Hökumət böyük gərginliyin önünə keçməlidir: <font color=red> İşsizlər ordusu geri dönərsə...</font>

Aktual

20.04.2021 - 21:41

Sahib Məmmədov: “Narahatlığa əsas yoxdur, çünki özümüzdə əlavə işçi qüvvəsinə ehtiyac yaranacaq”

 

Rəşad Həsənov: “Həm ölkəyə göndərdikləri vəsait kəsiləcək, həm də gəlib burada qanunsuz fəaliyyətlərə əl ata bilərlər”

 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi (DİN) MDB-yə üzv olan dövlətlərdən öz vətəndaşlarını bu ilin iyun ayının 15-nə qədər Rusiya ərazisindən çıxarmalarını tələb edib. Bunu nazir müavini Aleksandr Qorovoy MDB-nin Parlamentlərarası Assambleyasının toplantısında açıqlayıb.

 

Federal DİN-in məlumatına görə, hazırda Rusiya ərazisində Özbəkistandan 332 min, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min adam qeyri-leqal yaşayır.

 

“Əgər biz bu rəqəmi iyun ayının 15-nə qədər təmizləməsək, o zaman Prezidentin fərmanına əsasən, həmin şəxslər ölkədən çıxarılmağa və sərhədlərin bağlanmasına qədər cəzaya məruz qalacaqlar”, - deyə Aleksandr Qorovoy vurğulayıb.

 

120 min azərbaycanlının geri qayıtması ölkədəki sosial-iqtisadi vəziyyətə necə təsir edəcək? Azərbaycan dövləti bunun üçün hansı addımları atmalı olacaq?

Sahib Məmmədov: “Qeyri-formal əməyin ləğvinə yönələn tədbirlər görülməlidir”

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (VƏHML) sədri Sahib Məmmədovun AYNA-ya dediyinə görə, Rusiyada leqal yaşayan və işləyən azərbaycanlı miqrantların sayı, təxminən 400-600 min arasında dəyişir: “Qeyri-leqal miqrantların özləri də iki tipə ayrılır: Yaşamaq icazəsi olmayan və qeyri-leqal yaşanlar,  yaşamaq icazə olan, amma işləmək icazəsi olmayanlar. Bunlar isə fərqlidir. Bəzilərinin orada müvəqqəti yaşamaq hüququ var, iş icazəsi yoxdur, amma işləyir. Bu cür yaşayanlar aşkar edildikdə, əlbəttə, ölkədən deportasiya olunur”.

 

“Bu tip azərbaycanlılardan ibarət olan miqrantların sayının çox olduğunu düşünmürəm. Bizimkilərin Rusiyaya getdikdə orda Azərbaycandan fərqli olaraq iş icazəsi almaq prosedurları daha yaxşıdır. Azərbaycanda işəgötürən, Rusiyada isə vətəndaşların özləri müəyyən kvota qarşılığında iş icazəsi əldə edirlər. Həmin kvotalar vilayətlərə görə dəyişir. Həmin patenti əldə etdikdən sonra onların orda işləmək və yaşamaq hüquqları olur”, - deyə müsahibimiz bildirib.

 

Məmmədov hesab edir ki, Azərbaycanda əmək  bazarında vəziyyətin gərgin olmasına baxmayaraq, əgər sözügedən vətəndaşlarımız ölkəyə geri qayıdarlarsa, hər hansı ciddi porblem yaşanmayacaq: “İşğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələrin həyata keçirilməsi, yeni şəhər, qəsəbə və kəndlərin salınması ilə bağlı əlavə işçi qüvvəsinə ehtiyac olacaq. Ölkəmizdə əhalinin 70 faizə yaxını əmək qabliyyətli insanlardır. Ölkəmizdə hər kvadrat kilometrə 100 nəfərdən çox insan düşdüyünə görə iş yerləri hər zaman məhdud saydadır. Hamını işlə təmin etmək məsələsi yüz faiz həll oluna biləcək məsələ deyil”.

Rəşad Həsənov: “Yeni qaz yatağı müəyyən imkanlar formalaşdırır”

İqtisadçı ekepert Rəşad Həsənov AYNA-ya şərhində deyib ki, Rusiya hökumətinin miqrantlara qarşı yanaşmasında müəyyən dəyişikliklər baş verə bilər: “Ola bilsin ki, qeyd olunan dövr ərzində müəyyən vətəndaşlar hansısa formada qeydiyyatdan keçsin. Çünki bənzər təşəbbüslər ilk dəfə deyil ki, irəli sürülür. Bu hal bir neçə dəfə baş verib. Və həmin dövr ərzində də Azərbaycana ciddi miqrant axını baş verməyib. Təbbi ki, hər zaman iqtisadi-sosial problemlər ortaya çıxanda Rusiya buna bənzər qərarlar qəbul edir. Ölkə daxilində müəyyən stabilliyi təmin etmək məqsədilə bu kimi addımlar atılır. Çox güman ki, azərbaycanlıların bir qismi uçota düşəcək, öz fəaliyyətini Rusiyada davam etdirəcək”.

