"İstanbulda erməni olmaq Azərbaycanda udin olmaq kimidir"

Siyasət

24.06.2019 - 22:53

“Bəyəm, hörmətli prezident Rəcəb Tayyib Ərdoğan kürd, laz, erməni, çərkəz... hər kəsin qardaş olduğunu söyləmirmi?”

 

Bir müddətdir həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının qızğın müzakirələrinə səbəb olmuş İstanbul bələdiyyə seçkiləri bitsə də, söz-söhbət səngimədi. Bu dəfə isə Əkrəm İmamoğlunun seçkidən sonra ancaq İstanbulun erməni və yunan sakinlərinə təşəkkür etməsi, azərbaycanlıları xatırlamaması narazılıqlar doğurdu.

 

Əksər azərbaycanlılar İmamoğlunun bu addımını qınadılar. Bir qism insanlar isə qeyd etdilər ki, yeni bələdiyyə sədri azərbaycanlılarla türkləri bir-birindən ayırmadığı üçün onlara ayrıca təşəkkür etmədi. Yəni, seçki prosesində iki qütbə ayrılmış azərbaycanlılar bu məsələdə də iki fərqli istiqamətdə cəbhələşdilər.

 

Maraqlıdır, bu məsələdə hansı tərəf haqlıdır? Türkiyə politoloqları, həmçinin Türkiyədə yaşayan ziyalılarımız bu barədə necə düşünürlər? AYNA bu suallara cavab tapmağa çalışıb.  

Image result for hasan oktay

Məsələyə əvvəlcə Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay münasibət bildirib: “Mən özüm şəxsən həmin açıqlamanı dinləməmişəm. Amma Türkiyədə belə bir yanaşma var ki, biz Azərbaycandan gələni özümüzdən ayrı görmürük. Onları özümüzdən biri hesab edirik”.

 

Polotoloq qeyd edib ki, Lozanna anlaşmasına görə erməni vətəndaşlar Türkiyədə etnik azlıq olduqları üçün hər cümlədə ayrı şəkildə təqdim olunurlar:  “Məsələyə SSRİ məntiqindən baxdıqda görürük ki, Moskva hər zaman ermənilərlə azərbaycanlılar arasında fərq qoyub. Amma Türkiyədə erməni vətəndaşlar Lozanna anlaşmasına görə etnik azlıq statusu daşıyırlar deyə, adları ayrıca çəkilir. Azərbaycandan gələnlər isə burada vətəndaşlıq aldıqları halda, türk millətinin nümayəndələri hesab edilirlər”.

 

H.Oktayın fikrincə, Əkrəm İmamoğlu buna görə də öz çıxışında erməni vətəndaşlarına təşəkkür edərkən, Azərbaycan türkünə də ayrıca təşəkkür etməyib: "Əksinə, onları əsas xalq, qurucu xalq olaraq qəbul edib".

Related image

Türkiyədə təhsil alan azərbaycanlı jurnalist-yazar Dilqəm Əhməd də Əkrəm İmamoğlunun Türkiyənin yunan və erməni əsilli vətəndaşlarına təşəkkür etməsini olduqca normal hesab edir: “Əvvəla, modern dünyada dövlətlər öz vətəndaşı olan etnik xalqlara qarşı xoş münasibət göstərməli, onları toplumun əsas kəsimindən ayırmamalıdır. İkincisi, yunan və ermənilər Türkiyədə Lozanna müqaviləsi ilə milli azlıqlar kimi qəbul olunub. Siyasi liderlər hər kəsin lideri olmaq vəzifəsi daşıdığı üçün ona səs verən, verməyən hər qrupa təşəkkür etməlidirlər. Təsadüfi deyil ki, Əkrəm bəy AKP və MHP-li vətəndaşlara da təşəkkür etdi”.

 

“Azərbaycanlılar İstanbulda azlıq, bir icma deyillər. Üstəlik burada yaşayan azərbaycanlıların böyük qismi vətəndaş da deyil. Yəni bizim səsimiz burada həlledici deyil. Amma yunan və ermənilərin səsini almaq liderlərin borcudur. Bundan əlavə, bu azlıqların səsini almaq üçün hər seçkidə, hər lider cəhd göstərir. Bəyəm, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan kürd, laz, erməni, çərkəz - hər kəsin qardaş olduğunu söyləmirmi? Qısa müddət öncə Vandan İrəvana təyyarə reysi açılmadımı? Sərhədlərin açılması projesi AKP dönəmində gündəmə gəlmədimi?” – deyə D.Əhməd vurğulayıb.  

 

Jurnalistin sözlərinə görə, İstanbulda erməni olmaq Azərbaycanda udin olmaq deməkdir: “Məsələn, sabah bizdə seçkidə qalib gələn bir lider ləzgilərə, talışlara, udinlərə təşəkkür etsə, bizə qəribə gələcək? Əsla! Onlar da vətəndaşdırlar və səsvermə haqları var. Unutmayaq ki, Qafqazdakı erməni anlayışı ilə Türkiyədəki erməni anlayışı fərqlidir. Bu, yaxşıdır demirəm, fakt belədir. Yəni İstanbulda yaşayan türkün erməniyə baxışı ilə Azərbaycanda yaşayan türkün erməniyə baxışı eyni deyil”.

 

“İmamoğlu onsuz da türk millətinə təşəkkür etdi. Məncə, azərbaycanlılar özlərini ermənilər kimi azlıq hiss etməsinlər, çünki türkün içərisinə onlar da daxildirlər” – deyə D.Əhməd qeyd edib.

Rumiyyə Miraslan