Bölgə sakinlərinin problemlərini deputatlar da etiraf edirlər, amma nə fayda…
“Regionların bank kreditlərinə çıxış imkanları məhdud olaraq qalmaqdadır. Mərkəzi Bankın statistikasına görə, 14 milyard 204 milyon manatlıq kredit qoyuluşunun 11 milyard 482 milyon manatı Bakının payına düşür”.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov paylaşıb. Onun sözlərinə görə, bu, o deməkdir ki, kredit portfelinin 80 faizdən çoxu paytaxtda təklif olunur: “Deməli, banklar hər 100 manat kreditdən yalnız 20 manatını Bakıdan kənarda yaşayan vətəndaşlarımıza və sahibkarlara təqdim edir”.
“Bu disproporsionallığın əsas səbəbi regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olması və paytaxt ilə region arasında rəsmi əməkhaqqı məbləğində iki dəfəyə yaxın fərqin olmasıdır: Eyni zamanda, təəssüf ki, bankların əksəriyyəti regionda daha çox kredit təklif etməkdə maraqlı görsənmir. Bu baxımdan, təklif edirik ki, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün Mərkəzi Bank tərəfindən yeni girov mexanizmi hazırlansın və eyni zamanda bir sıra kreditlər, xüsusən də ipoteka kreditləri üçün differensial dərəcələr müəyyənləşdirilsin. Məsələn, regionlarda sosial və adi ipoteka kreditlərində daha aşağı faiz dərəcələrinin tətbiqi imkanları var. Bunlar regionlarda yaşayan vətəndaşlarımızın kreditlərə çixiş imkanlarını artıra bilər”, - Bayramov bildirib.
Milli Məclisin digər üzvü Vahid Əhmədov AYNA-ya açıqlamasında deyib ki, regionlarla əlaqədar dövlət proqramları var: “Həmin proqramların yerinə yetirilməsinə dair kifayət qədər vəsaitlər ayrılır. Sahibkarların banklardan kredit götürmələrinə gəldikdə isə, bəli, burada böyük problemlər var. Çünki heç bir bank regionda olan əmlakı girov kimi götürmək istəmir. Ona görə ki, sahibkar krediti geri qaytara bilmədikdə, həmin əmlak satışa çıxarılanda bir sıra problemlərin yarananacağını düşünürlər”.
Deputat hesab edir ki, bu, düzgün yanaşma deyil: “Banklar regionların inkişafını nəzərə alaraq daha çox regionlarda fəaliyyət göstərməlidir. Və həmin sahibkarlara iş yerlərini açmaqda kömək etməlidirlər. Bankların əksəriyyəti özəldir. Yalnız iki bank dövlətin səhmləri ilə çalışır. Yəni bu bankların regionlara kömək etmələri üçün kifayət qədər imkanları var. Xüsusilə də iş yerlərinin açılmasında onlar müəyyən köməkliyi göstərə bilər”.
“Banklar daha çox istehlak kreditlərinə vəsait ayırır. Çünki bilirləri ki, bu kreditlər qısa zaman ərzində qaytarılacaq, həm də həmin kreditlər böyük məbləğli olmur. Bu barədə dövlət başçısı cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında qeyd edib. Ona görə də hesab edirəm ki, ümumiyyətlə banklar üzünü regionlara tərəf döndərməlidir, iqtisadiyyatın inkişafına kömək etməlidir. Hazırda regionlarda infrastruktur layihələr həyata keçirilir, yollar çəkilib, qaz, su, işıq var. Regionlarda ən böyük problem iş yerlərinin olmamasıdır. Düzdür, dövlətin özünün xüsusi proqramları var. Bu sahədə müəyyən işlər gedir. Amma bunlar kifayət deyil”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də AYNA-ya açıqlmasında sözügedən problemin mövcudluğunu təsdiq edib: “Hamımız bilirik ki, bankların əksəriyyəti özəl banklardır və onların regionlara daha çox kredit ayırmalarını biz onlara məcbur edə bilmərik. Burda belə bir ziddiyyət var. Fermerlər sahibkar olduğu kimi, banklar da sahibkardır. Gərək, bunlar özləri öz aralarında normal formada bir münasibət qurmağa çalışsınlar”.
Deputat təklif edir ki, dövlət tərəfindən güclü bir aqrar bank yaradılsın, onun üçün yeni mexanizm qurulsun: “Bu bankın birmənalı hədəfi regionlara yönəlməli, fermerlə, sahibkarlarla əməkdaşlıq edilməlidir. Həmin bankın adı da elə “AqroBank” olsun. Əgər elə bir bankın yaradılması və gücləndirilməsinə ehtiyac varsa, mən bu variantın tərəfdarıyam, məsələnin həlli yolunu da bunda görürəm”.
