Ay camaat, “QAİ” demək istəyir ki... – <font color=red> AXI NİYƏ?!</font>

Maraqlı

04.03.2021 - 10:24

Savadsız jurnalistlər Namidan Piriyevi başa düşmədilər

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastırına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Müstəqilliyimizin 30 yaşı olmasına baxmayaraq, dilimizdə bir çox dövlət idarələrinin, rəsmi yerlərin adı elə Sovetin dövründəki kimi qalıb və işləməkdə davam edir. Bəli, Kirovobadı Gəncə, raykomu icra başçısı, Baş katibi Prezident sözü ilə uğurla əvəzlədik, dilimizə tez yatdı. Bu isə o demək idi ki, deməli, əvvəlki Sovet sözləri bizə doğma deyildi, dilimizə yatmırdı və necə deyərlər, öz yerində deyildi.

 

Amma sovet dövründən indiyə qədər bir idarə adı var ki, nə qədər yeniləşdirirsən-yeniləşdir, elə “QAİ” kimi qalıb şüurumuzda. Ay nə bilim, yol polisi, polis inspektoru və daha digər avropalaşmış adlar yapışmır bu peşə sahiblərinə. Elə “QAİ”-dir ki, “QAİ”-dir.

 

Mövzunu “QAİ”-dən seçməyimin bir səbəbi var. Səbəb bizim jurnalist ordusudur - hansıların ki, içində doğurdan da kəmsavadları az deyil. Etiraf edək ki, “qaişnik”lər Azərbaycanda jurnalistlərə az-çox hörmət edən dövlət orqanı əməkdaşlarından biridir. İşimiz dara düşən kimi, maşınımızı görəndə qarşıdakı “qaişnik”in çubuğunu qaldırmaq istəməsi halında belə, avtomatik olaraq başlayırıq Vaqif Əsədovun nömrəsini yığmağa. O da sağ olsun, içki və avtoxuliqanlıq pozuntularından başqa, demək olar ki, bütün hallarda dadımıza çatır və buradan ona böyük təşəkkür.

 

Amma biz  - jurnalistlər yaman qədirbilməz olmuşuq. Nə var-nə var, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) İctimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bir kəlmə söz deyib, məsələnin mahiyyətinə varmadan düşmüşük kişilərin üstünə. O dəqiqə “QAİ”də rüşvət-filan, hətta yeri olmasa belə, Suriyadakı konfliktdə də məhz onların izini axtarmağa başlamışıq.

 

Nə deyib axı, bu Namidan müəllim? Mənə elə gəlir ki, bu dediklərinə görə, “QAİ”-ni tənqid yox, dəstəkləmək, Namidan müəllimi isə ilin “qaişnik”i seçmək lazımdır. Axı niyə belə düşünürəm?! İzah edim.

 

Polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, son vaxtlar həftənin ayrı-ayrı günlərində paytaxtın giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir. Və bu problemdən çıxış yolu da təklif edib: “Yaranmış vəziyyətlə bağlı aparılmış təhlillər göstərir ki, paytaxtın yol infrastrukturunun inkişaf etməsinə baxmayaraq, yaranan sıxlıqların əsas səbəblərindən biri bəzi sürücülərin nasaz avtomobillərlə yola çıxmalarıdır. Belə ki, bir avtomobilin nasazlığa, yaxud yanacağının bitməsinə görə yolun hərəkət hissəsində dayanması arxadan həmin zolaqla gələn yüzlərlə digər nəqliyyat vasitəsinin də dayanmasına səbəb olur. Arxadakı sürücülərin hərəkəti davam etdirmək niyyəti ilə qonşu zolaqlara keçmək istəkləri isə bütün zolaqlar üzrə nəqliyyatın ümumi hərəkətinə mənfi təsir göstərir ki, bu da həmin avtomobillərin təxliyyə olunmasını və ya onlara texniki yardım göstərilməsini mümkünsüz edir. Artıq belə olan halda, əlbəttə ki, yollar nə qədər genişləndirilsə də, effekti az olacaq”.

No description available.

Qeyd olunanları nəzərə alaraq, hərəkət iştirakçılarının yollarda əlavə vaxt itkisinin qarşısının alınması, habelə nəqliyyatın rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə DİN BDYPİ bir daha sürücülərin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün vaxtlı-vaxtında texniki xidmət göstərməli və onların istismarı zamanı müəyyən edilmiş tələblərə riayət etməlidirlər. Bu tələblərin pozulmasına görə sürücülər və cavabdeh şəxslər ciddi inzibati cəza tədbirlərinə cəlb olunacaqlar”, - deyə polis rəsmisi vurğulayıb.

