”Seçki günü jurnalistlərin fəaliyyətinə böyük problemlər yaradılıb”

Siyasət

14.02.2020 - 20:39

"Bəzi dairələrin ləğvi sosial şəbəkənin hesabına oldu"

 

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Avropa İttifaqının dəstəyi ilə fəaliyyət göstərən Resurs Mərkəzində “2020-ci ilin parlament seçkiləri və media. Jurnalist hüquqları və vəzifələri” mövzusunda dəyirmi masa keçirildi.

 

AYNA xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev indiyə qədər hər seçkidən sonra medianın fəaliyyətinin ayrıca müzakirə olunduğunu xatırlatdı və mövzu barədə qonaqları məlumatlandırdı. O, son illərin media üçün ağır keçdiyini söylədi.

 

Sonra media eksperti, hüquqşünas Ələsgər Məmmədli apardıqları monitorinq barədə geniş məlumat verdi: “Demokratik Təşəbbüslər İnstitutu ilə birlikdə 9 media qurumunu monitorinq etdik. Bunlar Azərbaycan Dövlət Televizisiyası, İctimai Televiziya, Real TV, Azertac, Report.az, Turan, Meydan TV və Azadlıq.info-dur. Monitorinqi iki hissəyə böldük – seçkiyə start veriləndən 16 yanvara qədər olan dövr və son üç həftəlik təşviqat dövrü. Seçki ilə bağlı informasiyaların 92,75 %-i iqtidar və onu dəstəkləyənlərin lehinə olub. Bu informasiyaların tərkibində yalnız 2% maarifləndirici xəbərlər, 3,55 % təşviqat materialları var idi.”

 

Ə. Məmmədli İctimai Televiziyada ödənişli efir vaxtının bir dəqiqəsinin 4602 manat olduğunu nəzərə çatdırdı: “Bundan yalnız namizəd Adil Əliyev bir neçə dəqiqə istifadə edib. Ondan başqa heç kəs ödənişli efir vaxtından istifadə etməyib.”

 

Ə. Məmmədli jurnalistlərin prosesdə iştirakından da danışaraq bununla bağlı seçki günü böyük problemlərin yaşandığını bildirdi: “Baxmayaraq ki, Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası seçkilərdən öncə maarifləndirici tədbir keçirmişdi. Biz 33 dairə və 330 məntəqədən məlumat alırdıq. Daxil olan xəbərlər və videomateriallar göstərir ki, jurnalistlərin informasiya toplamasına sistemli şəkildə problemlər yaradılıb. BBC və digər beynəlxalq media orqanlarının jurnalistləri daha rahat informasiya toplamaq imkanına sahib olublar. Qalan bütün jurnalistlər təzyiqlərlə qarşılaşıb.”

 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə çıxışında qeyd etdi ki, bu seçki kampaniyasında ənənəvi media iflasa uğrayıb. Onun sözlərinə görə, ATƏT yanvarın 29 -da açıqladığı aralıq hesabatında seçki kampaniyasının informasiya blokadası şəraitində aparıldığını vurğulayıb: “MSK-nın tərkibində İnformasiya Mərkəzi yaradılıb. Bu mərkəz cəmiyyətə informasiya verməklə məşğul olmalı idi, lakin dezinformasiya ilə məşğul oldu. Bəzi dairələrin ləğvi isə sosial şəbəkənin hesabına oldu. Sosial şəbəkələrdə pozuntularla bağlı böyük miqdarda informasiyalar yayıldı. Mətbuat Şurasının fəaliyyətini izlədim. Onlar da dezinformasiya sisteminin tərkib hissəsinə çevrildi. Bu qədər pozuntuları və baş verənləri gördülər, lakin heç bir reaksiya vermədilər. Yalnız fevralın 11-də qeyd etdilər ki, jurnalistlər və polislər bir-birlərini sevməlidir, bir-birləri ilə yaxşı davranmalıdır və s.”

 

M. Əliyev sonda öz tövsiyələrini də açıqladı. O, təbliğat-təşviqat müddətinin 60 gün müəyyən olunmasını, MSK yanında seçki dövründə yayımlanacaq və pulsuz əsaslarla namizədlərin çıxışlarını təqdim edəcək, diskussiyalar, müzakirələr keçirəcək xüsusi TV kanalı yaradılmasını, MSK-nın informasiya şəbəkəsində manipulyasiyaların istisna edilməsini təklif etdi.

Müəllif: Ayna.az