İqtisadi-ekspert Samir Əliyev isə düşünür ki, regionlarda kreditləşmənin mövcud səviyyəsi ölkə iqtisadiyyatının inkişaf səviyyəsinə adekvatdır. “Ölkə iqtisadiyyatının böyük bir hissəsi paytaxtda formalaşır. Bütün parametrlər üzrə baxsaq, ÜDM-nin səksən faizdən çoxu da Bakıda formalaşır. Əsas vergi yığımı Bakının payına düşür. Əmanət qoyuluşlarının böyük bir hissəsi yenə Bakının payına düşür. Ölkə iqtisadiyyatında regionlar arasında iqtisadi qeyri-bərabərliyin olması özünü digər iqtisadi göstəricilərdə də göstərir. Bu, bir daha onu göstərir ki, əsas iş yerləri, əsas şirkətlər Bakıdadır. Əhalinin həyat səviyyəsi Bakıda daha yüksəkdir, nəinki digər regionarda. Bütün bunlar özünü kreditlərdə də göstərir”, - o, AYNA-ya şərhində deyib.
İqtisadçı əsas səbəbi heç də regionlarda fəaliyyət göstərən sahibkarların girov təqdim etmək imkanlarının məhdud olmasında görmür: “Burada səbəb həm də ondan ibarətdir ki, Bakı ilə müqayisədə regionlarda kreditlərin faiz dərəcələri yüksəkdir. Regionlara doğru getdikcə kreditlərin faiz dərəcələri artır. Regionlara doğru getdikcə əmanət qoyuluşları azalır, lakin kredit faizlərinin dərəcələri artır. Regionda kredit götürmək baha başa gəlir, nəinki paytaxtda. Girov məsələsi daxil olmaqla, regionlarda kredit götürmək şərtləri daha ağırdır. Regionlarda qoyulan girovları satmaq ya mümkün olmur, ya da çox çətin olur. Burada səbəblərdən biri də rəsmiləşdirmə məsələsidir. Kənd yerlərinin əksəriyyətində evlərin “kupça”ları yoxdur. Sabah bank belə evləri satışa çıxaranda əziyyət çəkir. Bu tipli problemlər də var”.
Həmsöhbətimiz çıxış yollarından birini, regionlardakı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması və çıxarışların (“kupça”) verilməsində görür: “Bu məsələ təmin edilməlidir. Əgər təmin edilərsə, bu halda evlə bağlı hər hansı problemin olmayacağına bank əmin olacaq. “Kupça”sı olmayan evi satışa çıxaranda bir çox problemlər üzə çıxır. Yəni bu problem xeyli dərəcədə aradan qaldıra bilər. Bu zaman bank artıq satmaq barədə düşünə bilər”.
S.Əliyevin sözlərinə görə, əhalinin girovlarının qiymətləndirilməsi məsələsində bankların ədalətsiz yanaşması var: “İkinci məsələ isə daşınar əmlak girovluğudur. Bu mexanizm bizdə yaradılıb, lakin işləmir. Məsələn, adam ayaqqabı satır və həmin satışdan yaranan dövriyyəsini girov qoyur. Ayaqqabı satanın əmlakı yoxdur ki, kredit götürsün. Satdığı malı girov qismində qoyur. Bu, artıq daşınar əmlakın yüklülüyü məsələsidir. Bizdə bu variant da yaradılıb, amma işləmir. Bu mexanizmi işlətmək lazımdır. Daşınmaz əmlakı satmaq çətindirsə, danışar əmlakı satmaq nisbətən asandır. Bu mexanizm işləsə, məsələni əhəmiyyətli dərəcədə həll edə bilər”.
“Bütün bu problemlərin kökü qeyri-bərabərliyin olmasındadır. Regionların xüsusi iqtisadi inkişafına nail olmaq lazımdır. Orada iş yerləri açmaq, yüksək əməkhaqqı verilişini təmin etmək, əməkhaqlarının regionlar üzrə bərabərsizliyini aradan qaldırmaq lazımdır. Əlbəttə, buna tam olaraq nail olmaq mümkün deyil. Ən azı iki-üç dəfə fərq olmamalıdır. Bütün bunlar həll olunarsa, kreditlərin regionlar üzrə bölgüsündə də fərqlər aradan qalxar”, - ekspert fikrini yekunlaşdırıb.