Kiyev Moskva ilə sülh planını müzakirə etməyə hazırdır

Dünya

11.04.2024 - 12:55

Zelenski: “Biz tam plan hazırlayacağıq və bəzi vasitəçilər təbii ki, bunu Rusiya nümayəndələrinə göstərəcəklər”

İsveçrədə keçiriləcək sülh sammitindəki müzakirədən sonra Rusiya Ukrayna ilə müharibəyə son qoymaq planını öyrənmək imkanı əldə edəcək. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Bild”ə müsahibəsində bildirib.

“Biz plan hazırlayacağıq. Düşünürəm ki, görülməli olan işlərin konkret təfərrüatları olan bəzi məqamlar Cenevrə formatında ilk görüşə qədər hazır olacaq. Bundan sonra biz tam plan hazırlayacağıq və bəzi vasitəçilər, qitələrin nümayəndələri, təbii ki, bunu Rusiya nümayəndələrinə göstərəcəklər. Ancaq biz ümumi rəy formalaşdırdıqdan sonra”, - Ukrayna lideri vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Rusiyanı İsveçrədə keçiriləcək sülh sammitində görmək istəmir: “Onların orada iştirakına və nəyinsə qarşısını almasına ehtiyacımız yoxdur”.

Bundan əvvəl İsveçrə Prezidenti Viola Amerd iyunun 15-16-da Bürgenstokda Ukraynada nizamlanma ilə bağlı konfransın keçiriləcəyini bildirib. Onun sözlərinə görə, tədbirin məqsədi sülhə doğru ilk addımı atmaq olacaq. Sammitə 100-dən çox ölkə dəvət olunacaq. Amerd iddia edir ki, təşkilatçılar Rusiyanı da dəvət ediblər, lakin əvvəllər Moskva açıq şəkildə bildirib ki, bu konfransda iştirak ölkə rəhbərliyinin planlarına daxil deyil.

Öz növbəsində İsveçrənin xarici işlər naziri İqnazio Kassis Ukraynada müharibəyə son qoymaq üçün danışıqların Rusiyasız baş tuta bilməyəcəyini qeyd edib və gələcəkdə onun da onlara qoşulacağına ümid etdiyini bildirib.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva dəvət alsa belə konfransda iştirak etməyəcək, çünki Ukrayna bu formatdan Zelenskinin Rusiya üçün qəbuledilməz məqamları ehtiva edən “sülh formulu”nu təbliğ etmək niyyətində olduğuna inanır. Bu formula 1991-ci ildə qoşunların Ukrayna sərhədlərinə çıxarılması daxildir.

Eyni zamanda, İsveçrə Prezidenti çərşənbə günü qeyd edib ki, təşkilatçılar danışıqlar masasında bütün sülh planlarını, o cümlədən xarici işlər naziri Sergey Lavrovun təklif olunanlardan ən ağlabatan və aydın adlandırdığı Çin təşəbbüsünü müzakirə etməyə hazırlaşır.

Müəllif: Ayna.az