Gələn ilin büdcə müzakirələri: maaş və qiymət artımları, prioritet və problemlər açıqlandı

İqtisadiyyat

16.11.2021 - 15:55

Nazirlər plan, proqram və proqnozlardan danışıb, əsas diqqət və xərclərin hansı sahələrə ayrılacağını dilə gətiriblər

Milli Məclisin plenar iclaslarında "2022-ci ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin və büdcəyə daxil olan digər məsələlərin müzakirəsinə başlanılıb. Bu gün keçirilən iclasda Baş nazir Əli Əsədov və digər hökumət üzvləri iştirak ediblər. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Milli Məclis Sədrinin tapşırığı ilə komitədəki büdcə müzakirələrinə ilk dəfə parlamentdə təmsil olunan bütün partiyaların nümayəndələri dəvət edilib. Deputat deyib ki, büdcənin komitələrdə müzakirəsi uğurlu olub.

Milli Məclisin komitə sədri: “Büdcə ilə bağlı 5 suala cavab tapmağa çalışdıq”

Komitə sədri Şuşada mədəniyyət abidələrinin bərpası, Füzuli Beynəlxalq Hava Limanının açılışının əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün dünya iqtisadiyyatı tənəzzüldən çıxaraq bərpa dövrünə keçid edib: “Bununla belə, yeni infeksiya dalğalarının mövcudluğu, peyvəndə əlçatanlığın bərabər olmaması, yüksələn borc və inflyasiya dərəcələri iqtisadi inkişafın qarşısında əsas təhlükə kimi qalmaqdadır. Azərbaycanda peyvənd olunanların sayı dünən 44 faizi keçib. Bu ilin 10 ayının göstəricilərinə əsasən, neftin 1 barelinin orta aylıq qiyməti 68 dollar təşkil edib”.

T.Mirkişili bildirib ki, komitədə aparılan geniş müzakirələr zamanı 5 sualın cavabını tapmağa çalışıblar: “26,8 milyard manat gəlir və 29 milyarddan çox xərc ilə 2022-ci il dövlət büdcəsinin qarşıda duran hədəflərə nail olmağa qadir olduğunu deyə bilərik. Büdcədə orta aylıq əməkhaqqı, o cümlədən neftin qiyməti ilə bağlı proqnozların real olduğunu düşünürük. Gələn il əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin sərəncamını təmin etmək məqsədilə büdcədə nəzərdə tutulan vəsait 1,6 milyon insanı əhatə edəcək".

Nazir: “Qarabağa və Şərqi Zəngəzura qayıdışın sürətləndirilməsi üçün işlər həyata keçirilir”

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov ölkənin iqtisadi inkişafı barədə fikirlərini açıqlayıb. Deyib ki, bu gün düşmənin darmadağın etdiyi ərazilərimizə yeni nəfəs verilir, yeni avtomobil yolları, dəmir yolları çəkilir, mədəniyyət abidələri bərpa edilir: “Ölkəmizin sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müəyyən etdiyi 5 milli inkişaf prioritetindən biri işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiya edilməsidir. Bu baxımdan da növbəti ilin dövlət və icmal büdcələrinin gəlir və xərcləri müəyyənləşdirilərkən cari ilin təsdiq edilmiş büdcəsinin icra vəziyyətinə baxılıb”.

"Azərbaycan şanlı qələbədən sonra yeni dövrə daxil olub. İnsanlarımızın Qarabağa və Şərqi Zəngəzura qayıdışının sürətləndirilməsi üçün işlər həyata keçirilir. İşğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır. Yenidən həmin ərazilərdə olan məscidlərimizdə azan səsləri eşidilir", - deyə S.Şərifov əlavə edib.

“20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün vəsait nəzərdə tutulur”

Sosial yardımlar barədə danışan maliyyə naziri vurğulayıb ki, gələn ilin ünvanlı sosial yardımı üçün 208 milyon manat ayrılacaq: “Növbəti il aztəminatlı ailələrə ünvanlı sosial yardım üçün 208 milyon manat vəsait nəzərdə tutulur. Gələn ilin dövlət büdcəsində 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması üçün də vəsait nəzərdə tutulur. Eyni zamanda, əhalinin mənzilə olan tələbatını qarşılamaq üçün ipotekaya ayrılan vəsaitin cari illə müqayisədə 34 faiz artırılması nəzərdə tutulur”.

Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha artırmaq üçün bu ildən tətbiq olunan Tələbə Kredit Fondunun nizamnaməsi gələn il 102 milyon manata çatdırılacaq: “Növbəti ilin dövlət büdcəsi hesabına güzəştli kateqoriya hesab edilən gənclərin maliyyələşdirilməsi üçün 38 milyon manat ayrılacaq”.

Mikayıl Cabbarov: “İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”

Toplantıya qatılan iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan 2022-2030-cu illləri əhatə edən yeni iqtisadi dövrə qədəm qoyur: "Qarşıda bununla bağlı yeni çağırışlar durur. 2022-2026-ci illər üzrə yeni inkişaf strategiyasının hazırlanması üçün Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib. Bu müzakirələr nəticəsində qarşıdakı çağırışları özündə əhatə edən ilkin büdcə çərçivəsi formalaşmaqdadır. Bundan başqa, növbəti ilin büdcə layihəsi ölkədə sosial layihələrin həyata keçirilməsini özündə əhatə edir. Bütün bunlar dünya bazarında baş verən artımların əhalinin mövcud durumuna təsirlərinin azaldılmasına yönəldilib”.

"Növbəti ilin dövlət büdcəsi qarşıya qoyulan strategiyanın ilk büdcəsi olacaq. Gələn il, 2021-ci ilə nisbətən ölkədə investisiya fəallığının artması gözlənilir. Genişmiqyaslı sosial proqramların həyata keçirilməsi, əmək bazarında şəffaflaşmanın təmin edilməsi şəraitində orta ayıq əməkhaqqının 807 manata çatması gözlənilir. İqtisadi fəaliyyət tamamilə yeni keyfiyyət üzərində formalaşacaq”.

Baş bankir: “Biz burada azad rəqabəti təmin etməliyik”

"Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur". Bu sözləri isə iclasda iştirak edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir qeyd edib ki, milli valyutanın məzənnəsi sabitdir: "Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb. İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur".

Mərkəzi Bankın sədri bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib. Onun sözlərinə görə, qlobal ticarətdə qırılmalar, pandemiya ilə əlaqədar işçi qüvvəsinin çatışmazlığı yaşanır: “Proqnozlara görə, qlobal əmək bazarı pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq. Qlobal işsizlik səviyyəsinin 2021-ci ilin sonuna kimi isə 206 milyon nəfərə yüksəlməsi gözlənilir. Bitki yağının, taxıl məhsullarının qiyməti sürətlə bahalaşıb. Buna qlobal tələbatın, yanacaq, gübrə və logistika xərclərinin artması təsir edib. İqtisadiyyatda inflyasiya gözləntiləri məqbul səviyyədə lövbərlənib”.

E.Rüstəmov ərzaq təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsindən danışıb, bu ekosistemdə ciddi işlərin görülməsinə ehtiyac olduğunu bildirib: “Əhalinin ərzaq təhlükəsizliyini təmin etmək üçün burada əsas şərt azad rəqabəti təmin etməkdir. Qiymət artımına təsir edən təbii amillər var. Amma süni qiymət artımı rəqabət rejimində olan problemlərlə bağlıdır. Biz burada azad rəqabəti təmin etməliyik”.

Müəllif: Anar Bayramoğlu