İslam Respublikasının kilsə hamiliyi və ya siyasət dinin fövqündə olarkən

Siyasət

05.11.2021 - 15:13

Əhməd Obalı: “Sarkisyan “İran Ermənistana dəstək verməsəydi, təəcüblü olardı” yanaşmasında haqlıdır”

Mehman Əliyev: “Ermənistan İranla Azərbaycanın arasını vurmağa çalışır”

Ermənistan Prezidenti Armen Sarkisyan İranın erməni kilsələrini maliyyələşdirməsinə dair açıqlama verib. O, RBC-ya müsahibəsində İranla Ermənistanın münasibətlərinin hər zaman yüksək olduğunu deyib: “Təəccüblü olardı ki, İran Ermənistan ətrafında baş verənlərə reaksiya verməsin”.

Rəsmi Tehranın, Azərbaycanla İsrail arasında münasibətləri kəskin tənqid etməsi və bu zaman din amilini qabartması fonunda, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, Xocalıda, Gəncədə, Bərdədə və Tərtərdə terror törətmiş ermənilərin kilsələrini maliyyələşdirməsi haqlı narazılıqlara yol açıb.

ABŞ-da yaşayan siyasi mühacir, “Günaz” TV-nin qurucusu Əhməd Obalı AYNA-ya açıqlamasında bildirib ki, İran həmişə Azərbaycana düşmən mövqeyində dayanıb: “Düzdür, üzdə bunu etiraf etməyiblər. Özlərini elə göstəriblər ki, guya bizimlə dostdurlar. Lakin əməldə tarix boyu biz onlardan düşmən münasibəti görmüşük. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı zəfər İranda ciddi narahatlıqla qarşılanıb. Çünki onlar bilirlər ki, Azərbaycan Türkiyə ilə yüksək müttəfiqlik şəraitində regionun aparıcı güc mərkəzlərindən birinə çevrilir. Bu isə imperialist dövlət olaraq İranın mənafeyinə uyğun deyil”.

“Ermənistan Prezidentinin son müsahibəsi zamanı söylədiyi fikirlər də bunun bariz nümunəsidir. Nəinki indi, torpaqlarımızın işğal altında olduğu 30 il müddətində İran daim ermənilərə dəstək nümayiş etdirib. Bu səbəbdən Sarkisyan “İran Ermənistana dəstək verməsəydi, təəcüblü olardı” yanaşmasında haqlıdır. Lakin bir məsələ də var ki, İranın Azərbaycana olan düşmənçiliyinin kökündə təkcə Ermənistan amili dayanmır. Bu, tarixi düşmənçilikdir. Hər fürsətdə bunu göstəriblər və bundan sonra da göstərəcklər. 44 günlük müharibə dövründə, ondan əvvəl və sonra biz bunu aydın müşahidə etdik. Bu səbəbdən hər zaman ayıq-sayıq olmalıyıq”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onun fikrincə, İranın Azərbaycana qarşı son təzyiqləri bir daha göstərdi ki, Tehran ölkəmizin güclənməsindən dolayı çox ciddi təşviş keçirir: “Onlar bu siyasəti ilə yatanları da oyadırlar. Bu gün artıq İranda yaşayan soydaşlarımız ayılıblar. Güneylilərin mütləq əksəriyyəti öz hüquqlarını bilir. Fars rejiminin onları istismar etməsinə göz yummayacaq. Soydaşlarımız Qarabağ məsələsində öz aydın mövqelərini qəti şəkildə ortaya qoydular. Rəsmi İranın siyasətinin ziddinə olaraq güneylilərin bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirməsi molla rejiminə ciddi mesajdır”.

“Bu gün İrana ən böyük təhlükə hansısa dövlətdən deyil, onun öz daxilindən gəlir. Fars rejimi bundan narahat olduqca onların iç üzünü görürük. Hər kəs şahid olur ki, onlar Azərbaycanın inkişafına necə qısqanclıqla yanaşırlar, bunun qarşısını almaq üçün hər şeyə hazırdırlar. Regionda yeni reallıqlar yaranıb. Bu reallıqları dəyişmək isə artıq mümkün deyil. Bu reallıq Azərbaycan və Türkiyənin birgə inkişafında və qərarlarındadır. Sovetlər İttifaqını geri qaytarmaq nə qədər mümkündürsə, bu reallığı dəyişmək də o qədər mümkündür. Yaxşı olar ki, region dövlətləri, o cümlədən İran və Ermənistan da bundan nəticə çıxarsın. Ermənistana və erməni kilsələrinə yardımlar mahiyyəti dəyişməyəcək və yekunda peşman olan tərəf İranın özü olacaq”, - deyə Obalı fikrini yekunlaşdırıb.

Politoloq Mehman Əliyev isə fərqli düşünür. O AYNA-ya şərhində deyib ki, Azərbaycanla İran arasında münasibətlər ara-sıra gərginləşsə də, heç zaman xaotik xarakter almayıb: “İran müharibə zamanı dəfələrlə bəyan edib ki, işğalçı qüvvələr ərazini tərk etməlidir. Bununla bağlı ortaya qəti mövqe qoyub. Hesab etmirəm ki, İranla Ermənistan arasında dərin müttəfiqlik münasibətləri mövcuddur. Hətta müharibə dövründə Rusiya öz PUA-larını İran ərazisindən keçirmək istəsə də, rəsmi Tehran tərəfi buna icazə vermədi. Bu səbəbdən məsələyə daha praqmatik yanaşma ortaya qoyulmalıdır”.

“Sözsüz ki, qonşuluq səbəbindən bu münasibətlərə diplomatik təsirlər mümkündür. Lakin bütün bunlara rəğmən, həm Azərbaycan, həm də İran tərəfi münasibətləri qorumağa çalışır. Qarabağ münaqişəsi zəminində İranın Ermənistanın xeyrinə hər hansı real dəstəyini müşahidə etmədik”, - deyə ekspert söyləyib.

O ki qaldı Sarkisyanın məlum açıqlamasına, həmsöhbətimiz onun fikirlərinin formal xarakter daşıdığını deyib: “Rəsmi İrəvan bilir ki, ölkəsinin iki vacib sərhəd çıxışından birini itirmək üzrədir. Təbii ki, bununla barışmaq istəmir. Onlar sadəcə İrana yaltaqlanırlar. Azərbaycanla İranın arasını vurmağa çalışırlar. Lakin artıq bu, mümkün deyil”.

Əliyev əlavə edib ki, Azərbaycanla İran arasında münasibətlər yenidən normallaşacaq: “Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi dövrdən üzü bu yana müəyyən fasilələrlə münasibətlərdə gərginliklər olub. Amma bu gərginliklər heç zaman ciddi xarakter almayıb. Nə yollar bağlanıb, nə də münasibətlər dayandırılıb. Bütün dövrlərdə olduğu kimi, hazırda da qarşılıqlı münasibətlər nəzərə alınır və buna müvafiq olaraq siyasət yürüdülür. Bu münasibətlərdə hər hansı problem görmürəm”.

Müəllif: Azər Niftiyev