"İlin məktəbi" tarixə qovuşur?

Cəmiyyət

10.02.2020 - 10:25

"Bu, tək valideynlərlə uşaqlara yox, müəllim üçün də problem yaradır, rus bölməsinin müəllimləri məcburdur ki, birinci növbədə də dərs desinlər, ikinci növbədə də"

 

Bir neçə gündür ki, sosial şəbəkələrdə, Bakı şəhəri, Binəqədi rayonundakı 126 saylı orta məktəbin idman zalına çevrildiyi barədə məlumatlar dolaşır. Bu barədə, deputatlığa namizədlərdən birinin seçicilərlə keçirilən görüşü zamanı Binəqədi sakinləri məlumat veriblər. İddia olunub ki, məktəb hansısa məmur övladı tərəfindən zəbt olunaraq idman zalına çevrilib.

 

Sosial şəbəkələrdə yayılmış bu məlumatın nədən qaynaqlandığına, həqiqətən də belə bir hadisənin yaşanıb-yaşanmadığına AYNA tutmaq məqsədilə, əvvəlcə 126 nömrəli məktəbin yerləşdiyi ərazidə yaşayan sakinlərini münasibətini öyrənməyə çalışdıq. Sakinlər bildirdilər ki, sözügedən məktəbdə ibtidai təhsil ləğv olunub: “Burada iki məktəb var - 126 və 244. Ötən dərs ilindən 126-da ibtidai sinfə qəbul dayandırılıb, ibtidai sinif şagirdləri 244-ə köçürülüb. Bu ilin sentyabrdan 126-da ancaq V-XI sinif şagirdləri təhsil alırlar. Bizə deyilənə görə, 126-nı idman təmayüllü məktəb ediblər. Amma bunu kim edib, necə edib, bundan xəbərimiz yoxdur”.

 

“Hazırda 7-ci mikrorayon sakinləri bir məktəbin ümidinə qalıblar. 244-də, bildiyimiz qədərilə, 3500 şagird yerləşdirilib, məktəb bu qədər şagirdi necə yerləşdirir, ona məəttəl qalmışıq.  60 min əhalisi olan ərazidə yaşayanlar üçün bir məktəb yetərli deyil. Əlavə məktəb tikilməsi üçün isə mikrorayonda yer yoxdur. Məntiqlə düşündükdə belə qənaətə gəlirik ki, ibtidai sinif ləğv olunduğuna görə, 126-da təhsil alan yuxarı sinif şagirdləri məzun olandan sonra məktəb, tamamilə, ləğv olunacaq və 7-ci mikrorayon sakinləri ancaq 244-ün ümidinə qalacaq”, - deyə qeyd etdilər.

Картинки по запросу Sakinlərin dediyinə görə, bu barədə bir neçə dəfə aidiyyəti qurumlara müraciət ediblər: “Payızda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı ilə görüş keçirilirdi, görüşdə deputat Azay Quliyev də iştirak edirdi. Biz həmin görüşdə iştirak edərək vəziyyətimiz barədə məlumat vermişik, soruşmuşuq ki, “körpə uşaqlarımızı ibtidai sinfə hara aparaq?” Ancaq həm icra başçısı, həm də Azay Quliyev bu barədə məlumatsız olduqlarını bildirdi. Ərazidə yaşayış binalarının sayı durmadan artır, düşünürük ki, bir neçə ilə vəziyyət daha da acınacaqlı olacaq. Ona görə də bu məsələnin aidiyyəti qurumlar, şəxslər tərəfindən nəzarətə götürülməsini istərdik”.

 

Deyilənlərin həqiqətə nə qədər uyğun olduğuna aydınlıq gətirmək üçün əvvəlcə məktəbin direktoru Tərminə Əsədova ilə əlaqə saxladıq. Təəssüflər olsun ki, direktor sualımızı cavablandırmaqdan imtina etdi: “Bizi dairə seçki komissiyasına çağırıblar, indi ora gedirəm, sizə bu barədə izahat verməyə vaxtım yoxdur. Bu barədə məlumatı Təhsil İdarəsinə ötürmüşəm, onlardan məlumat ala bilərsiz”.

Картинки по запросу

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri 126 nömrəli tam orta məktəb fəaliyyətini davam etdirir: “Cari tədris ilində Bakı şəhəri 126 nömrəli tam orta məktəbdə V-XI siniflər üzrə 23 sinif fəaliyyət göstərir. Məktəbdə qeyd olunan siniflər üzrə dərslər Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş ümumtəhsil məktəblərinin müvafiq tədris planı əsasında keçirilir. Məktəbdə tədris planından kənar heç bir idman məşğələsi aparılmır. 2018-2019-cu tədris ilində Bakı şəhəri 126 nömrəli tam orta məktəbin ibtidai siniflər üzrə şagird kontingenti qonşuluqda yerləşən 244 nömrəli tam orta məktəbə köçürülüb. Yaxınlıqda yerləşən Təhsil Nazirliyinin "Vətən" İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yataqxanası 126 nömrəli tam orta məktəbin ibtidai korpusunda yerləşdirilib”.

 

Təhsil Nazirliyindən isə məsələ ilə bağlı heç bir münasibət öyrənə bilmədik. Nazirliyin mətbuat xidmətindən 126 nömrəli məktəbin ibtidai siniflərinin hansı səbəbdən 244 nömrəli məktəbə köçürülməsi barədə heç bir məlumat verilmədi. 

