İlqar Vəlizadə: “Fələstinin qəbul etməməsinə baxmayaraq, planı reallaşdırmağa çalışırlar və ziddiyyətli mənzərə ortaya çıxır”
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu ilə uzun müddətdir gündəmdə olan “Yaxın Şərq sülh planı”nı beynəlxalq ictimaiyyətə təqdim edib və fələstinlilərin də gələcəkdə bu planı qəbul edəcəklərinə inandığını bildirib. Lakin Fələstin rəhbərliyi sözügedən plana etiraz edib.
Politoloq İlqar Vəlizadə mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırıb.
- İlqar bəy, Donald Tramp və Benyamin Netanyahu “Yaxın Şərq sülh planı”nı qəbul etdiklərini bildirdilər. Sizcə, planın nəticəsi necə olacaq?
- Məlum məsələdir ki, hər iki dövlət Fəlsətini açıq-aşkar fakt qarşısında qoyur. Əslində isə bu, ABŞ və İsarilin ortaq planıdır. Təbii ki, burada müştərək işdən, yaxud hansısa beynəlxalq səylərdən danışmaq mümkünsüzdür. Çünki bu prosesdə yalnız iki tərəf - ABŞ və İsrail iştirak edib. Buna baxmayaraq, İsrail və ABŞ daxilində də bu plana qarşı çıxan müxtəlif fikirlər mövcuddur. Yəni iki ölkə daxilində də bu planı qəbul etməyən qüvvələr var. Hətta ABŞ-da Demokratlar və Respublikaçıların içində də bu plana qarşı müxalif olan qüvvələr var.
ABŞ-da Prezident seçkiləri keçiriləcək. Əlbəttə ki, daxili və xarici siyasi aspektlərdən bu seçkilər mühüm rol oynayacaq. Belə ki, Trampın bu seçkilərdə qələbə qazanması üçün regionda aparılan siyasət əhəmiyyətlidir və Yaxın Şərqdə qələbə qazanmaq lazımdır. Bu planın həyata keçirlməsi də Trampa qələbə qazanmaq üçün əsas verir. Bundan əlavə, İsraildə qarşıdan gələn növbədənkənar parlament seçkiləri üçün Netanyahuya da bu plan lazımdır ki, Netanyahu müəyyən qədər dividendlər qazansın. Bununla da o, bu planı önə çəkərək və ABŞ-ın da bu planı dəstəklədiyini bildirirək seçkiqabağı platformasını möhkəmləndirəcək və növbəti dəfə Baş Nazir seçilməyə müvəffəq olacaq. Bir sözlə, daxili və xarici siyasət baxımından bu plan hər iki ölkə üçün xüsusi əhəmiyyət kəsb edir.
Mərahim Nəsib