“Hələ bilmirik ki, sərhədlərlə bağlı Rusiya hansı xəritəni təqdim edəcək” – VİTSE-SPİKER

Aktual

05.11.2021 - 10:25

Fəzail İbrahimli: “Söhbət hansı xəritələrdən gedirsə-getsin, bütün mənalarda ermənilər vahiməyə düşürlər”

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi SSRİ xəritələrinə əsasən aparılacaq. Bu barədə Rusiya rəsmiləri bir neçə dəfə açıqlamalar veriblər. Amma proses hansı illərin xəritələri əsasında həyata keçiriləcək, açıqlanmayıb. Məsələ burasındadır ki, Sovet İttifaqı dövründə bir neçə dəfə xəritə çəkilib.

Erməni mediasında yazılanlara inansaq, Azərbaycan tərəfi 1920-ci ildə müəyyənləşən xəritələrə əsasən delimitasiya və demarkasiyanın təşkilini tələb edib. Bildirilir ki, Moskva da Bakının tələbi ilə razılaşır. Və buna görə erməni ictimaiyyətində narazılıqlar var. Narazılığın səbəbi isə bəllidir. Əgər həmin xəritələrə əsasən sərhədlərin müəyyənləşərsə, o zaman tarixi Azərbaycan ərazisi olan Zəngəzur Azərbaycana qaytarılmalıdır.

Qeyd edək ki, nə Rusiya, nə Azərbaycan, nə də Ermənistan tərəfindən rəsmi şəkildə bu məlumatlara münasibət bildirilməyib. Bildiyimiz odur ki, sərhədlərin delimitasiya və demarkasiyası Rusiya arxivlərindəki SSRİ dövrünün xəritələrinə uyğun həyata keçiriləcək. Bir çox ekspertlər güman edirlər ki, 1970-ci illərin xəritələri əsas götürüləcək.

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclis Sədrinin müavini, tarixçi alim Fəzail İbrahimli SSRİ xəritələri dedikdə, 1920-ci illərdən sonrakı dövrün xəritələri nəzərdə tutulur: “Yəni Sovet hakimiyyəti qurulandan sonra nəzərdə tutulur. Ümumiyyətlə, həmin vaxt Ermənistan adında dövlət yox idi ki, onun xəritəsi də olaydı. 1918-ci ildə may ayının 29-da Azərbaycan Milli Şurasının qərarı oldu. Təbii ki, bu, ittiham mənbəyi deyil. Sadəcə Milli Şura məcbur olub 9 min kvadrat kilometri ermənilərə verdi. Həmin 9 min kvadrat kilometrdən sonrakı dövrdə - 1918-ci ildə İrəvan, 1920-ci ildə Zəngəzur verildi”.

“Zəngəzurun verilməsi hansısa zaman kəsiyində baş verən hadisə deyil. Stalin gəlib Bakıda oturmuşdu. 1920-ci ilin aprel ayının 28-də Azərbaycanda çevriliş baş verdi, bolşeviklər hakimiyyətə gəldilər. Ermənistan isə gözləmə mövqeyində idi. Ermənistan hər zaman iki cəbhəyə işləyib – Amerika-Avropa cəbhəsinə və Rusiyaya. Rusiya mətbəxində olan ermənilərə mesaj verildi ki, Azərbaycanda hökumət devriləcək, siz bu fürsətdən istifadə edib ərazilərdən yararlanın. Stalin o dövrdə Zəngəzur məsələsi ilə bağlı qeyd edirdi ki, buranın taleyi Ermənistanda Sovet hakimiyyətinin qurulmasından asılı idi. 1921-ci il dekabrın 1-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat Komitəsi qərar qəbul etdi ki, Zəngəzurun bir hissəsi Ermənistana verilsin. Bunu hökumətin başçısı Nəriman Nərimanov bəyan etdi”, - deyə vitse-spiker vurğulayıb.

F.İbrahimli qeyd edib ki, Zəngəzurun ermənilərə verilməsi torpaq itkisi, bolşevik alveri idi: “Amma bu, elə-belə ortaya çıxmamışdı. Zəngəzurun verilməsi xristian dünyasının 200 ildən artıq davam edən “Türk xətti”ni qırmaq cəhdlərinin növbəti addımı idi. Məsələn, Orenburq Qazaxstandan alındı, Həştərxan türkləri assimilyasiyaya uğradıldı. Türklər orada zəiflədi, zəncir qırıldı. Şimali Qafqazdan türk xalqları sürgün edildi. Krım tatarları sürgün edildi, assimilyasiyaya uğradıldı. Çuvaşiyanın, Tatarıstanın, Başqırdıstanın türk dünyası ilə əlaqələri kəsildi. Nəhayət ki, zəncirin növbəti halqası Zəngəzur oldu. Bununla da türk dünyası arasındakı vahid türk xətti qırıldı. Orta Asiya ilə əlaqə kəsildi, Türkiyə ilə Azərbaycanın əlaqəsi kəsildi”.

“İndi Rusiya tərəfi ortaya hansı xəritəni ortaya çıxaracaq? 1918-ci ildə mövcud olan xəritəni, yoxsa 1920-ci ilin əvvəllərində hazırlanan xəritəni? 1920-ci ilin əvvəlində Ermənistanın sərhədləri və ərazisi indikindən xeyli sayda az idi. Biz hələ bilmirik ki, Rusiya sərhədlərlə bağlı hansı xəritəni təqdim edəcək və hansı prinsiplər əsas götürüləcək. Bunlar aydın olandan sonra nəsə demək mümkündür. Çünki zaman-zaman Azərbaycan əraziləri hərraca qoyulub. 114 min kvadrat kilometr ərazimizdən bu gün bizə qalan 86.6 min kvadrat kilometr ərazidir. Onun da 20 faizi işğal olunmuşdu. Söhbət hansı xəritələrdən gedirsə-getsin, bütün mənalarda ermənilər vahiməyə düşürlər. 1920-ci ilin əvvəllərində olan xəritələrdə Ermənistanın əraziləri çox az idi”, tarixçi alim qeyd edib.

“Azərbaycan üçün hansı illərin xəritələri məqbuldur?”, sualına isə vitse-spiker belə cavab verib: “Torpaq məsələsi belədir ki, burada dövlət var, onun siyasi tərəfləri var. Sərhəd məsələsində hansısa siyasətçinin, Fəzail İbrahimlinin, “Ayna” qəzetinin istəyi, arzusu rol oynaya bilməz. Dövlətlə, ərazi ilə, sərhədlə bağlı düşüncə ortalığa qoymaq sadəlövhlük olardı. Güman edirəm ki, dövlətimiz nə xeyirimizə olacaqsa, onu da qəbul edəcək”.

Müəllif: Anar Bayramoğlu