Kreml: ABŞ nüvə silahını Polşaya yerləşdirsə, Rusiya tədbirlər görəcək

Dünya

22.04.2024 - 18:43

Dmitri Peskov: “Rusiya təhlükəsizliyinə zəmanət vermək üçün lazım olan hər şeyi edəcək”

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Polşa lideri Anjey Dudanın Varşavanın ABŞ-ın nüvə silahlarını yerləşdirməyə hazır olması ilə bağlı bəyanatını şərh edib.

AYNA-nın rus mediasına istinadən məlumatına görə, Peskov deyib ki, Rusiya hərbçiləri bu planlar həyata keçərsə, vəziyyəti təhlil edəcək və istənilən halda Rusiya təhlükəsizliyinə zəmanət vermək üçün lazım olan hər şeyi edəcək.

Bundan əvvəl Duda ABŞ-ın nüvə silahlarını Polşa ərazisinə yerləşdirməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, bu, NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün vacibdir.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev Dudanın Amerika nüvə silahlarını Polşa ərazisinə yerləşdirməyə hazır olması barədə bəyanatını “tamamilə məsuliyyətsizlik” adlandırıb.

Müəllif: Ayna.az