Gürcüstan Parlamentinin girişində etiraz aksiyası keçirilir

Dünya

15.04.2024 - 15:08

Aksiya iştirakçıları hüquq komitəsində baxılacaq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər

Gürcüstan Parlamentinin arxa girişində etiraz aksiyası keçirilir. AYNA gürcü mediasına istinadən bildirir ki, ictimai təşkilatların və KİV nümayəndələri toplaşaraq üzərində “Rusiya qanunlarına yox!” yazılmış plakatlar açıblar.

Aksiyada iştirak edənlər hüquq komitəsində baxılacaq “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

Hadisə yerinə polis qüvvələri gəlib.

Qeyd edək ki, səhər saatlarında keçirilməsi nəzərdə tutulan mitinqlə yanaşı, axşam saat 19:00-da parlamentin qarşısında qanun layihəsinə etiraz olaraq mitinq keçiriləcək.

“Gürcüstanın Avropa gələcəyi üçün mübarizə davam edir. Evdə qalma, çölə çıx. “Rusiya qanunu Gürcüstanın bütün vətəndaşlarına şamil edilir!”, “Rusiya qanunu Gürcüstanla Avropa arasında böyük divardır!”, “Bəli - Avropa! Rusiya qanunlarına yox!” – deyə təşkilatçılar tərəfindən sosial şəbəkədə yayılan şüarlarda qeyd olunub.

Xatırladaq ki, Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə baxır. Hakim “Gürcü Arzusu” fraksiyasının təqdim etdiyi layihə bu gün Hüquq Məsələləri Komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb.

Müəllif: Ayna.az