Əzəli problem, üstəgəl koronavirus: <font color=red> Bir dənə üfü elə</font>

Cəmiyyət

12.02.2021 - 13:32

Həkimlər sərxoşluq yoxlanışı ilə bağlı ciddi xəbərdarlıq edirlər, DYP isə “göz yaşlarına inanmır”

 

Son günlər sosial şəbəkələrdə və ictimaiyyət arasında yol polislərinin yenidən alkotesterə, yəni yerindəcə sürücülərin sərxoş olub-olmadığını yoxlamağa başladığı bildirilir. Düzdür, məsələyə belə aydınlıq gətirilə bilər ki, sürücülərin sərxoş olub-olmadığını yoxlamaq üçün kütləvi şəkildə xəstəxanalara aparmaq belə bir şəraitdə mümkünsüzdür, lakin digər tərəfdən, pandemiyanın yoluxma riskinin azaldılması ilə bağlı da Operativ Qərargahın ara məsafəsinin gözlənilməsi və yaxın təmasdan çəkinməklə bağlı tələbləri var. Hətta, bəzi vətəndaşlar yoxlama üsulunun bəzən cihaz olmadan nəfəsdən-nəfəsə təmasla yoxlanıldığını da iddia edirlər. Təbii ki, bu da belə bir şəraitdə yolverilməzdir.

 

Bəs, belə olan halda sürücü həm yoluxmaqdan, həm də yoluxdurmaqdan çəkindiyini bildirərək etiraz edə bilərmi? Daha dəqiq desək, sürücü ilə yol polisi arasında belə problem yaranarsa, necə davranmaq lazımdır? AYNA məsələyə aydınlıq gətirməy çalışıb.

 

Hüquqşünas Şamil Paşayev deyib ki, sərxoşluq hallarının müəyyən edilməsi ilə bağlı Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının istənilən şəxsi saxlayıb, onun sərxoş olub-olmamasını yoxlamaq ixtiyarı var: “Bununla bağlı konkret olaraq əmr verilməli, əmrə müvafiq olaraq reyd keçirilməlidir. Yaxud da stansionar postlarda sürücüləri saxlayıb sənədlərini yoxlamaq olar. Lakin sürücüləri yol polisinin istəyinə görə saxlayıb, yoxlamaq əsassız və qanunsuzdur”.

 

“Qanunvericilikdə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluğunun müəyyən edilməsi bağlı qaydalar mövcuddur və həmin qaydalarda göstərilib ki, sürücünün sərxoşluğu şübhə doğurduqda şəxs yoxlanılmalıdır. Bunun üçünsə müvafiq qaydada təmin edilmiş alkotester və narkotesterdən istifadə etmək olar. Qanda alkoqolun konsentrasiyası 0.3 promildən yuxarı olduqda şəxs sərxoş sayılır. Lakin birmənalı olaraq həmin qaydada qeyd edilir ki, şəxsin sərxoşluğu xüsusi cihaz vasitəsi ilə yoxlanılmalı sanitar-gigyena qaydalarına riayət etməklə həyata keçirilməlidir”, - hüquqşünas bildirib.

 

O, pandemiya dövrünü nəzərə alaraq vətəndaşlar arasında 2 metrlik sosial məsafənin qorunmasının vacib olduğunu da vurğulayıb: “Həmçinin, yoxlanılma olsa belə, alkotester aparatı diezinfeksiya edilməli, dezinfeksiya edildikdən sonra başlığı dəyişdirilməlidir. Lakin həm sürücü, həm də polis əməkdaşları çalışmalıdır ki, sərxoşluqla bağlı tibbi müayinə aktının tərtib edilməsi üçün vətəndaşın həkim qəbuluna getməsi təmin edilsin. Həkim qəbulunda aparılan yoxlama isə bioloji mayelər, yəni, qan, tüpürcək, sidik və hava yolu vasitəsi ilə yoxlanılmalıdır. Həmçinin, sərxoşluğun müəyyən edilməsində iki hal şahidi işirak etməlidir. Bu, İnzibati Xətalar Məcəlləsinin 69-cu maddəsində də birmənalı olaraq qeyd edilib ki, hal şahidlərinin sayı ən azı iki nəfər olmalı və protokola təsdiq edilməsi zəruridir”.

