Koronavirusun tüğyan etdiyi ölkəyə virtual səyahət: Saat 20:00-da həyat dayanır

Maraqlı

20.04.2021 - 15:41

Fərqanə Bayramlı: “Yoluxma daha çoxdur, axşamlar evdən çıxmağa icazə vermirlər, lakin ictimai nəqliyyat tam gücü ilə işləyir”

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayını açıqlayıb. ÜST-nin dünən açıqladığı hesabatda qeyd olunur ki, COVID-19-a yoluxma sayı 140 milyonu ötüb. Nəzərə alanda ki, bu, yalnız rəsmi rəqəmlərdir və yoluxma sayı daha çoxdur, o zaman koronavirus infeksiyasının hələ uzun müddət davam edəcəyini ehtimal etmək olar.

 

ÜST-nin hesabatında daha bir diqqətçəkən məqam qurumun müxtəlif ölkələrlə bağlı açıqladığı statistik göstəricilərdir. Məlum olub ki, koronavirusa yoluxma sayına görə liderlik ABŞ-a məxsusdur. Siyahını Hindistan, Braziliya, Fransa, Rusiya, Böyük Britaniya, Türkiyə, İtaliya, İspaniya, Yunanıstan və digər dövlətlər davam etdirir.

 

AYNA müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızla bu mövzuda silsilə müsahibələrə başlayır. Müsahiblərimiz yaşadıqları ölkələrdə koronavirusa yoluxma səviyyəsi, tətbiq olunan qaydalar, koronavirus fonunda sosial-iqtisadi vəziyyət və digər məsələlər barədə danışacaqlar.

 

İlk həmsöhbətimiz “Vodafone” çoxmillətli telekommunikasiya şirkətində maliyyə meneceri vəzifəsində çalışan Fərqanə Bayramlıdır. O, iki ilə yaxındır Macarıstanda yaşayır və Macarıstan Hökumətinin “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Corvinus Universitetində İqtisadi təhlil ixtisası üzrə magistridir.

 

Azərbaycanda yaşadığı müddətdə fəal gənclərdən olub və ölkəmizi müxtəlif beynəlxalq layihələrdə təmsil edib. Azərbaycanın Macarıstandakı səfirliyində təcrübəçi olaraq çalışmış F.Bayramlı “Cavan” Gənclər Hərəkatının da meneceri olub. Beləliklə:

No description available.

- Fərqanə xanım, koronavirus pandemiyası dünyanı cənginə alıb. Hər gün yüzminlərlə yoluxma, onminlərlə ölüm faktı qeydə alınır. Macarıstanda vəziyyət nə yerədir?

 

- Bütün dünyada olduğu kimi, Macarıstan da koronavirusla mübarizə aparır. Pandemiyanın ikinci dalğasından sonra dərslər və işlər onlayn formaya keçdi. Bununla yanaşı, axşam saat 20:00-dan sonra çölə çıxmaq qadağası tətbiq edilir. Çoxlu sayda ictimai iaşə obyektləri hələ də bağlıdır. Britaniya ştammı Macarıstanda da geniş yayılıb və son dövrlər yoluxanların əksəriyyəti məhz bu ştammla yoluxur. Ümumi mənzərə ondan ibarətdir ki, Macarıstanda əsas yoluxma böyük şəhələrdədir. Paytaxt Budapeştdə isə yoluxma sayı pik həddə çatıb. Digər dövlətlərdə olduğu kimi, Macarıstanda da əhali koronavirusa qarşı peyvənd olunur. Lakin vaksinasiya yoluxma sayını əhəmiyyətli şəkildə azaltmır. Vaxtaşırı olaraq əhali arasında maarifləndirmə işləri aparılır.

 

- İctimai nəqliyyat işləyirmi? Ölkəyə giriş-çıxış mümkündürmü? Macar hökuməti bunu hansı qaydalarla tənzimləyir?

 

