“Yaxın həftələrdə bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq”
Latviya hakimiyyəti ölkədə qalmaq hüququ olmayan 800 rusiyalını deportasiya edə bilər. AYNA xəbər verir ki, bu barədə Latviya Miqrasiya İdarəsinin nümayəndəsi Madara Puke “TV3” telekanalına müsahibəsində deyib.
“Hazırda 800 nəfər Latviyada qalmaq hüququ almayıb. Nə daimi, nə də müvəqqəti yaşamaq üçün müraciət ediblər. Həmin şəxslərlə bağlı məlumatları əlavə yoxlamaq üçün Dövlət Sərhəd Xidmətinə vermişik. Yaxın həftələrdə bu insanların hələ də Latviyada olub-olmaması bəlli olacaq. Əgər belə olsa, 30 günə çıxmaq əmri veriləcək”, - deyə rəsmi şəxs bildirib.
Pukenin sözlərinə görə, Latviya dili imtahanından keçə bilməyən Rusiya vətəndaşları iki il müddətinə müvəqqəti yaşayış icazəsi üçün müraciət edə bilərlər: “Bundan sonra onların Latviya dili bilikləri yenidən yoxlanılacaq. Əgər nəticə olmasa, deportasiya olunacaqlar”.