Alen Simonyan: “Biz müzakirə etməliyik, başa düşməliyik ki, niyə getməliyik”
Ermənistanın Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilməyib. AYNA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib.
“Hələ belə bir qərar yoxdur. Biz müzakirə etməliyik, başa düşməliyik ki, niyə getməliyik, bu, Ermənistana nə verəcək, bizim maraqlarımız nədən ibarətdir, hansı səviyyədə iştirak edəcəyik? Hər halda, COP29-da iştiraka dəvət Azərbaycanın inhisarında deyil. Çünki bu, Azərbaycan tədbiri deyil, BMT-nin tədbiridir. Ermənistan BMT-nin üzvüdür. Yenə deyirəm, biz bunu müzakirə edib anlayacağıq”, - Simonyan qeyd edib.
Qeyd edək ki, noyabrın 11-dən 22-dək Bakıda COP29 keçiriləcək. Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistana COP29-da iştirak etmək üçün dəvət göndərildiyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda bəyan edib ki, Ermənistan Bakıda keçiriləcək konfransda iştirakla bağlı hələ qərar qəbul etməyib.