Bu günlərdə qələmi ilə savaşanların cəbhəsində vəziyyət necədir?
“Cəbhədən yeni nə xəbər var?” Bir az həyəcanlı, nigaran, amma daha çox ümid və sevinc qarışıq verilən sual. Son günlərdə media nümayəndələrinə də ən çox ünvanlanan sual budur. Cismən harada olmasından asılı olmayaraq, hər bir həmvətənimiz ruhən cəbhədə, əsgərlərimizlədir.
Bildiyimiz kimi, 27 sentyabrdan ölkə üzrə internet məhdudlaşdırılıb. Elə müharibə xəbərlərini də əksəriyyət televizordan, radiodan eşidir. Hazırda evlərdə çoxdan toz basmış televizorlar bütün günü işləyir, hər kəsin diqqəti efirdə, radioda, operativliyi qorumağı bacaran saytlardadır.
Bəs, görəsən, bu dəfə KİV cəbhə xəbərlərini necə çatdırır, qaneedici hesab etmək olarmı? İnformasiya müharibəsində jurnalistlər daha nələrə diqqəti ayırmalıdırlar? AYNA bu suallar ətrafında ekspertlərlə həmsöhbət olub.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli, mövcud şəriatdə Azərbaycan KİV-lərinin, xüsusilə də televiziya kanallarının işini qənaətbəxş hesab edir: “Müdafiə Nazirliyi məlumatlandırma işini yaxşı təşkil edib. Bunun sayəsində də bizim KİV-lər, xüsusilə də radio və televiziya kanllarımız ictimaiyyəti operativ olaraq məlumatlandıra bilir. İnternetin məhdudlaşdırılması səbəbi ilə saytlar problem yaşayır. Ancaq radio, televiziya kanalları, qəzetlər məlumatları çox səriştəli şəkildə yayımlaya bilir”.
“Bu baxımdan, televiziya kanallarında canlı bağlantıları, xüsusilə də İTV və AzTV-nin ictimai müzakirə proqramlarını qeyd edə bilərik. Mən hesab edirəm ki, indiki vəziyyətdə auditoriya daha çox canlı bağlantı, ictimai müzakirələri, yaranmış situasiyanın müxtəlif aspektlərdən təhlilini diqqətlə izləyir. Əhali bu cür verilişlərdən məlumat ala bilir. Lakin, fikrimcə, bəzən Müdafiə Nazirliyinin məlumatları kifayət eləmir. Buna görə də biz mötəbər informasiya qaynaqları hesab elədiyimiz –informasiya gentliklərinin məlumatlarına istinad edirik. Həmçinin, bir çox xarici KİV-lər də onlara istinad edir”, - mütəxəssis bildirib.
Məhərrəmli vurğulayıb ki, bugünkü məlumatlandırma işində medianın bir vəzifəsi də hərbi ekspertlərin, informasiya mütəxəssislərinin köməyi ilə dezinformasiyaların təkzib olunmasıdır: “Jurnalistlər hadisələrin gedişatı haqda cəmiyyətin doğru-dürüst məlumat alması, artıq şayiələrin yaranmaması üçün çalışmalıdırlar. Mən arzulayardım ki, daha çox ekstrimal şəraiti işıqlandırmaq üzrə reportyorların materiallarından istifadə etsinlər. Təsadüfi məlumatlara yer verilməməlidir. Heç bir halda şou adamlarının, cəmiyyətdə heç bir nüfuzu olmayan kəslərin çıxışlarına yol vermək olmaz. Onlar dünyanın düz vaxtında istədikləri kimi danışa bilirlər. Cəmiyyətdə nüfuzu olmayan adamların bu məsələlər barədə danışması problemin ciddiliyinə xələl gətirir. Efirə çıxacaq adamların seçilməsinə xüsusi diqqət yetirmək lazımdır ki, həmin kəslər danışmaq xatirinə danışan kimsələr olmasın, insanların şüuruna müsbət tərəfdən təsir edəcək fikirlər səsləndirsinlər”.