- Pandemiya başladığı ilk günlərdən, eləcə də yoluxma sayının pik həddə çatdığı dövrlərdə ictimai nəqliyyat bir gün belə, dayanmadı. Yalnız evdən çıxmaq qadağasının mövcud olduğu axşam saatlarında ictimai nəqliyyat işləmir. Bu müddətdə yalnız zəruri qida məhsullarının, apteklərin fəaliyyətinə icazə verilir. Günün digər saatlarında isə ictimai nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur. Bu, istər avtobuslara, istər metroya, istərsə də tramvay və trolleybuslara aiddir. Yəni, ictimai nəqliyyat bəlli saatlarda tam gücü ilə çalışır. Təbii ki, oturacaqlar arasında ara məsafəsi gözlənilmək və gigiyenik vasitələrdən istifadə etmək şərtilə. Uçuşlara gəldikdə isə, yerli aviasiya şirkəri – “WIzzAir” fəaliyyət göstərir, lakin məhdud müstəvidə. Ölkəyə giriş-çıxış faktiki olaraq bağlıdır. Çoxlu sayda uçuşlar təxirə salınıb və ya ləğv edilib, amma rəsmi olaraq sərhədlər açıqdır. Sərhəd-keçid məntəqlərində ciddi yoxlamalar həyata keçirilir. Yalnız test verəndən və nəticə “neqativ” çıxandan sonra Macarıstan ərazisinə daxil olmaq mümkündür. Bu məsələdə ciddi intizam var.

 

- Bildiyiniz kimi, paytaxt Bakıda və digər şəhərlərdə məktəblər yenidən bağlandı. Macarıstanda məktəblər hansı formada fəaliyyət göstərir: Əyani, yoxsa distant?

 

- Ümumilikdə deyə bilərəm ki, Macarıstan koronavirusun ən çox yayıldığı ölkələrdən biridir. Nəinki Avropada, dünyada bu göstərici ilə fərqlənir. Baxmayaraq ki, Azərbaycanla əhali sayı nisbəti bərabərdir, burada yoluxma sayı daha çoxdur. Misal üçün, Azərbaycanda ortalama günə 2 min yoluxma sayı aşkarlanırsa, burada rəqəm iki-üç dəfə çoxdur. Bu səbəbdən Azərbaycanda olduğu kimi, Macarıstanda da məktəblər bağlıdır. Təyinatından asılı olmayaraq bütün məktəblərə bu, şamil olunub. Tədris yalnız distant formada həyata keçirilir. Onlayn dərslərin, konfransların həyata keçirilməsi və bir sıra layihələrin, yarışmaların təşkil olunması davam edir. Əyani təhsil qadağan edilsə də, Macarıstanda onlayn təhsil ən yüksək səviyyədə həyata keçirilir. Yəni, əyani təhsilin dayanması tələbə və şagirdlərin bilik səviyyəsinə təsir göstərmir. Çünki mükəmməl səviyyədə qurulub və bütün təhsil müəssisələri bu prosesdə yaxından iştirak edir.

 

- Pandemiya bir çox sahələrin fəaliyyətini iflic etdi. Bu səbəbdən hökumətlər vətəndaşlara kompensiyaya ödədi. Macarıstanda bu proses necə həyata keçirilir?

 

- İlk növbədə turizm sektoru pandemiyadan daha çox zərər çəkdi. Bilirsiniz ki, Macarıstan qədim tarixi ənənələrə malikdir. Turizm potensialına görə dünyanın aparıcı dövlətləri sırasında yer alır. Ölkəyə gələn turistlərin 98 faizi Avropa ölkələrindən gələnlərdir. Onların arasında Avstriya, Almaniya və Slovakiya kimi ölkələrdən gələnlər üstünlük təşkil edir. Turizm mövsümü apreldən oktyabra qədər davam edir. İyul-avqust ayları turistik aktivliyin pik dönəmidir. Macarıstanda turistlərin ən çox maraq göstərdikləri şəhər Budapeştdir. Nəzərə alanda ki, qarşıdan turizm mövsümü gəlir, bu mənada macar turizmi böyük sıxıntılar yaşayacaq. Eyni zamanda bir çox iaşə və ticarət obyektlərində iqtisadi geriləmələr baş verib. Təbii ki, pandemiya bu ölkənin də iqtisadiyyatını tənəzzülə uğradıb. O ki qaldı hökumətin vətəndaşlara dəstəyinə, bu dəstək var, lakin çox ciddi qapanmalar olmadığına görə genişmiqyaslı deyil.

No description available.

- İqtisadi imkanlardan söz düşmüşkən, macar iqtisadiyyatını ayaqda saxlayan nədir? Strateji sahələr hansılardır?

