, hərbi təxribatları, mülki şəxsləri hədəfə alaraq, o cümlədən, beynəlxalq humanitar hüququ tapdalayan, gündəlik əsasda cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi kobudcasına pozan, bölgədə gərginliyin alovlanması məsuliyyətini bilavasitə daşıyan Ermənistanın nə atəşkəsə riayət olunmasından, nə də təxribatçı əməllərdən çəkinməkdən danışmağa haqqı var”. AYNA bildirir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın açıqlamasında yer alıb.
XİN rəsmisi deyib ki, bu ilin 12 iyulunda Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat öncədən planlaşdırılmış növbəti təcavüz aktı idi: “Bu gücdən istifadə cəhdinin bütün məsuliyyəti Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərindədir. Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatını və mahiyyətini qəsdən pozmağa yönəlmiş siyasəti və ziddiyyətli açıqlamaları açıq şəkildə nümayiş etdirir ki, bu ölkə işğala əsaslanan status-kvo vəziyyətinin möhkəmləndirilməsinə çalışır. Lakin vurğulamaq istərdik ki, təcavüzkar Ermənistanın danışıqlara hər hansı qeyd-şərt qoymaq və danışıqların formatını dəyişdirmək cəhdləri qəbuledilməzdir”.
“Azərbaycanın işğal olunmuş ərazilərindəki mövcud status-kvo vəziyyəti qəbuledilməzdir. Çünki o, regional sülh və təhlükəsizlik üçün ciddi təhdid təşkil edir. İşğala əsaslanan status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalıdır”, - deyə Abdullayeva qeyd edib.