Dövlət başçısı: "İqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil"

Siyasət

01.05.2020 - 23:14

İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edib

 

"Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaq".

 

AYNA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib.

 

Dövlət başçısı bildirib ki, bu gün siyasi sahədə çox genişmiqyaslı islahatlar aparılır: "Deyə bilərəm ki, müstəqillik dövründə miqyasa və nəticəyə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Hakimiyyət tərəfindən təklif edilmiş siyasi dialoq demək olar ki, baş tutur və biz artıq bu dialoqun ilkin müsbət təzahürlərini görürük. Demək olar ki, ölkəmizin bütün əsas siyasi qüvvələri bu dialoqa qoşularaq buna öz müsbət münasibətini bildirmişlər. Beləliklə hesab edirəm ki, növbəti illərdə siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması işində önəmli addımlar atılacaqdır. Bir daha bildirməliyəm ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir".

 

"Eyni zamanda, iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Bu ilin birinci rübünün yekunları göstərir ki, pandemiyaya baxmayaraq iqtisadi artım var. Düzdür, çox kiçik rəqəmlərlə ölçülür - 1,1 faiz. Ancaq bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə keçirdiyim görüş əsnasında məlum oldu ki, bir çox ölkələrdə indi iqtisadi tənəzzül müşahidə olunur. Bizdə də bu, istisna edilmir, çünki pandemiya ölkə iqtisadiyyatına çox böyük mənfi təsir göstərmişdir. Ancaq hər halda birinci rübün yekunları göstərir ki, iqtisadiyyat 1,1 faiz, qeyri-neft iqtisadiyyatımız isə 3 faizdən çox artmışdır. Bütün bunların əsas səbəbi aparılan islahatlardır və bu, bizə imkan verir ki, sosial sahədə çox genişmiqyaslı proqramlar icra edilsin, o cümlədən keçən il 4,2 milyon insanın sosial vəziyyəti yaxşılaşmış, minimum əməkhaqları, minimum pensiyalar, müavinətlər əhəmiyyətli dərəcədə artmışdır. Koronavirusa görə bu il bu istiqamətdə əlavə addımların atılması təmin edilmişdir. Bu addımlar bir daha göstərdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prokurorluq orqanları üçün də bu əsas məqsəd, həmişə, bütün işlərdə əsas amil kimi dəyərləndirilməlidir", - Prezident İlham Əliyev qeyd edib.

Müəllif: Ayna.az