"İbtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür"

Xəbərlər

09.09.2019 - 21:49

Millət vəkili İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

 

“Çinar Yayımları” nəşriyyatının təşəbbüsü, Respublika Təhsil Şurası, Azərbaycan Uşaq Fondu, Bakı Biznes Universiteti və Türkiyənin Okulistik şirkətinin təşkilatçılığı ilə İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumu keçirilib.

 

AYNA xəbər verir ki, Forumda millət vəkili Qənirə Paşayeva da iştirak edib.

 

Q.Paşayeva çıxışı zamanı ibtidai sinif müəllimlərinin əhəmiyyətindən danışıb, onların məktəbin sütunu olduqlarını bildirib: "Uşaqlarımız ibtidai təhsillərini hansı baza üzərində alırsa, gələcəkdə də o baza üzərində davam etdirirlər. İbtidai təhsili zəif olan uşaqlar gələcəkdə də təhsillərini davam etdirərkən çətinliklərlə qarşılaşırlar. Ona görə də  siz müəllimlər millətimizin gələcəyini yetişdirən insanlarsınız”.

O, qeyd edib ki, bir millətin inkişafı təhsildən keçir. Özəlliklə 21-ci yüzildə dünya artıq beyinlərin yüzilidir. Bu gün hansı millət təhsilə qiymət verəcəksə, onun sabahı daha da işıqlı olacaq. Ona görə bu gün təhsilin inkişafı bizim üçün olduqca vacibdir. Bunun da təməli ibtidai sinifdə atılır. İbtidai sinif müəllimi bir az da uşaqlara valideyn kimi yanaşır, çünki o yaşda uşaqların təhsilə başlaması heç də asan olmur. İbtidai sinif müəllimi təkcə bilikləri öyrətmir, həm də onların formalaşmasında şəxsiyyət kimi rol oynayır”.

 

“Cənab Prezidentin təhsil sahəsində verdiyi sərəncamlar, onun rəhbərliyi ilə aparılan  islahatlar təhsilin inkişafında böyük rol oynayır. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına verdiyi dəstək hər zaman öz əhəmiyyəti ilə seçilir. Bu gün müəllimlərimizin maddi şəraitindən tutmuş, əmək haqlarının artırılmasına qədər bir sıra istiqamətlərdə xeyli işlər görülür. Dövlətimizin iqtisadi inkişafı artdıqca müəllimlərimizin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət veriləcək. Biz çalışmalıyıq ki, böyütdüyümüz gənc nəsillər hər məsələdə bizdən qabaqda olsunlar. Ona görə də ibtidai sinif müəllimlərinin üzərinə daha çox yük düşür", - deyə millət vəkili vurğulayıb.

 

Q.Paşayeva ibtidai sinif müəllimləri başda olmaqla, bütün müəllimləri yeni dərs ilinin başlaması münasibətilə təbrik edib, onlara bu şərəfli işlərində uğurlar diləyib, bu cür tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib və bu cür tədbirlərin təhsilin inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

Müəllif: Ayna.az