“İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanların qarşısında səssiz qalmayacaq”
İsrail Norveç və İrlandiyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “X” səhifəsində yazıb.
“Mən bu ölkələrin Fələstin dövlətini tanımaq qərarı fonunda İsrailin səfirlərini məsləhətləşmələr üçün dərhal geri çağırmaq barədə göstəriş vermişəm. İrlandiya və Norveçə açıq və birmənalı mesaj göndərirəm: İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanların qarşısında səssiz qalmayacaq”, - deyə nazir vurğulayıb.
Katz bildirib ki, bugünkü qərar fələstinlilərə və dünyaya bir mesaj verir: terrora cavab budur: “Bu ölkələr HƏMAS terror təşkilatı Holokostdan sonra yəhudilərə qarşı ən böyük qətliam həyata keçirdikdən, bütün dünyanın şahidi olduğu ağır cinayətləri törətdikdən sonra Fələstin dövlətini tanıyaraq HƏMAS və İranı təşviq etmək qərarına gəliblər. Bu ölkələrin hərəkətləri 7 oktyabr qurbanlarının xatirəsinə ədalətsizlik, 128 girovun qaytarılması səylərinə zərbə, HƏMAS və iranlı cihadçılara dəstəkdir ki, bu da sülh şanslarını sarsıdır, İsrailin özünümüdafiə hüququnu şübhə altına alır. İsrail susmayacaq, bunun daha ciddi nəticələri olacaq. Əgər İspaniya Fələstin dövlətini tanımaq niyyətini yerinə yetirərsə, ona qarşı da oxşar addım atılacaq”.
Qeyd edək ki, bu gün Norveç və İrlandiya Fələstinin müstəqilliyini tanıdığını rəsmən elan edib. İspaniyanın da belə bir qərar verəcəyi gözlənilir.