Qriqori Trofimçuk: “Tehran Amerika ilə açıq müharibəyə cəsarət etməz
İranın ABŞ-ın İraqdakı bazalarına hücumu Yaxın Şərqdə böyük bir müharibəyə gətirib çıxarmadı. Bir çox mütəxəssislərin qeyd etdiyi kimi, bu, Qasim Süleymaninin öldürülməsinə görə Tehranın “yumşaq” cavabı idi, çünki hücumlar nəticəsində heç bir ABŞ hərbçisi ölmədi (İran mediası 80 nəfər Amerika əsgərinin öldüyü barədə məlumat verib).
Əli Xameneyi, Həsən Ruhani və ABŞ Prezidenti Donald Trampın açıqlamalarından belə başa düşmək olar ki, bu mərhələdə artıq kəskinləşmə olmayacaq. Beynəlxalq təhlükəsizlik üzrə rusiyalı ekspert Qriqori Trofimçuk mövzu üzrə AYNA-nın suallarını cavablandırıb.
- Fikrinizcə, İranın ABŞ-a verdiyi cavab nə ilə nəticələnə bilər?
- Yaxın Şərqdəki vəziyyət müntəzəm və artan templə mürəkkəbləşir və proses oradan asanlıqla qonşu ərazilərə, xüsusən Cənubi Qafqaza yayıla bilər. Açıq demək lazımdır ki, İran üçün, xarici siyasət vəziyyətinin ağırlığına baxmayaraq, xüsusilə general Süleymaninin açıq-aşkar öldürülməsindən sonra Donald Trampın ABŞ Prezidenti olması sərfəlidir. Tramp nə İran, nə Şimali Koreya, nə də Venesuelaya dair dəqiq bir qərar verə bilir. ABŞ-ın istənilən başqa prezidenti çoxdan İranın sərəncamını verərdi. Digər tərəfdən, Ağ Evdə müvafiq qərar qəbul edilərsə, İranın tab gətirə bilməyəcəyini hamı çox gözəl anlayır. Üstəlik, amerikalılar öz qüvvələrini qurban verməli olmayacaq.
İranlıların Amerika bazaları yaxınlığına etdikləri gecə hücumu, sözün tam mənasında cavab deyil, çünki ABŞ heç bir zərər görmədi. Yəni Tehran öz əhalisinə, guya generalın ölümünün intiqamını aldığını nümayiş etdirdi, eyni zamanda Süleymani səviyyəsində yüksək vəzifəli generalları belə deyil, heç Amerika qoşunlarının bir hərbçisini də öldürməyə cəsarət etmədi. Buna görə də, hələlik real cavab yoxdur və görünür ki, heç olmayacaq da. Vaşinqton isə belə bir hadisənin olması üçün bəhanə axtarır.
- Rusiya Prezidenti hadisədən sonra Suriyaya getdi. Rusiya Yaxın Şərqdəki vəziyyətə necə reaksiya verəcək?
- Moskva dərhal ABŞ-a Suriyadakı vəziyyəti nəzarətdə saxladığını və hadisənin hər hansı bir təkanına hazır olduğunu nümayiş etdirdi və reaksiyanın vaxtında olacağını qeyd etdi. Eyni zamanda Rusiya birləşmələri, Trampın əmri ilə Amerika hücumlarında olduğu kimi, Suriya ərazisindəki İran hədəflərini deyil, öz bazalarını müdafiə edəcək.
Bütövlükdə Yaxın Şərqdəki vəziyyətdən danışırıqsa, burada qeyri-adi heç nə baş vermir. Məsələn, ABŞ-ın illər əvvəl məhv etdiyi İraqın olduğu kimi, burda da yeni nəsə baş vermir. Bundan əlavə, on yeddi ildir ki, amerikalılar əllərini İraq xammalı üzərində saxlayıblar və iraqlılara qarşı deyillər. Buna görə də, məsələn, İraq parlamentinin Amerika hərbçilərini ölkədən çıxarmaq kimi “sensasiyalı” qərarlarını eşitmək qəribə gəlir. Düşünürəm ki, Ağ Ev buna çox da əhəmiyyət vermir.
- Yaxın Şərqdə qlobal müharibə olacaqmı?
- Yaxın Şərqdə irimiqyaslı müharibə yalnız Rusiya və Çin kimi böyük müttəfiqlərin İranı dəstəkləyəcəyi təqdirdə baş verə bilər. Tərəflərin sözdə radikal açıqlamalarına baxmayaraq, böyük müharibə olmayacaq. İran tək Amerikanın hücumlarına tab gətirə bilməz. Türkiyə də prosesdə tərəf tuta bilməz. Əks halda, ABŞ daxildən, ən azı kürdlərin köməyi ilə Türkiyəni məhv etməyə çalışacaq və yaxud oradakı hakimiyyəti dəyişəcək...