“Zəif media qurumu odur ki, yalnız rəsmi məlumatlarla kifayətlənir. Rəsmi məlumatlardan irəli gələn bir sıra məsələlər var. Məsələn, ekstrimal şəraitlərdə cəbhə bölgəsində olan insanların təhlükələrdən qorunması üçün nələr etməli olduqları haqda, həyəcan siqnalları ilə bağlı əhali məlumatlandırılmalıdır. Bunlar hamısı əlbəttə ki, medianın maarifləndirici işləridir. Amma təbii ki, biz birbaşa cəbhə bölgələrində gedən proseslərlə bağlı rəsmi məlumatlara istinad etməliyik. Lakin qeyd etdiyim kimi, rəsmi məlumatlardan başqa medianın, jurnalistlərin yaza biləcəyi çox sayda istiqamətlər var ki, hesab edirəm, jurnalistlər həmin istiqamətlərdə mütləq çıxış etməlidirlər”, - deyə professor fikrini yekunlaşdırıb.
“İşıq” jurnalının baş redaktor müavini, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Əsəd Aslanoğlunun fikrincə, cəmiyyətə çatdırılan informasiya fakta söykənməklə yanaşı, həm də milli birlik və ruh yüksəkliyinə də xidmət etməlidir: “Bu günlərdə çox həssas dönəmdən keçirik. Bəlkə də hər kəsdən daha çox jurnalistlər diqqətli olmalıdırlar. Jurnalist hər şeydən öncə dövlət və hərbi sirlərin qorunmasına cavabdeh olmalıdır. Bunun üçün o, bilikli olmağı ilə bərabər, həm də siyasi-diplomatik cəhətdən də ayıq və hazırlıqlı olmağa məcburdur”.
“Bu gün biz real müharibə şəraitində yaşayırıq. Yaşadığımız günlər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq mahiyyətdədir. Bu günlərdə, xüsusən KİV nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətə çatdırılan informasiya fakta söykənməklə yanaşı, həm də milli birlik və ruh yüksəkliyinə də xidmət etməlidir. Bu baxımdan, xüsusən cəbhə xəttinə ezam olunan jurnalistlər daha həssas olmalıdırlar. Bəzən onların bircə mimikası, hətta, səs tonu duyğu yüklü, vətənpərvərlik dolu ifadələri kütləyə böyük ruh verə bilir. Bu, çox önəmli vasitədir. Düşünürəm ki, belə həssas dönəmdə bu cür xüsuslara diqqət yetirilməlidir”, - o deyib.
Aslanoğlu hazırda cəbhədə aparılan mübarizəmizə KİV vasitəsilə dəstək və təkan verən jurnalistlərə təklifini də çatdırıb: “İradım, daha doğrusu, təklifim bundan ibarətdir ki, istər vizual, istərsə də yazılı mediada rəsmi xəbərlər həddən artıq texniki dildə verilməsin. Texniki dil dedikdə dilin duyğu yükünün olmamasını nəzərdə tuturam. Bu, dilimizə Sovet dövründə bulaşdı və təsir gücü, sanki azaldı. Düşünürəm, bu məsələdə ədəbiyyat çox güclü bir vasitədir. Bəzən rəsmi xəbərin ardına faktı zədələməyən, elə təsiredici ifadə əlavə etmək olar ki, cəmiyyətdə müsbət dalğa yaratsın. Təbii ki, bunlar jurnalistin birbaşa fərdi hazırlığına bağlıdır və bu gün Azərbaycanda kifayət qədər hazırlıqlı, vətənpərvər, milli şüura malik jurnalistlər var. Müsbət, sevindirici hal budur ki, 2016-cı il aprel hadisələrindən fərqli olaraq, bu günlərdə informasiya axını çox yüksək səviyyədə tənzimlənir. Reallıq budur ki, bu sahədə biz düşməndən çox öndəyik. Arzu edirəm və inanıram ki, ordumuzun gətirəcəyi böyük zəfər müjdəsində KİV-in də öz müsbət rolu olacaq. Və biz qələbə sevincini birlikdə qeyd edəcəyik”.