Ermənistan nümayəndə heyəti Bakıya gəlir

Siyasət

03.12.2019 - 19:41

Həkimlər Klinikalar SEO Xidməti

Bu, son 20 gündə Azərbaycana səfər edəcək ikinci erməni qrupudur

 

Ermənistan Baş Naziri Nikol Paşinyanın qərarı ilə 4-7 dekabr tarixlərində növbəti Ermənistan nümayəndə heyəti Bakıya gələcək.

 

AYNA-nın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, nümayəndə heyəti Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin (TRASECA) 14-cü iclasında və quruluşun 20-ci ildönümünə həsr olunmuş konfransda iştirak edəcək.

 

Bildirilir ki, qərara əsasən, Bakıya Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, həmin nazirliyin avtomobil nəqliyyatı departamentinin şöbə rəisi Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin Çoxtərəfli Siyasət və İnkişaf Əməkdaşlığı Departamentində müşavir vəzifəsini daşıyan Artem Aznauryan gələcək.

 

Qeyd edək ki, bu, son 20 gündə Azərbaycana səfər edəcək ikinci erməni qrupudur. Belə ki, 17-21 noyabr tarixlərində Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. 

 

Müəllif: Ayna.az