 

Ekspertin fikrincə, ilk addımlardan biri hökumətimizin bu istiqamətdə müəyyən danışıqlar aparmasıdır: “İstənilən halda miqrantların Azərbaycana gəlməsi əmək bazarında vəziyyəti sərtləşdirə bilər. Çünki pandemiya ciddi işsizlik yükü yaradıb. Rəsmi rəqəmlərdə bu göstərici 7 faizin üzərindədir, amma qeyri-rəsmi göstəricələrə görə, ölkədə 15 faizdən çox işsizlik hökm sürür. Kiçik sosial qruplar arasında keçirilən sorğular bəzi hallarda bunu deməyə əsas verir. Miqrantların böyük hissəsi isə əmək qüvvəsi olan şəxslərdir. Onların Rusiyaya getmələrində məqsəd əmək bazarında müəyyən məşğulluq əldə etmək olur. Ona görə də onların ölkəyə qayıtması Azərbaycanın əmək bazarında təzyiqlərin yaranacağına səbəb olacaq”.

 

Həmsöhbətimizin sözlərinə görə, ikinci məsələ odur ki, bölgələrin sosial təminatında Rusiyadan göndərilən vəsaitlərin rolu böyükdür: “Miqrantların oradan ailələrinə göndərdikləri vəsait həmin ailələrin yaşayış təminatı üçün əsas maliyyə bazası hesab olunur. Bu vəsaitlər də kəsiləcək və həmin vəsaitlərin kəsildiyi halda qismən də olsa, tədiyyə balansı üzərində kiçik təzyiqlər formalaşdıra bilər. Çünki həmin vəsaitlər Azərbaycana valyuta ilə göndərilir. Bu, ölkədən çıxan və ölkəyə daxil olan valyuta arasında balansın təmin edilməsində alətlərdən biridir”.

 

“Ölkəyə göndərilən vəsaitlər, təxminən 1,4-2 milyard ABŞ dolları qədər ola bilir. Bunun uçotu tam olaraq Mərkəzi Bank tərəfindən aparıla bilmir. Çünki burada qeyri-rəsmi alətlər də mövcuddur. Yəni miqrantlar ailələrinə pulu bir çox hallarda Azərbaycana səfər edən digər miqranta verməklə göndərirlər. Ona görə də bu uçotu aparmaq çətindir. Bu rəqəmlər isə rəsmi göstəricilərdən daha böyükdür. Bu da onun sosial təsirlərinin daha yüksək olduğu deməkdir”, - deyə Həsənov vurğulayıb.

 

İqtisadçının fikrincə, əgər söhbət orta müddətli dövrdən gedirsə, Qarabağın bərpası prosesi əmək bazarında müəyyən qədər əlavə iş yerlərinin yaranmasına gətirib çıxaracaq: “Bu istiqamətdə əmək bazarında olan təzyiqlər nisbətən neytrallaşacaq ki, Rusiyadan gəlmiş miqrantlar da hansısa formada həmin bazarda özlərinə yer tapa biləcək. Digər təzyiq isə cinayətkarlığın artması istiqamətində ola bilər. Çünki işsiz, müəyyən mühitdə işləməyə alışmış şəxlərin işsiz qalması, onların Azərbaycanda qeyri-qanuni fəaliyyətlərə əl atmasına gətirib çıxara bilər, xüsusilə də cənub regionlarında, İranla sərhəddə narkotik ticarətinin genişlənməsinə şərait yarada bilər. Bu istiqamətdə də yaranacaq o təsirlərin neytrallaşması ilə bağlı əvvəlcədən Azərbaycan hökuməti müəyyən qabaqlayıcı addımlar atmalıdır, hökumət çalışmalıdır ki, mümkün qədər həmin şəxslər olduqları yerlərində qalsınlar, işləsinlər, düzənləri, həyatları pozulmasın. Bunun üçün də Rusiya hökuməti ilə konstruktiv danışıqlar aparılmalıdır”.

Müəllif: Ülviyyə Şahin