“Hakimiyyəti tənqid etməklə iş bitmir”

Siyasət

20.12.2023 - 13:54

Müxalifətin boykot qərarı - yolun sonu?

Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq. Bununla bağlı qərar Müsavat Partiyasının Divanının iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib. Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan edib.

Qeyd edək ki, hər iki müxalifət partiyasının baykot qərarı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Politoloq Azər Qasımlı müxalifət partiyalarını öz fəaliyyətlərini dondurmağa səsləyib: “Ölkədə siyasi fəaliyyət üçün münbit şərait yoxdursa, partiyaların fəaliyyəti də mənasızdır. Mən “dondurmalıdır” söyləyəndə, demirəm ki, partiyanı buraxıb evdə oturmalıdırlar. Söhbət səmimi davranıb hər şeyi olduğu kimi xalqa təqdim etməkdən gedir. Xalqla manipulyasiya edib aldatmağa ehtiyac yoxdur. Əgər ölkədə siyasət yoxdursa, açıq şəkildə bunu demək lazımdır. Sadəcə, “biz indi nə etməliyik” sualını müzakirəyə çevirmək lazımdır. Gücləri birləşdirib prosesi hara gətirmək lazımdır, mən bu haqda düşünməyin tərəfdarıyam”.

Bəzi müxalifət funksionerləri isə tərəfdarlarının həyatını təhlükəyə atmağın, onların həbs olunmasına şərait yaratmağın, partiyanın qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib, seçkilərdə iştirakdan imtinanın məntiqi əsası olmadığını söyləyirlər. Onların qənaətinə görə, bu, cəmiyyəti aldatmaqdır və müxalifət liderləri özlərində cəsarət tapıb həqiqəti söyləməlidirlər.

YAP-çı deputat Məşhur Məmmədov ənənəvi müxalifət partiyalarının ölkədə normal seçki mühitinin olmamasına dair bəyanatını əsassız sayır. O, AYNA-ya açıqlamasında deyib ki, Müsavat və AXCP məğlub olacağını bildiyinə görə seçkilərə qatılmır: “Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiyaya qarşı çoxvektorlu embarqoları, beynəlxalq münasibətlər sistemində gərginliklər, regional konfliktlər fonunda dünyanın siyasi və iqtisadi nizamı dəyişib. Dünyanın bölüşdürülməsi uğrunda kəskin mübarizə gedir və bir çox ölkələr bu prosesin qurbanına çevrilib. Belə bir şəraitdə Azərbaycan nəinki bundan özünü qoruya bilib, əksinə, öz doğma torpaqlarını işğaldan azad edib. Ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub”.

“Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu, Türkiyə ilə birlikdə yürüdülən uğurlu diplomatik siyasət ölkəmizin regionun lider dövləti olaraq mövqeyini daha da gücləndirib. Dünyanın isə önəmli ölkələrindən birinə çevrilmişik. Cənab İlham Əliyev ən demokratik seçkidə Azərbaycanın xalqının mütləq əksəriyyətinin dəstəyini almağa və qalib gəlməyə qadirdir. Bu gün onunla müqayisə oluna biləcək, rəqabət aparacaq bir namizəd yoxdur”, - deyə həmsöhbətimiz bildirib.

Məmmədov hesab edir ki, Müsavat və AXCP qürub dövrünü yaşayır və heç bir ictimai dəstəyə malik deyillər: “Bəzi müxalifət partiyaları mövcud reallığı olduğu kimi qiymətləndirib, cənab İlham Əliyevin namizədliyini müdafiə etdi. Müsavat və AXCP isə cəmiyyətdə heç bir nüfuza malik deyil. Bu partiyaların nəinki sosial elektoratı, kiçik bir tədbirə toplayacaq tərəfdarları da yoxdur. Bu halda seçkilərdə məğlub olacaqlarını dəqiq bilirlər və diqqəti bundan yayındırmaq üçün ölkədə normal seçki mühitinin olmaması kimi yersiz və əsassız bəhanələr gətirirlər”.

Mövzunu AYNA-ya şərh edən müstəqil politoloq Xəqani Cəfərli əmindir ki, seçkilərdə iştirak mütləqdir: “Birmənalı şəkildə söyləyə bilərəm ki, ənənəvi müxalifət seçkilərdə iştirak etməməklə gözlənilən sonluğunu daha da yaxınlaşdırır. Düzdür, ölkədə seçki mühiti, siyasi mühit mövcud deyil. Müxalifətin seçkilərdə iştirakına şərait yaradılmır. Sərbəst toplaşmaq azadlığı yoxdur. İstər seçkilərin gedişi, istərsə də səslərin sayılması zamanı ciddi qanun pozuntularına yol verilir. Bunu heç kim inkar etmir. Lakin bir halda ki, şərait və mühit belədir, o zaman bu partiyaların fəaliyyəti məsələsi də gündəmə gəlir. Xüsusən bu partiyaların üzvləri qarşısında rəhbərliyin mənəvi məsuliyyəti var”.

“Qeydiyyat üçün müraciət edib, sonra seçkilərdə iştirak etməmək, üzvlərin həbs olunmasına faktiki olaraq şərait yaratmaq soğrulana bilər. Artıq elə bir dövrə gəlmişik ki, hakimiyətin mahiyyətini bəyan etməklə bu soğrulardan yayınmaq olmur. Əgər iqtidar belədirsə, mübarizə lüzumsuzdursa, onda niyə siyasi mübarizə aparıb, cəmiyyətə müəyyən ümidlər və vədlər verirsiniz?! Bunlar hamısı ciddi mövzulardır”, - deyə analitik vurğulayıb.

Cəfərlinin fikrincə, AXCP və Müsavat bu gedişlə uzun müddət siyasi səhnədə qala bilməyəcək: “Çünki narazı elektoratın maraqlarını ifadə edə bilmirlər. Nəticədə cəmiyyətin illərdir gözlədiyi proses qaçılmaz olacaq. Yeni nəsil müxalifət liderləri yetişəcək ki, narazı elektorat Müsavat və AXCP liderlərini deyil, onları müdafiə edəcək”.

Müəllif: Azər Niftiyev