Konstitusiya bəhanəsinə son: “Parlamentin qərarı kifayətdir ki...”

Siyasət

08.11.2024 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

Deputat: “Müstəqillik Bəyannaməsindəki bənd ləğv olunana qədər sülh müqaviləsinin imzalanması çətindir”

Bugünlərdə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan kifayət qədər orijinal bəyanatla çıxış edib. Deyib ki, sərhədlərin delimitasiyası komissiyaları üçün reqlamentin olması həm Azərbaycan, həm də Ermənistan üçün ən böyük qələbədir.

“Bu, ikitərəfli qələbədir. Bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir”, - deyə o, jurnalistlərə bildirib.

Simonyan Ermənistanla Azərbaycan arasında bu məsələdə müsbət prosesin baş verəcəyinə inanır. Onun sözügedən açıqlaması ilə bağlı AYNA-nın suallarını Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov cavabalandırıb.

- Alen Simonyan ən böyük qələbədən danışır. Ermənistan tərəfi bu məsələdə nə dərəcədə səmimidir?

- Sərhədin delimitasiyası komissiyalarının reqlamentini böyük qələbə adlandırmaq mübaliğədir. Aydındır ki, Simonyan öz partiyasının və hökumət komandasının uğurlarını vurğulayır. Lakin bu, həqiqətən də Azərbaycanla Ermənistan arasında ikitərəfli dialoqda vasitəçi olmadan hansısa üçüncü ölkədə deyil, birbaşa sərhəddə işlənib hazırlanmış və imzalanmış ilk sənəddir. Bu hadisə böyük qələbəyə səbəb olmasa da, imzalanmış sənəd və presedent vacibdir.

- Ermənistan parlamentinin spikeri müsbət inkişafa böyük ümid bəsləyir. Halbuki, orata böyük AMMA var: Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan Konstitusiyası. İrəvan yenə də bu addımı atacaqmı?

- Siyasi müşahidəçilər Kazanda keçirilən BRICS sammiti zamanı Azərbaycan və Ermənistan liderləri arasında müsbət ab-havaya və işgüzar dialoqa diqqət çəkiblər. Xüsusən də Zəngəzur dəhlizi məsələsində tərəflərin mövqelərinin yaxınlaşdığı göz qabağındadır. Büdrəmə Ermənistanın Müstəqillik Bəyannaməsinin Qarabağımızın ilhaqını bəyan edən bəndində qalır. Bu bənd ləğv olunana qədər sülh müqaviləsinin imzalanması çətindir.

Tərəflər qarşılıqlı məqbul həll yolu axtarırlar. Ermənistanın reallıqla barışıb öz qanunvericiliyini ona və beynəlxalq hüquqa uyğunlaşdırmasının vaxtıdır. Axı, aydındır ki, “Artsax” yoxdur və olmayacaq da. Bu kvazi varlıq artıq nə fiziki, nə də hüquqi cəhətdən mövcuddur. Bu bəndin reallığa uyğun gəlməyən və beynəlxalq hüquqa zidd olaraq İstiqlal Bəyannaməsindən çıxarılması üçün “Vətəndaş Müqaviləsi”nin tərəfdarı olan hökumətin böyük səs çoxluğuna malik olduğu parlamentin qərarı kifayətdir. Nikol Paşinyanın dediyi yeni Konstitusiyanın qəbulu isə gələcəkdə də həyata keçirilə bilər.

- Bu, o deməkdirmi ki, Ermənistan revanşist niyyətlərindən əl çəkib, Azərbaycanla sülhə hazırdır?

- Qanunvericiliyə dəyişikliklər edilərək Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan cəmiyyətinin ölkəmizə qarşı ərazi iddialarından tam sağalacağına, revanşist fikirlərdən uzaqlaşacağına inanmaq illüziyadır. Ermənistan-Türkiyə münasibətlərinə müraciət etmək kifayətdir. Ermənilərin türk ərazilərindən qondarma “Böyük Ermənistan”ı qoparmaq iddialarından 115 il ötsə də, erməni təşkilatları tərəfindən Türkiyəyə düşmənçilik, qisasçılıq ideyaları, bir növ ərazi və maliyyə təzminatı tələbi hələ də davam etdirilir.

Və bu kontekstdə belə görünür ki, Ermənistanın müəyyən dairələrində hələ uzun müddət “Artsax”ın bərpasından danışılacaq. Ermənistanın dövlət və hökumət səviyyəsində bu cür iddialardan açıq şəkildə imtina etməsi vacibdir. Məhz buna görə də Bakı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına vasitəçilik etmək missiyasını yerinə yetirə bilməyən Minsk Qrupunun ləğvi ilə bağlı sülh müqaviləsi bağlandıqdan sonra ATƏT-ə birgə müraciət etməkdə israrlıdır. Belə bir müraciət Ermənistan hakimiyyətinin dövlətlərarası münasibətlərimizi zəhərləyən Ermənistanın Qarabağ iddialarını beynəlxalq gündəmdən çıxarmağa hazırlığının sınağıdır.

Müəllif: Fed Bakinski