"Yalnız “Riigi Teataja”da eston dilində nəşr olunan hüquqi aktlar hüquqi qüvvəyə malik olacaq"
Estoniyanın Ədliyyə və Rəqəmsal Texnologiyalar Nazirliyi pula qənaət etmək üçün qanunları rus dilinə tərcümə etməyəcəyini açıqlayıb.
AYNA “Eurointegration.com.ua”ya istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə və rəqəmsal texnologiyalar naziri Lisi Pakosta deyib.
Onun sözlərinə görə, bu addım Estoniya hüquq qaydasının aydınlığına və qanunun fəaliyyətinə təsir etmədən pula qənaət edəcək.
"Yalnız “Riigi Teataja”da eston dilində nəşr olunan hüquqi aktlar hüquqi qüvvəyə malik olacaq", nazir qeyd edib.
Ədliyyə Nazirliyi mövcud qanunların təxminən yarısını - ümumilikdə 200-ə yaxın qanunu rus dilinə tərcümə edib və daim yeniləyir.
İndiyədək rus dilinə tərcümələrin yenilənməsinə ildə 12 900 avro xərclənirdi.
Rus dilinə tərcümə edilmiş qanunlar “Riigi Teatajada” və “Jurist aitab” portalında mövcud olacaq, lakin yenilənməyəcək.
Qanunların ingiliscə tərcümələri də “Riigi Teataja”da dərc olunur və daim yenilənir.
İngilis dilinə tərcümələrin məqsədi tərəfdaşlar və xarici investorlarla beynəlxalq əlaqəni dəstəkləmək üçün onları Estoniya hüdudlarından kənarda yaymaqdır.