 

“Belə olan halda, avtomobilin avtodayanacağa aparılması da əsassızdır. Avtomobil avtodayanacağa o halda aparıla bilər ki, şəxsin yanında sürücülük hüququ olmayan şəxs olsun, yaxud da tək olsun. Əgər, şəxsin avtomobilini idarə edərək onu evinə aparacaq adam varsa, şəxsin nəqliyyat vasitəsini idarəetmədən kənarlaşdırıb avtomobilinin avtodayanacağa aparılmasına əsas yoxdur. İnzibati Xətalar Məcəlləsinə görə, yalnız müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş xüsusi ölçü vasitəsiləri texniki vasitələr sayılır. Həmin texniki vasitələrin düzgün işləməsi ilə bağlı da sertifikat olmalıdır. Yoxsa, istənilən məkanda satılan alkotester vasitəsi ilə şəxsin sərxoşluğunun yoxlanılması əsassız və qanunsuzdur”, - Paşayev qeyd edib.

 

Onun sözlərinə görə, bu məsələlərlə bağlı Operativ Qərargahın təlimatlarına da uymaq lazımdır və digər fiziki təmaslarda olduğu kimi, burda da yaxın təmasdan qorunmaq vacibdir: “Yəni, vətəndaşın nəfəsini iyləmək və qoxlamaqla sərxoşluğun yoxlanılması qanunsuzdur. Pandemiya dönəmində müvafiq vəziyyəti nəzərə alaraq deyə bilərik ki, bu cür hadisələr infeksiyaların yayılmasına gətirib çıxarda bilər ki, bu da sərxoşluğu müəyyən etməkdən daha ağır fəsadlara səbəb olar. Çünki bir sərxoş adam maksimum 2-3 nəfərə zərər verə bilərsə, amma virusa yoluxan şəxs 12 nəfərə qədər şəxsi yoluxdura bilər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.

 

Həkim, professor Adil Qeybulla da bu cür yoxlanış üsullarının əsassız olduğunu bildirib: “Sosial məsafə pandemiyanın qarşısını almaq üçün ən effektiv üsullardan biridir. Alkotesterlər vasitəsi ilə yoxlama üsulları isə sosial məsafənin pozulması deməkdir. Çünki alkoqotester cihazlarından yolxuma mümkün ola bilər. Həmin cihazların necə strerilləşdirildiyini bilmirik”.

 

“Bizə də müəyyən məlumatlar gəlir ki, yol polisləri sürücüləri saxlayıb bu şəkildə yoxlamadan keçirirlər. Düzdür, yol polisi xüsusi şübhəli hallarda avtomobili saxlayıb, sürücünü yoxlaya bilər, yəni, belə belə bir ixtiyarı va. Lakin kütləvi şəkildə insanları tutub alokoqol testlərindən keçirmək qeyri-qanunidir. Yol polisi qayda-qanunla hərəkət etməlidir. Çünki həmin aparatı 50 adam üfürər və bir-birini yolxudura bilər. Bu, tamamilə qeyri qanunidir”, - deyə professor vurğulayıb.

 

Həkim-infeksionist Mərdan Əliyev də AYNA-ya, xüsusi karantin rejimi hələ davam etdiyi üçün, maska, sosial məsafə və gigiyena qaydalarına mütləq şəkildə əməl edilməli olduğunu deyib: “Sərxoşluğu yoxlayan test aparatlarının başlıqları hər dəfə dəyişdirilmədiyi halda, çox ciddi virusa yoluxma meydana çıxa bilər. Buna görə də sürücülərin tam haqqı var ki, aparatların və ya başlıqlarının dəyişdirilməsini, yenisinin gətirilməsini tələb etsinlər. Bundan başqa, bu proses sosial məsafəyə əməl olunmaqla həyata keçirilməlidir”.

 

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə o fikirdədir ki, istənilən dövr ərzində təhlükəsizliyin təmin edilməsi vacib şərtdir: “Bunu da Dövlət Yol Polisi İdarəsinin əməkdaşları həyata keçirirlər. Yol polisinin də xidmətinə nəzarət edilir və qeyri-qanuni heç nə ola bilməz. Bu gün yol polisi alkotester və digər vasitələrlə sürücünün sərxoş olub-olmamasını yoxlayırsa, bu da qanunun tələbinə uyğundur. Lakin bununla bağlı şikayəti olanlar varsa, bizə müraciət etsinlər ki, biz də məsələyə aydınlıq gətirək”.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə