Hazırkı situasiya erməni separatçılarının terrorunun dayandırılmasına nail olmağı mümkün edir
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyasının 30-cu günü tamam oldu. Azərbaycanda, bölgədə, dünyada ciddi əks-səda doğuran aksiya ermənilərin Qarabağ iqtisadi rayonunda törətdiyi ekoloji fəlakətin qarşısnın alınması üçün atılan ciddi bir addımdır.
Qarabağdakı separatçıların, onlara Ermənistanda, Fransada, Rusiyada və s. ölkələrdə dəstək verənlərin aksiyanın məramını fərqli şəkildə təqdim etməyi, onun guya erməniləri blokadaya almaq niyyəti güddüyünü söyləməyi nəticəsiz qalıb. Aksiyanın və aksiyaçıların əsas tələblərindən olan Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun əraziyə gəlməsi, ekoloji monitorinq keçirilməsi baş tutmasa da azərbaycanlı fəallar qərarlı olduqlarını göstərirlər. Separatçıları və onların havadarlarını ən çox da qorxudan budur.
Xankəndində zorla təşkil edilən “mitinq”ə, Şuşaya doğru yürüş etmək cəhdinə, məsələni Fransa vasitəsilə beynəlxalq müzakirəyə çıxartmağa və embarqo verilməsinə cəhd göstərməyə baxmayaraq rəsmi Bakı və ekofəallar geri çəkilmirlər. “Qızılbulaq” qızıl yatağı və Dəmirli mis-molibiden yatağını qeyri-qanuni istismar edən, Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” törəmə şirkəti bir ara işləri dayandırdığını elan etməklə taktik gediş etməyə çalışdı. Lakin Azərbaycan tərəfi bu xəbərə aldanmadı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparmasında israrını, tələbini geri çəkmədi. Qeyd edək ki, “Base Metals” İsveçrədə erməni biznesmen Valeriy Meclumyan tərəfindən təsis edilmiş “Vallex Group”un törəmə şirkətidir.
Ermənilərin beynəlxalq aləmdə qaldırdığı hay-küy, Fransanın BMT Təhlükəsizlik Şurasında məsələni müzakirəyə çıxardaraq Azərbaycana qarşı sanksiyalar tətbiq etdirmək cəhdləri iflasa uğradı. Separatçıların, Ermənistandakı siyasilərin Rusiyanı şantaj etməsi, guya rəsmi Moskvanın bu aksiyanı Azərbaycan və Türkiyə ilə birgə şəkildə təşkil etməsi kimi iftiraları da yerimədi. Çünki Azərbaycan yolun bağlanmadığını, blokada həyata keçirmədiyini sübut etdi. Yol humanitar məqsədlər üçün, dinc və sadə ermənilər üçün açıqdır və indiyə qədər kifayət qədər nəqliyyat vasitəsi də bundan istifadə edib.
Azərbaycan nəinki ekoterrora son qoyulması tələbində geri çəkilmədi, hətta onları daha da sərtləşdirdi. Rəsmi Bakı ekoloji terrora son qoyulması ilə yanaşı, Xankəndi və ətraf ərazilərdəki mədəniyyət abidələrində də monitorinq keçirməyi, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılmasını, Qarabağdakı separatçılara silah və mina daşınmasının dayandırılmasını, Azərbaycanın icazəsi olmadan xarici vətəndaşların Qarabağa səfərlərinə son qoyulmasını və s. tələb edir. Tələblər yerinə yetirilməyib və buna görə də aksiya davam edir.
Bugün yayılan görüntülərdən bəlli olur ki, Laçın-Xankəndi yolunda, aksiyanın keçirildiyi ərzidə artıq Azərbaycanın yol polisi xidmətə başlayıb. Rəsmi təsdiqini tapmasa da prosesin tam olaraq bu istiqamətə yönəlməsi mümkün haldır. Yol, Xankəndi, orada olan hər bir yataq, mədəniyyət abidəsi, torpaq sahəsi Azərbaycana məxsusdur. Rusiya sülhməramlıları da, onların dəstək verdiyi separatçılar da burada müvəqqətidirlər. Polis nəzarətini gücləndirmək, Ermənistanla sərhəddə Laçın istiqamətində gömrük və sərhəd postu qoymaq, gəlib-gedən hər bir yükü, nəqliyyat vasitəsini ciddi şəkildə yoxlamaq lazımdır. Humanitar məqsədlər üçün açıq yoldan sülhməramlı, dinc sakin adı altında separatçılara silah və mina daşınması mümkündür. Ona görə də rəsmi Bakı tələblərində haqlıdır və bu prosesə nəzarətin tam şəkildə Azərbaycana verilməsi lazımdır. Əks təqdirdə aksiyaların, etirazların davam etməsi ən məqbul yoldur.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda faydalı qazıntıların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkətinin müqavilə öhdəliklərinə “Qızılbulaq” yatağı da daxildir. Azərbaycanla şirkət arasında müqavilə 1997-ci il avqustun 21-də imzalanıb. Lakin müqavilənin “Qzılbulaq” hissəsini hələ ki icra etmək mümkün olmayıb. Şirkət qanunsuz istismara görə qarşı tərəfi beynəlxalq məhkəməyə də verə bilər.
“Qızılbulaq” qızıl yatağı hazırda Kəlbəcər rayonunun, “Dəmirli” Tərtər rayonunun (əvvəllər isə ləğv olunmuş Ağdərə rayonunun) inzibati ərazisinə daxildir. Separatçıların nəzarət etdiyi ərazidə olan “Qızılbulaq” onlar tərəfindən “Drambon” adlandırılır, “Dəmirli” isə “Kaşen” adlandırılır. Bu yataqlardan böyük miqdarda mis, molibden və qızıl Ermənistana daşınıb.
Azərbaycanın Baş Prokurorluğu 2018-ci ildə işğal altındakı ərazilərin sərvətlərinin talanması ilə bağlı beynəlxalq məhkəmələrə müraciət ünvanlayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra istintaq işləri birbaşa yerlərdə aparılıb və yeni faktlar aşkarlanıb.
Hazırda mövcud olan situasiya bu istiqamətdə işləri daha da genişləndirməyi və erməni separatçılarının terrorunun dayandırılmasına nail olmağı mümkün edir.
Mübariz Göyüşlü - Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi