Suriya səhrasında burulğan: Türk əsgərinin qarşısında hansı düşmən peyda olacaq?

Siyasət

17.10.2019 - 15:51

Hazırda amerikalıların edə biləcəkləri bir şey yoxdur, onlara kənara çəkilmək və Astana formatının özünü məhvə sürükləməsini izləmək maraqlıdır

 

Son günlərdə Suriyada yaşanan hadisələr, daha dəqiq desək, "Sülh çeşməsi" əməliyyatı bütün dünya mediasının əsas xəbər mərkəzinə çevrildi. Nə qədər sərt, qeyri-insani səslənsə də, Suriya müharibəsi gözəl, həyəcanverici məqamlarla dolu, dramatik, lakin ən əsası, ən kiçik detallarına qədər dünyadakı mövcud siyasi vəziyyəti və bunun nəyə gətirib çıxaracağını açıq-aşkar şəkildə bizə göstərir. Fiqurların bir istiqamətdə və ya digərində hər hansı bir hərəkəti kimisə gücləndirir, kimisə zəiflədir və kimisə bütövlükdə “şahmat taxtasından” çıxarır. “Sülh çeşməsi” belə əməliyyatlardan biridir.

 

“Sülh çeşməsi” əməliyyatı səbəbiylə Türkiyənin üzərinə çoxlu hücumlar oldu. Avropa İttifaqı (Aİ) və müxtəlif təşkilatlar Ankaranın əməliyyatını qınadı. Fransa və Almaniya Türkiyəyə silah satmaqdan imtina etdi. ABŞ-da, Tramp komandasının daxilində bu əsasda hətta bir parçalanma var idi və indi Trump bir tərəfdən Suriyanın şimalından qoşunları çıxarır, digər tərəfdən isə Türkiyəyə qarşı sanksiyalardan bəhs edir.

 

Hətta Misir və Səudiyyə Ərəbistanı da bu məsələdən kənarda qalmadı. Misir tərəfindən təşkil edilən Ərəb Birliyinin iclasında, Birliyin Baş katibi Əhməd Əbu Geyd dedi: "Olanları öz adları ilə adlandırmaq lazımdır... Türkiyənin Suriyanın şimal-şərqində həyata keçirdiyi hərbi əməliyyat hücum və təcavüzdür. Bu, ərəb dövlətinin torpaqlarına hücum və onların suverenliyinə təcavüz deməkdir. Suriya ərəb dövlətidir, bu təşkilatın qurucu üzvülərdən biridir. Mövcud idi və mövcud olmaqda da davam edəcək. Onun torpaqları ərəb torpaqlarıdır. Onun təhlükəsizliyi ərəb təhlükəsizliyinin bir hissəsidir”.

Nicat Hacıyev