Səfir: “Girovların azad edilməsi ilə bağlı heç bir danışıqlar aparılmır”
Fələstinin HƏMAS radikal qruplaşması girovlarla bağlı İsraillə danışıqları dayandırıb. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi bildirib.
“İndi bildiyimə görə, girovların azad edilməsi ilə bağlı heç bir danışıqlar aparılmır. HƏMAS bunu öz təşəbbüsü ilə dayandırıb”, diplomat deyib.
Səfirin sözlərinə görə, bütün xahişlərə baxmayaraq, HƏMAS hətta girovların siyahısını və onların vəziyyəti ilə bağlı məlumatları təqdim etməyib.
Səfir əlavə edib ki, İsrail bütün girovların qısa zamanda azad edilməsini gözləyir.
Qeyd edək ki, bundan əvvəl HƏMAS-ın girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi bildirilmişdi. Qeyd olunurdu ki, İsrail girovların müqabilində 3-5 günlük hərbi əməliyyatlara fasilə verməyə razı olacaq.