 

Məktəb rəhbərliyi tərəfindən ötən il mediaya verilmiş bir açıqlamada isə qeyd olunur: “126 nömrəli tam orta məktəbdə ölkəmizdə uşaq və gəncləri sağlam həyat tərzinə istiqamətləndirmək, idmana meyil və marağı olan məktəbyaşlı uşaqları aşkara çıxarmaqla onların mənəvi və fiziki inkişafının təmin edilməsinə şərait yaratmaq, yüksək səviyyəli idmançılar hazırlamaq, habelə məktəblilərin potensial imkanlarının davamlı inkişafı üçün əlverişli infrastruktur və səmərəli tədris-idman sisteminin yaradılmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən 20.07.2018-ci il tarixli əmr imzalanıb. Bu məsələ ilə bağlı avqustun 29-da məktəbin kollektivi ilə görüş keçirilib. Görüşdə müəllimlərin sualları cavablandırılıb. Bildirilib ki, Təhsil Nazirliyinin tabeliyindəki “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi ilə Bakı şəhəri 126 nömrəli tam orta məktəbin bazasında “Vətən” İdman liseyinin yaradılması tədrisə və müəllim kollektivinin fəaliyyətinə müsbət təsir göstərəcək”.

 

Məsələ ilə bağlı 244 saylı məktəbin rəhbərliyinin mövqeyini də öyrəndik. Məktəbin direktor müavini Xurşud Həsənovanın sözlərinə görə, 126-nın şagirdlərinin 244-ə köçürülməsi ikinci məktəbdə sıxlığa səbəb olub: “Təhsil Nazirliyinin əmri ilə 126 nömrəli məktəbin idman təmayüllü olduğunu bildirdilər və oranın ibtidai siniflərini bizim məktəbə köçürdülər. 126-dan bizə ötən il kompleks şəkildə, yəni müəllimləri ilə birlikdə 18 ibtidai sinif köçürüldü. Hazırda beş yaşlılarla bərabər 3072 şagird məktəbimizdə təhsil alır. Bu qərar, təxminən avqust ayında verildi və biz 15 gün ərzində məktəbin dəhlizlərində sinif otaqları tikərək gələn sinifləri yerləşdirə bildik. Ötən il gərgin işləməli olduq, bu ildən isə artıq iki növbəli fəaliyyət göstərməyə başlamışıq, beşinci siniflərin hamısı ikinci növbəyə keçirilib”.

Картинки по запросу

“Bu da nə 126 nömrəli məktəb üçün, nə də valideynlər üçün problem yaratmalıdır, problem bizimdir, öhdəsindən gəlməyə çalışırıq. Ancaq valideynlərin narahatlığını da anlayışla qarşılayırıq, təbii ki, birnövbəli məktəblə ikinövbəli məktəb arasında xeyli fərq var. Bu, tək valideynlərlə uşaqlar yox, müəllim üçün də problem yaradır, rus bölməsinin müəllimləri məcburdur ki, birinci növbədə də dərs desinlər, ikinci növbədə də. Elə müəllimimiz var ki, səhərdən axşamadək məktəbdə olur. Bu mənada, əlbəttə ki, problemimiz var”, - deyə X.Həsənova vurğuladı.

 

Qeyd edək ki, şəhid Tərlan Heybətovun adını daşıyan 126 nömrəli tam orta məktəb 1060 yerlikdir. Ancaq hazırda məktəbdə 493 nəfər şagird təhsil alır. Məktəbdə 17 V-IX sinif, 6 X-XI sinif var. Tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Rus bölməsində isə 7 sinif fəaliyyət göstərir. Məktəbdəki sinif otaqlarının sayı göstərilməsə də, biologiya, fizika, kimya, GÇQH kabinetləri və 2 informatika kabineti olduğu qeyd olunur. O da bildirilir ki, məktəbin 120 yerlik akt zalı, 2 idman zalı, 30 oturacaq yerlik bufet şagirdlərə xidmət göstərir.

 

Hazırda Əsəd Ələskərovun adını daşıyan 244 №-li tam orta məktəb isə 1700 yerlikdir və indi məktəbdə 75 sinif mövcuddur. Məktəbdə 99 sinif otağı, fizika, kimya, biologiya, GÇH kabinetləri və 3 informatika sinfi, 200 yerlik akt zalı və 1 idman zalı var. Məktəbdə tədris azərbaycan və rus dilində aparılır.

Картинки по запросу

Məktəblər haqqındakı məlumatlara nəzər yetirdikdə, məlum olur ki, 1060 yerlik 126 saylı məktəbdə 493 nəfər şagird təhsil aldığı halda, 1700 yerlik 244 saylı məktəbdə 3072 şagird var. Təbii ki, bu da sakinlərin narahatlığının ciddi əsasları olduğunu üzə çıxarır. Vəziyyət indi o qədər də acınacaqlı halda olmasa da, indiki ibtidai siniflər yuxarı siniflərə çatanda, artıq 244 nömrəli məktəbin şagirdləri böyük problemlərlə üzləşəcəklər. Yuxarı sinif şagirdlərinin ikinci növbədə təhsil alması həm valideynlərin, həm də şagirdlərin narazılığına səbəb olacaq.  

 

Şagirdlərə yüksək səviyyədə orta təhsil vermək üçün hər cür şəraiti, peşəkar təhsil heyəti olan,  o cümlədən “İlin məktəbi” seçilmiş bir təhsil ocağının hansı səbəbədən “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinə verilməsi isə böyük sual doğrur. Bu sualın cavabını tapa bilməməyimiz də onu deməyə əsas verir ki, bir neçə ildən sonra 126 nömrəli məktəbin tarixə qovuşmaq ehtimalı daha çoxdur...

Müəllif: Rumiyyə Miraslan