Təl-Əviv Qəzza zolağında döyüşləri dayandırmaq istəmədiyi üçün girovların azad edilməsi barədə danışıqlar dayanıb
Təl-Əviv Qəzza zolağında döyüşləri dayandırmaq istəmədiyi üçün İsraillə Fələstinin HƏMAS qruplaşması arasında girovların azad edilməsi ilə bağlı danışıqlar dalana dirənib. AYNA xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “NBC News” məlumat yayıb.
Qəzet yazır: "İsrail rəsmiləri girovların azad edilməsi üçün səylərinin heç vaxt dayanmadığını, lakin keçən həftə HƏMAS-ın daimi atəşkəs tələblərini rədd etdiklərini deyirlər".
ABŞ, Qətər və Misirin döyüşən tərəfləri konsensusa gətirməyə çalışdığı vurğulanır. Danışıqlar barədə məlumatlı diplomatın fikrincə, İsraillə HƏMAS arasında razılaşma demək olar ki, hazırdır və atəşkəs məsələsi yeganə maneə olaraq qalır.
Eyni zamanda, İsrail rəsmilərindən biri belə məlumatı “cəfəngiyyat” hesab edib.
Bundan əvvəl İsrail girovların azad edilməsi müqabilində Qəzzada döyüşləri dayandırmaqdan imtina etmişdi. İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivin prioritetinin ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək olduğunu vurğulayıb.