 

Yəni, yolda köhnə maşınınız xarab olarsa və ya yanacaq bitərsə, onda “ağlı-göylü” maşınlar gəlib sizə yaxınlaşacaq və cərimə oluncaqsız. Hə! Nə var ki, burda? Niyə bu kişini və onun təmsil etdiyi strukturu amansız tənqid edirik? Ay millət! Sizin xəyal etdiyiniz polis əməkdaşı - hansı ki, maşınınız xarab olanda, dayanıb sizə kömək təklif edir, Hollivud filmlərində olur. Mirzə Babayevin “Bəyin oğurlanması” filmindəki qəhrəmanı demiş “Bu, kinodu!”.

 

Həyatda isə Namidan müəllim də gözəl bilir ki, “QAİ”-nin texosmotrundan, hətta, salondan 1-2 il əvvəl alınmış maşın da keçməyə bilər. Çünki, o texniki tələblərin özü absurddur. 20 ilin “çeşkası”na salon maşını tələbləri qoymaq, 3 dəfə ərə getmiş 60 yaşlı qadından bakirəlik testi vermək tələbi kimi bir şeydir. Və bu tələbin illərdir dəyişməməsinin arxasında hansı məbləğlərin fırlandığını da “qaişnik”lər bizdən yaxşı bilirlər.

 

Digər tərəfdən, Namidan müəllimi başa düşməyən jurnalistlərə bir izahat da verim: kişi deyir ki, ay camaat, köhnə maşın sürməyin, yenisini alın. Sizcə, o boyda Namidan müəllim bilmir ki, biz (geniş xalq kütlələri) imkanımız olmadığı üçün 18+ “dördgöz” və ya salamat “çeşka” axtarırıq? Pulumuz olsa, elə “Gelendevagen” sürərik də. Əlbəttə, bilir!

 

Sadəcə, Namidan müəllim hökumətə eyham vurur ki, ay hökümət, bu maşınların utilizasiya proqramı olmalıydı haa - hansına görə ki, insanlar köhnə arabalarını təhvil verib, olduqca aşağı faizlə yenisini alırlar, o nooldu? O məsələni reallaşdırın ki, insanlar illik 19-30 faizlə yox, 2-3 faizlə yeni maşınlar alsınlar: həm ekologiya korlanmasın, həm də şəhərdə köhnə maşınların sayı azalsın. Bunun üçün, hətta, hörmətli Səfər Mehdiyev müəllimdən də xahiş etmək, and-qəsəm vermək olar ki, avtomobillər üçün gömrük rüsumunu maşının öz qiymətindən baha eləməsin, 2000 kub.sm-lik motorlu maşın üçün 5600 manat rüsum almasın ki, bu millət də yeni maşın sürsün və Namidan müəllim də yolda xarab maşın görən kimi sürcüləri cərimə etməsin.

 

Bu kişi bunu demək istəyir, biz isə düşmüşük üstünə ki, ay nə bilim intellekt belə gəldi, savad elə getdi. Bizim özümüz savadlı olsaydıq, Namidan müəllimi “srazı” başa düşərdik. Kişi illərdir daşlaşmış bir problemin həllini qaldırıb.

 

Amma mənim özümün də onun çıxışında bir məsələdən başım çıxmadı. Deyir ki, yanacaq qurtarırsa, maşın yolda qalır və sıxlıq yaranır, buna görə də “QAİ” cərimə edəcək. Maraqlıdır, cərimə edilən kimi yolda qalan, sıxlıq yaradan maşının benzin bakı necə dolacaq ki, bu sıxlıq aradan qalxsın? Bəlkə, belə anlarda “qaişnik”lər yaxınlıqdakı “zapravka”dan 10 litr benzin alıb, versinlər kişiyə ki, yol boşalsın? Bu, daha effektli olmazmı? Ancaq bu dediyim də “kinodu”. Yəqin, Namidan müəllimin bu sözünün də bir açması, arxasında isə kiməsə ünvanlanan mesajı var. Savadım bu hissəni anlamağa çatmadı...

Müəllif: Yoldaş Mircəfər