 

- Söylədiyim kimi, burada turizm sektoru çox ciddi şəkildə inkişaf edib. “Buda qəsri”, “Milli Qalereya”, “Budapeşt Tarix muzeyi”, “Müqəddəs Matyaşka kilsəsi”, “Şandor Sarayı” pandemiyaya qədər hər il milyonlarla turizmin üz tutduğu məkanlar idi. Ölkənin faydalı qazıntı ehtiyatları azdır. Əsas təbii sərvəti boksit yataqlarıdır. Az miqdarda daş kömür, neft, təbii qaz, mis və uran ehtiyatlarına malikdir. Eyni zamanda əkinçilik yüksək səviyyədə inkişaf edib. Ümumi daxili məhsula (ÜDM) görə adambaşına düşən orta illik gəlir 13-14 min ABŞ dolları civarındadır. İqtisadiyyatı əsasən ixracat əsaslıdır və xarici ticarətin böyük hissəsi Avropa Birliyi ilə əlaqəlidir. Xarici ticarət əlaqələrində maşınlar, elektron əşyalar və nəqliyyat vasitələri idxal və ixracatda əsas sektorlardır. İdxalatın təxminən yarısı, ixracın isə yarıdan çoxunu bu üç sektor təşkil edir. Macarıstan iqtisadi baxımdan çox da inkişaf edən dövlət deyil. Lakin bu ölkədə azad rəqabət mühiti var və vətəndaşlar qanunların verdiyi bütün imkanlardan bəhrələnə bilirlər.

 

- Müharibə hərbi müstəvidə bitsə də, informasiya və diaspor savaşı davam edir. Azərbaycanın Vətən müharibəsi və ondan sonrakı dövrdə Macarıstanda yaşayan soydaşlarımız hansı işləri gördülər?

 

- Açıq şəkildə söyləmək istəyirəm ki, 44 günlük Vətən müharibəsi zamanı hər birimizin ürəyi Azərbaycanla döyünürdü. Faktiki olaraq bütün işlərimizi kənara qoyur və yalnız bununla maraqlanırdıq. Çox şükürlər olsun ki, Azərbaycan tarixi zəfər qazandı. Uzun illərdir həsrətini çəkdiyimiz doğma torpaqlarımıza qovuşduq. Müharibənin getdiyi dövrdə Macarıstanda yaşayan soydaşlarımız, tələbələr bir araya gəldilər. Koordinasiya çox yüksək səviyyədə idi. Bu gün də belədir.  Qeyd edim ki, bu qələbə xalqımızla, Ali Baş Komandanımızla, ordumuzla birlikdə olmağımızın bariz nümunəsi kimi tarixə düşdü. Hazırda erməni disporuna və erməni yalanlarına qarşı mübarizəmiz davam edir. Məlumdur ki, onlar Avropada böyük dayaqlara malikdirlər və bunun qarşısını almaq üçün maksimum şəkildə səylə çalışırıq. Təəssüf ki, pandemiya səbəbindən Azərbaycana gələ bilmədik. Ölkəyə dönən kimi ilk işimiz işğaldan azad edilmiş doğma torpaqlarımızı ziyarət etmək olacaq.

 

- Qədim Avropa ölkəsində həm işləyir, həm də təhsil alırsınız. Gələcək perspektivdə Azərbaycana qayıtmağı, yoxsa elə Avropada qalıb işləməyi nəzərdə tutursunuz?

 

- Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Hazırda isə Budapeştdə magistr təhsili alıram. Ölkədə olduğum müddətdə aktiv ictimai fəaliyyətlə məşğul olmuşam. 2019-cu ilin may ayından etibarən Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən, Belçikanın Brüssel şəhərində yerləşən Avropa Parlamentində təcrübə proqramının iştirakçısı olmuşam. Həmçinin Azərbaycanın NATO yanındakı daimi nümayəndəliyində görüşlərdə iştirak etmişəm. Daha sonra həmin ildə Litvanın Vilnus və Kaunas şəhərlərində “Erasmus+” öyrənmə mobilliyi çərçivəsində olan beynəlxalq layihədə gənc sahibkarlıq və liderlik istiqamətində həyata keçirilən tədbirdə uğurla iştirak etmişəm.

 

Sözsüz, magistr təhsilimi bitirəndən sonra Azərbaycana geri dönəcək və öz dövlətimə faydalı olmağa çalışacağam. O günü səbirsizliklə gözləyirəm. Özüm burada olsam da, ürəyim Azərbaycandadır. Bir gənc üçün xaricdə tək yaşamaq çox çətindir. Amma bir həqiqət də var ki, biz daha çox öyrənməli və əxz etdiklərimizi Azərbaycana gətirməliyik. Prezident İlham Əliyevin gənclər siyasətini və gənclərin inkişafı ilə bağlı olan qərarlarını çox yüksək qimətləndirirəm. Təhsil sektorundakı uğurlu gənclərdən biri olaraq, hal-hazırda xaricdə aldığım təhsili və qazandığım iş təcrübəsini davam etdirib, Azərbaycanımıza töhfə verəcəyəm.

Müəllif: Azər Niftiyev