“Girov müqaviləsi” və 4 günlük atəşkəs: “Çətin, lakin doğru qərar”

Dünya

22.11.2023 - 21:25

HƏMAS-la İsrail razılığa gəldi, əsirlər və girovlar qaytarılacaq: "Bu, böyük diplomatik irəliləyişdir”

Fələstinin radikal HƏMAS hərəkatı İsraillə dörd günlük atəşkəs və İsrail həbsxanalarındakı əsirlərin müqabilində saxladığı girovların azad edilməsinə dair razılaşmanı təsdiqləyib. Bəyanat HƏMAS-ın “Telegram” kanalında yerləşdirilib.

Bəyanatda razılaşmanın “Qətərlə Misirin yorulmaz və bacarıqlı səyləri sayəsində” mümkün olduğu bildirilib. İsrail hökuməti ilə razılaşmanın bir hissəsi olaraq, hər iki tərəf Qəzza zolağının bütün ərazilərində hərbi fəaliyyətlərin dayandırılmasına zəmanət verib və atəşkəs öhdəliyini götürüb.

Bundan əlavə, istisnasız olaraq Qəzza zolağının şimal və cənubunda bütün ərazilərə yüzlərlə yük maşınının humanitar, təcili tibbi yardım, eləcə də yanacağın çatdırılması təmin ediləcək.

HƏMAS-ın bəyanatında həmçinin qeyd olunub ki, İsrail ordusu Qəzza zolağının bütün ərazilərində heç kimə hücum etməməyi və ya həbs etməməyi, Səlahəddin şossesi boyunca insanların şimaldan cənuba hərəkət azadlığını təmin etməyi öhdəsinə götürüb.

“Axios” portalının məlumatına görə, bu, HƏMAS-İsrail münaqişəsi başlayandan bəri ən böyük diplomatik irəliləyiş və hərbi əməliyyatlarda ilk böyük fasilədir.

Əvvəlcə qadınlar və uşaqlar azad ediləcək

Razılaşmalara uyğun olaraq 50 israilli əsir, əsasən qadınlar və 19 yaşına çatmamış uşaqlar azadlığa buraxılacaq. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və azyaşlı uşağı azad edəcək. Eyni zamanda, ABŞ HƏMAS-ın İsraillə razılaşmanın birinci mərhələsində girov götürülmüş ən azı üç amerikalını azad edəcəyinə ümid edir.

"İtkin düşən amerikalılardan üçü bu kateqoriyaya aiddir", deyə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.

Qeyd olunur ki, sazişin birinci mərhələsində dörd gün ərzində 30 uşaq, səkkiz ana və daha 12 qadının azad edilməsi planlaşdırılır.

İsrail ordusunun məlumatına görə, 240-a yaxın israilli HƏMAS tərəfindən girov saxlanılır. Eyni zamanda, “The New York Times” qəzetinin yazdığına görə, HƏMAS girovların sağ olmasına, onlara qida və ya dərman verildiyinə dair heç bir sübut təqdim etməyib.

"Təl-Əviv girovların geri qaytarılmasını prioritet hesab edir "

Öz növbəsində İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-la “girov müqaviləsi” qərarını “çətin, lakin doğru” adlandırıb. O vurğulayıb ki, Təl-Əviv girovların geri qaytarılmasını prioritet hesab edir.

İsrail hökumətinin HƏMAS-la Qəzza zolağından girovların azad edilməsi ilə bağlı sövdələşməyə dair müsbət qərar verdiyi barədə ilk xəbəri “Haaretz” qəzeti yayıb. Nəşrin məlumatına görə, sövdələşmənin şərtləri səs çoxluğu ilə təsdiqlənib. Üç nazir - ifrat sağçı “Otzma Yehudit” Partiyasının nümayəndələri qərarın əleyhinə səs verib.

Girovların azad edilməsinin detalları

HAMAS-ın israilli girovları azad etməsi ilə bağlı detallar açıqlanıb. İsrailin "Channel 12" telekanalının məlumatına görə, razılaşmanın cümə axşamı və ya cümə günü (24 və ya 25 noyabr) həyata keçiriləcəyi gözlənilir.

Razılaşmaya əsasən, HAMAS-ın nəzarətində olan 50 israilli İsrail həbsxanalarında olan 150 fələstinli məhbusun əvəzində azad ediləcək. Razılaşma həmçinin döyüşlərdə dörd günlük fasilə və yanacaq da daxil olmaqla humanitar yardımla dolu 300 yük maşınının Qəzzaya daxil olmasını da əhatə edir.

Razılaşma atəşkəsin uzadılmasına və hər iki tərəfin əlində olan daha çox uşaq və qadının potensial azadlığa buraxılmasına imkan verir.

İsrail telekanalı azadlığa buraxılacaq israillilər arasında 30 uşaq, 8 ana və daha 12 qadının olacağını bildirib. İsrail tərəfi hər israillinin müqabilində üç fələstinli məhbusu azad edəcək. 4 günlük atəşkəs müddətində hər gün 12-13 israilli girovun azad ediləcəyi gözlənilir.

Bildirilib ki, daha 20 israilli girov atəşkəsin 2 günlük uzadılması üçün azad oluna bilər. "İsrail ordusu Qəzzanın şimal hissəsinə nəzarəti davam etdirəcək. Yanacaq yalnız atəşkəs dövründə Qəzzaya buraxılacaq", - telekanal məlumat verib.

İlk mərhələdə 10 israilli girovun azad ediləcəyi, bundan sonra isə fələstinli məhbusların birinci qrupunun azad ediləcəyi gözlənilir.

İsrailin KAN radiosu isə rəsmi mənbəyə istinadən bildirib ki, azad ediləcək bütün girovlar İsrail vətəndaşıdır. "HAMAS xarici vətəndaşları azad etsə, bu, razılaşmadan kənar olacaq. Atəşkəs dövründə hava hücumları sutkada 6 saat dayandırılacaq", KAN radiosu bildirib.

Müəllif: Turan Abdulla