“Hazırda sülh sazişinin imzalanması üçün zəmin yoxdur”

Siyasət

19.02.2024 - 13:57

Şahin Cəfərli: “Qərb istəyir ki, Bakı ilə İrəvan arasındakı mübahisələrə tezliklə son qoyulsun, amma bugünkü reallıqlar...”

Fevralın 17-də Münhendə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Üçtərəfli görüşdə iştirak edən Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

Bundan əlavə, Münhendə Əliyev ilə Paşinyan arasında ikitərəfli görüş də baş tutub. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Münhendə baş tutan görüşlərlə bağlı danışan analitiklər hesab edirlər ki, bununla da bir müddətdir dayanan danışıqlar prosesi bərpa olunmuş sayılır. Xüsusilə, görüşün Avropada baş tutması rəsmi Bakının yenidən Brüssel platformasına isti yanaşdığı anlamına gəlir. Qeyd edək ki, Azərbaycan tərəfi həm Qranada, həm də Brüssel görüşündən imtina etmişdi ki, bu da Bakının Qərb platformasından uzaqlaşması kimi dəyərləndirilirdi.

Politoloq Şahin Cəfərli mövzuya dair AYNA-ya müsahibəsində deyib ki, Münhendə görüşün baş tutması və müzakirələr müsbət olsa da, tələsik nəticələr çıxarmaq olmaz:

- Bu görüşü Brüssel platformasında keçirilən görüşlərin davamı saymaq olar. Şarl Mişelin təşəbbüsü ilə keçirilən və “Brüssel platforması” adlandırılan danışıqların növbətisi demək mümkündür. Nəzərə almaq lazımdır ki, Almaniya Avropa İttifaqının əsas ölkələrindən biridir və liderlər arasında Berlində görüş keçirilməsi də o deməkdir ki, təmas Brüssel platformasında baş tutdu.

Amma bu, o demək deyil ki, Azərbaycan tərəfi sülh sazişinin imzalanmasında Brüssel platformasına üstünlük verəcək. Görünən odur ki, bu görüş əvvəlcədən planlaşdırılmayan, məhz Münhendə edilən təklif əsasında keçirilib. Əgər belə bir təklif varsa, bundan Azərbaycan liderinin imtina etməsi doğru olmazdı. Çünki Azərbaycan Prezidenti dialoqdan qaçan tərəf kimi görünmək istəmir.

Bütün hallarda, Münhen görüşü ilə bağlı uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Hazırkı mərhələdə sülh sazişinin imzalanacağı gözlənilmir. Düşünürəm ki, sazişin imzalanması üçün hazırda münbit zəmin yoxdur.

- Bu zəminin olmamasına səbəb nədir?

- Rusiya faktoru Cənubi Qafqazda hələ də güclü olaraq qalır. Tərəflər, xüsusilə də Azərbaycan tərəfi bu faktoru kifayət qədər ciddi qəbul edir. Rəsmi Bakı Rusiyanın maraqlarına zidd addım atmaq niyyətindən uzaq görünür. Məlumdur ki, Moskva danışıqların Avropa platformasına qarşıdır, bundan xoşlanmır. Ona görə də Brüssel platformasında aparılan danışıqların tezliklə sülh sazişinə gətirib çıxaracağı mümkünsüz görünür. Zəminin olmadığını dedikdə bunu nəzərdə tuturam.

Əlbəttə, Qərb platformasında danışıqlar davam edə bilər, görüşlər bundan sonra da keçirilə bilər. Amma Brüssel platforması çərçivəsində sülh sazişinin yaxın gələcəkdə imzalanacağını gözləmirəm. Prezident andiçmə mərasimində Bakının mövqeyini aydın şəkildə səsləndirdi. Rəsmi Bakı sülh prosesinə yenidən digər tərəflərin, xüsusilə Qərbin müdaxiləsini istəmədiyini açıq şəkildə bəyan etdi.

Qərb maraqlıdır ki, İrəvanla Bakı arasındakı mübahisələrə tezliklə son qoyulsun, sülh sazişi imzalansın və əməkdaşlıq bərpa olunsun. Təbii ki, Rusiyanın şərtləri əsasında yox, Azərbaycan və Ermənistanın iradəsi əsasında. Amma bugünkü reallıqlar belə bir sülhə inam yaratmır. Yenə deyirəm, bu halda sülh sazişinin tezliklə imzalanması çətindir.

- Sülhü ləngidən təkcə Rusiya amilidirmi?

- Əlbəttə, yox. Məsələn, Azərbaycanın Ermənistandan tələbləri var ki, bunların yerinə yetirilməsi də zaman alan məsələdir. Məsələn, Ermənistanın Konstitusiyası və qanunlarında dəyişiklik tələbi var ki, bunu tez bir zamanda yerinə yetirmək mümkün deyil. Eyni zamanda, Zəngəzur dəhlizi məsələsi var ki, düyünə düşən məsələdir. Aydındır ki, rəsmi İrəvan bu yolun məhz dəhliz statusunda açılmasını istəmir və buna razılaşmayacaq. “Bu halda Azərbaycan sülh sazişini imzalayacaqmı?” sualına müsbət cavab vermək mümkün deyil. Düzdür, Zəngəzur dəhlizi birbaşa sülh sazişinin mövzusu deyil, amma bu məsələ ümumilikdə prosesə ciddi təsir göstərən faktorlardan biridir. Dediyim məsələlərlə bağlı yaxın zamanlarda ciddi razılaşmaların olacağı inandırıcı deyil.

- Görünən odur ki, Qərb sülh prosesində vasitəçi olmaqda israrlıdır. Azərbaycan tərəfi isə vasitəçisiz – ikitərəfli danışıqlardan yana olduğunu açıq şəkildə bildirib. Qərb bu mövqeyinə görə Azərbaycana qarşı hansısa sərt addımlar ata bilərmi?

- Bu, daha çox Azərbaycanın mövqeyindən və Azərbaycan-Qərb münasibətlərinin bundan sonrakı inkişaf tendensiyasından asılı olacaq. Azərbaycan birbaşa olaraq Qərbin Cənubi Qafqaza daxil olmasını əngəlləməyə çalışacaqsa, Ermənistanla münasibətlərdə gərginlik artacaqsa, sərhəd toqquşmaları intensivləşəcəksə, Qərb tərəfindən Azərbaycana qarşı sərt addımların atılması ehtimalı var. Çünki Qərbdə belə təsəvvür var ki, sərhəddəki gərginliyi Azərbaycan yaradır, məqsəd də Ermənistan üzərində hərbi təzyiq qurmaq, İrəvanı nələrəsə vadar etməkdir. Qərb hesab edir ki, Azərbaycan bununla Ermənistanı Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır. Qərb belə düşünür və Azərbaycan bu siyasi xətti davam etdirərsə, o zaman Qərb-Azərbaycan münasibətləri tamamilə qırıla bilər.

Bundan sonra Azərbaycana qarşı sanksiyalar gündəmə gələ bilər. Əslində, Qərb çevrələrində bu, açıq şəkildə deyilib. Azərbaycanın işini çətinləşdirən odur ki, sərhəddə gərginliyin artmasında, Qərb-Azərbaycan münasibətlərinin daha da gərginləşməsində Rusiya çox maraqlıdır. Moskva maraqlıdır ki, Azərbaycan Ermənistana qarşı hərbi təzyiqlər göstərsin, Zəngəzur dəhlizini açmaq üçün Bakı gücdən istifadə etsin. Məncə, Azərbaycan buna getməməlidir. Çünki bu, Azərbaycanın maraqlarına uyğun deyil.

Müəllif: Anar Bayramoğlu