Koronavirusun qalıcı təsirləri araşdırılıb

Dünya

10.01.2021 - 07:17

Xəstəxanadan çıxan 4 nəfərdən 3-ü eyni şeyi deyir: Koronavirusun təsiri aylardır keçmir
 
Dünyada COVID-19 virusuna yoluxanların sayı 89 milyonu keçib. Pandemiyada ölənlərin sayı 1.9 milyona çatıb, amma xəstəliyin uzunmüddətli təsirləri hələ bilinmir. AYNA dünya mətbuatına istinadən xəbər verir ki, Vuhanda virusa yoluxub sağaldıqdan bir neçə ay sonra da xəstəliyin təsirlərini hiss edənlər üzərində bir araşdırma aparılıb. Çində aparılan bu araşdırma COVID-19 virusuna yoluxan insanların aylar keçməsinə baxmayaraq, xəstəliyin təsirlərindən xilas ola bilmədiklərini ortaya çıxarıb. Nəticələri “The Lancet” tibbi jurnalında dərc olunan araşdırmada COVID-19 virusuna yoluxan və 2020-ci ilin yanvar-may ayları arasında xəstəxanada müalicə alan 1733 nəfər müayinə edilib.
 
Bu günə qədər bu sahədə ən uzun və ən əhatəli bir iş olduğu bildirilən araşdırmada xəstələr sağaldıqdan 6 ay sonra da virusun simptomlarından tam olaraq qurtula bilməyiblər. Xəstələrin 76%-i bütün bu müddətə baxmayaraq, ən az bir simptomdan əziyyət çəkməyə davam etdiklərini söyləyib.
 
İyun-sentyabr ayları ərzində iştirakçılara laboratoriya testləri, fiziki müayinə və ağciyər funksiyası testləri tətbiq edilib. 6 aydan sonra 63% pasientdə ən çox rast gəlinən simptom yorğunluq və əzələ zəifliyi olub. Xəstələrin 26%i yuxu problemi olduğunu, 23%-i narahatlıq və depressiya ilə mübarizə apardıqlarını bildirib.
 
Dr. Bin Cao bu barədə belə deyib: “COVID-19 yeni bir xəstəlik olduğundan onun uzunmüddətli təsirlərini yeni anlamağa başlayırıq. Təhlillərimiz xəstəxanadan çıxan insanların böyük əksəriyyətinin ən azı bir təsir ilə mübarizə apardığını göstərir”.
Müəllif: Ayna.az